10 il əvvəl Bakı şəhərindəki dayanacaqlarda avtobusların gəlmə intervalını göstərən informasiya terminalları quraşdırıldı ki, sərnişinlər bu monitorlar vasitəsilə avtobusların neçə dəqiqədən bir dayanacağa yaxınlaşacağını rahatlıqla müşahidə edirdilər. Bu da onların işini xeyli asanlaşdırırdı.
Sonradan sözügedən monitorların fəaliyyəti Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ləğv olundu və beləliklə informasiya terminallarının fəaliyyəti də tarixə qovuşdu.
Ancaq həmin monitorlar dayanacaqlarda yenə də toz basmış asılı vəziyyətdə qalıb. İşlək olmayan monitorlar illərdir ki, aidiyyəti qurumlar tərəfindən nə götürülür, nə də işə salınır.
Vaxtilə informasiya vermək xüsusiyyəti baxımından əhəmiyyətli rola malik olan bu monitorların əvəzinə başqa informasiya terminalları da quraşdırılacaqdı. Yəni illər əvvəl Bakı Nəqliyyat Agentliyi işlək olmayan monitorların dayanacaqlardan yığışdırılacağı, əvəzində yeni və müasir informasiya lövhələrinin quraşdırılacağını bəyan etmişdi. Amma bu sahədə də işlər yarımçıq qaldı.
- “Bu monitorlar müasir texnologiya adı altında gətirilsə də, başqa ölkələrdə II və III dərəcəli avadanlıqlar kimi tanınır”
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, həmin monitorlar keçmiş Nəqliyyat Nazirliyi tərəfindən gətizdirilib: “Bu monitorlar müasir texnologiya adı altında gətirilsə də, başqa ölkələrdə II və III dərəcəli avadanlıqlar kimi tanınırdı. Bunun da əziyyətini vətəndaşlar çəkir. Çünki monitorlar işləmir və insanlara heç bir xidmət göstərmir. BNA-nın dövründə çalışdılar ki, yenidən təmir edib istifadəyə yararlı hala gətirsinlər. Lakin bu da heç bir işə yaramadı və ara yerdə milyonlarla vəsait havayı yerə xərcləndi. Bu sistemi təkmilləşdirmək üçün hər şeyə 0-dan başlamaq lazımdır. Ancaq bunun üçün də yenə vəsait lazımdır. O vəsait yığılarkən yeyintiyə, çirkin əməllərə yol verilmədən şəffaf şəkildə çalışsalar, məsələ öz həllini tapacaq”.
Günel CƏLİLOVA