Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Zirvə görüşünün nəticələrinə dair liderlərin birgə bəyannaməsi yayılıb. 16 bənddən ibarət Ankara Bəyannaməsində Zirvə görüşünün TDT üçün faydalı olacağı vurğulanıb.
Bəyannamədə bir sıra məsələlərlə yanaşı, belə bir məqam da öz əksini tapıb: “Respublikanın yaradılmasının yüzilliyi və Türkiyə xarici siyasət xidmətinin əsasının qoyulmasının beş yüzilliyi münasibətilə Türkiyə Respublikasını təbrik etmək”.
Türkiyə Respublikasının 100 illiyi deyilərkən burada söhbət 1923-cü ilin 29 oktyabrında Cümhuriyyətin elan olunmasından gedir.
Maraqlıdır, bəs “Türkiyə xarici siyasət xidmətinin əsasının qoyulmasının beş yüzilliyi” deyilərkən hansı tarixə işarə olunur və bu nə deməkdir? Bu, hansı tarixdən başlayır?
- “Görünür, xarici siyasət xidmətinin əsasının qoyulması bununla xarakterizə edilir”
Sözügedən məsələyə aydınlıq gətirən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli hesab edir ki, burada Osmanlı imperiyasına rəhbərlik etmiş Sultan Süleyman Qanuninin hakimiyyət illərinə (1520-1566) işarədən söhbət gedir: “Çox güman ki, 1523-cü ildə Osmanlı imperiyasında bununla bağlı qəbul olunan hansısa sənədə əsasən belə yanaşma sərgilənir. Nəzərə almaq lazımdır ki, Osmanlı qurulandan sonra xarici siyasət prioritet olub. İstər Bizans imperiyası, istərsə də digər dövlətlərlə münasibətlərin qurulmasında xarici siyasətə önəm verilib. Ancaq məsələnin digər tərəfi onunla bağlıdır ki, Osmanlı imperiyasının güclənməsi daha çox Sultan Süleymanın hakimiyyəti dönəmində olub. Görünür, xarici siyasət xidmətinin əsasının qoyulması bununla xarakterizə edilir. Süleymanın dönəmində Avropa ölkələri ilə aparılan müharibələr, əldə edilən uğurlar imperiyanın güclənməsində mühüm rol oynayıb. O vaxt Osmanlı imperiyasının bir sıra dövlətlərlə, imperiyalarla münasibətləri yüksək səviyyədə idi. Bir sıra müqavilələr bağlanıb. Osmanlı imperiyası güclü olduğu üçün onunla hesablaşırdılar. Həmin illərdə Osmanlı imperiyasının xarici siyasəti Avropada daha keçərli idi. Ümumilikdə, türk dövlətçilik tarixi hunlarla başlayır. Ancaq Sultan Süleyman Qanuninin dönəmində xarici siyasət daha yüksək səviyyədə idi. O dönəmdə bağlanan müqavilələr, Osmanlının güclü olması, Avropada sözünü keçirməyi bacarması və s. bunlar xüsusi yerə malikdir. Bu məntiqlə çıxış etsək, 500 ildən bəhs etmək olar. Digər tarixi aspektlərdən yanaşanda isə Osmanlının xarici siyasəti daha əvvəllərə gedir”.
Vidadi ORDAHALLI