Bu gün ölkəmizdə təhsildən yayınan uşaqların sayı çoxluq təşkil edir. Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, 1-ci sinfə qəbul olunan uşaqların sayı ilə 11-ci sinfi bitirən uşaqların arasında fərq çoxdur.
Yəni 1-ci sinfə qəbul olunan uşaqların bir qismi 11-ci sinfi bitirməkdən yayınır. Təhsildən yayınma halları tək qızlara yox, oğlanlara da aiddir.
Bəs bunun əsas səbəbi nədir? Bununla bağlı məktəbin və valideynlərin məsuliyyəti nə qədərdir?
- “Azərbaycanda təhsilin əlçatanlığı təmin olunub, təhsil icbaridir, dövlət pulsuz təhsil verir, dəsrliklərlə təmin edir, amma…”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanda bu kimi halların qarşısının alınması üçün icbari təhsil 9 illikdən 11 illiyə qaldırılmalıdır: “İlk növbədə qeyd edim ki, hazırda, ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Orta ümumtəhsil müəssisələrinə qəbul olunan şagirdlərlə bitirənlər arasında ciddi fərq var. Rəqəmlərə baxsaq, 2010-cu ildə orta ümumtəhsil məktəblərinin birinci sinfinə 170 min nəfər şagird gedibsə, bu o deməkdir ki, 2021-22-ci tədris ilində orta məktəbləri ən azı 100 min şagird bitirməlidir, amma biz görürük ki, orta məktəbləri həmin o 170 min nəfərdən cəmi 85 min nəfəri bitirə bilir. Bu da o deməkdir ki, onların yarıya qədəri təhsilin müxtəlif pillələrində təhsildən kənar qalırlar. Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbindən sadəcə 3300-ü 11 illikdir, 840 məktəb 9 illikdir, digərləri isə 4 illik ibtidai sinif məktəbləridir. Birinci qırılma nöqtəsi ibtidai məktəblərdən orta təhsilə keçiddə baş verir. İkinci qırılma 9-cu sinifdən sonra şagirdlərin kolleclərə və peşə məktəblərinə üz tutması, bir qisminin isə valideynlərinin köməkçi təsərrüfatında məşğul olmaları ilə baş verir. Təbii ki, ən ciddi azalmanı biz 9-cu sinifdə görürük. Hardasa 30 min nəfər şagird 1-ci sinifdən 9-cu sinfə qədər təhsil şəraitindən kənar qalır. Təəssüf ki, erkən nikaha cəlb olunma faktları da var. Digər tərəfdən, təkcə kənd yerlərində yox, eyni zamanda Bakıda belə valideynlər övladlarını müəyyən sinifdən sonra köməkçi təsərrüfatına və yaxud ictimai iaşə obyektlərinə iş prosesinə cəlb edirlər. Bu da təhsil prosesindən kənarda qalmağa səbəb olur. Təbii ki, bu sadalananlar insanların təhsilalma hüququnun məhdudlaşdırılmasıdır. Hətta xüsusi amansızlıqla törədilən cinayət faktlarında daha erkən yaşda təhsil prosesindən kənarda qalmış təhsilsiz və ya zəif təhsilli şəxslərin payı çoxdur, Bu da yaxşı hal deyil. Hesab edirəm ki, Azərbaycanda icbari təhsil 9 illikdən 11 illiyə qaldırılmalıdır. Digər tərəfdən, kolleclərdə təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququ vermək lazımdır. İnsanlar ən azı təhsil alsınlar. Ümumiyyətlə, Azərbaycanda ali təhsilli insanların sayı çox azdır. Azərbaycan əhalisinin sadəcə 17%-i ali təhsillidir ki, bu da kifayət qədər aşağı rəqəmdir. Cəmiyyətin ictimai, iqtisadi, sosial və mədəni inkişafını istəyiriksə, biz təhsilli, xüsusən də ali təhsilli insanların sayını artırmalıyıq. Azərbaycandə təhsilin əlçatanlığı təmin olunub, təhsil icbaridir, dövlət pulsuz təhsil verir, dəsrliklərlə təmin edir, amma çox təəssüf ki, məhz qeyd edilən səbəblərdən uşaqlar təhsildən kənar qalır”.
Günel CƏLİLOVA