Məlumdur ki, Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib. QMİ-nin yaydığı məlumata əsasən, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları (9 775 AZN) təşkil edir.
Qeyd etmək yerinə düşər ki, hər il Həcc ziyarəti öncəsi müxtəlif fikirlər səsləndirilir. Bir qrup adam deyir, o qədər pulu ziyarətə verməkdənsə, təhsilə yönəldin. İnanclı kəsim isə deyir, yox, Həcc ziyarəti vacibdir. Ancaq bu qədər pulu Həci adı almaqdan ötrü sərf etməkdənsə, imkansız aileyə yardım etmək, bir tələbənin təhsil haqqını qarşılamaq daha savab əməl sayılar.
- "Həccə getmək istəyən şəxsin 10 min manat pul xərcləməyə imkanı çatırsa, evsiz gənc ailəyə mənzil almaqda köməklik etsin"
Ilahiyyatçı Cəmşid Əliyev qeyd etdi ki, bu il Həccin qiyməti çox bahadır. Həcc bir ibadət formasıdır: “Həcc vacib buyrulan ziyarətdir. Kimin maddi imkanı varsa, canı sağlamdırsa ömründə bir dəfə Həcci ziyarət etməlidir kimi fikirlər yersizdir. Ziyarətə sərf olunan pul daha faydalı məqsədlər üçün də xərclənə bilər: “Gedənlərin bəziləri fikirləşir ki, il ərzində bu qədər günah edib rüşvət yemişəm, 5-6 min dollardan keçib yenidən öz işimə davam edim. Bəzi yazıqlar da qəpik-qəpik topladıqları pulu sərf edirlər. Quranda deyilir ki, Həcc ziyarətinə gücü çatanlar getsinlər. Gücün çatırsa get. Yoxsa qəpik-qəpik yığ ki, Həccə gedəcəm? Oranı görəndə nə olur?”.
Ilahiyyatçının sözlərinə görə, günlərlə oteldə qalıb, turist kimi gedib-gələnlər başlayırlar ki, Hacı oldum. Peyğəmbər ömür boyu orada yaşayıb, bircə dəfə Həccə gedib: “Bizimkilər dəfələrlə ziyarətə getməklə, sanki peyğəmbərdən üstün olduqlarını göstərməyə çalışırlar. Bunun adı yoxdur. Ondansa aztəminatlı ailələrə kömək etsinlər. Əgər Həccə getmək istəyən şəxsin 10 min manat pul xərcləməyə imkanı çatırsa evsiz gənc ailəyə mənzil almaqda köməklik etsin. O qədər ehtiyacı olan ailələr var ki. Həmin insanlara kömək etmək ziyarətə getməkdən qat-qat üstündür”.
Günel CƏLİLOVA