Azərbaycanda alim adı alanların arasında dissertasiyaları saxta olanların olduğu barədə indiyədək iddialar səslənsə də, artıq bu fakt rəsmi şəkildə öz təsdiqini tapıb.
Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev AMEA-nın Ümumi yığıncağında deyib ki, elmi işlərin müdafiəsi zamanı 80-ə yaxını plagiat halı aşkarlanıb: “Bəzən müdafiə edən şəxsin müdafiə etdiyi elm sahəsi haqqında elementar biliklərə sahib olmadığı görülür. Bu, həmin müəssislərdə bu işin hansı səviyyədə təşkil olunduğunu göstərir. Bu vaxta qədər həmin müəssisələr və şəxslərin adı etik qaydalar çərçivəsində açıqlanmırdı. Amma gələcəkdə komissiyanın adına xələl gətirən belə müəssisə və şəxslərin adları rəsmi saytda açıqlana bilər”.
Ekspertlərin sözlərinə görə, bu gün saxta yollarla elmi dərəcə, elmi ad alanlar coxdur. Bu baxımdan, AAK sədri konkret ad çəkməlidir ki, filankəsin elmi adı ləğv olundu, elmi rəhbəri filankəs idi, filan mövzuda yazmışdı. Bu başqalarına da ciddi dərs olardı.
- “Plagiatlıqla məşğul olan alimlərin adı cəmiyyətə açıqlanmalıdır, ən azından onun işlədiyi şöbəyə və ya müəssisəyə…”
Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, saxta yolla elmi ad alanların adı açıqlanmalıdır: “Həmin şəxslərin adını ona görə açıqlamırlar ki, onun cəmiyyətdə nüfuzu düşər. Ancaq o şəxs real alim olmaq yolunda addımlayırsa, kimliyi açıqlanmalıdır ki, standartlardan kənar işlə məşğul olub”.
Həmsöhbətimiz hesab edir ki, plagiatlığın hansı səviyyədə, meyarda olması da açıqlanmalıdır. Ancaq bunun tam standartları bəlli deyil. Humanitar sahələrdə bəzən istinadlar verilir: “İstinadların özü də plagiat sayılır. Əslində bu konkret fikirlərdir. İstinad bir elmi məqalənin, elmi işin içində müəyyən hissəsini tutursa bu hal plagiat sayılır. Texniki sahələrdə konkret düsturlar, elmi fikirlər olur. Qeyd etdiyim kimi, humanitar sahədə bədii əsərlərdən götürülmüş fikirlər, istinadlar plagiatlatlığa xidmət edir. Ümumiyyətlə, plagiatlıqla məşğul olan alimlərin adı cəmiyyətə açıqlanmalıdır. Ən azından onun işlədiyi şöbəyə və ya müəssisəyə həmin şəxslərin kimliyi açıqlanmalıdır”.
V.Ağabəyli onu da əlavə etdi ki, plagiatlıqdan da pis hallar var, elmi işi tam şəkildə başqa bir adama yazdırmaq: “Müəllif başqasının yazdığı işi öz işi kimi təqdim edir, müdafiə edir və elmi dərəcəsini alır. Bu, plagiatlıqdan da ağır bir haldır. Bu məsələyə də diqqət edilməlidir”.
Günel CƏLİLOVA