Ermənistan müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyinin bölmə komandanlarına “Arstax respublikası” ifadəsini işlətməyi qadağan edib. Bu barədə erməni mediası yazıb.
Məlumata görə, bununla bağlı Papikyan xüsusi əmr imzalayıb:
“Təcili olaraq leksikondan “Artsax respublikası” ifadəsi yığışdırılsın, əvəzinə yalnız “Dağlıq Qarabağ” ifadəsi işlədilsin”.
Əslində heç “Dağlıq Qarabağ” adlı ərazi də yoxdur. Maraqlıdır, Ermənistan niyə məhz Artsax adından imtina etmək qərarına gəlib?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində Ermənistan bu addan çoxdan imtina edib: “Biz çox nadir hallarda Ermənistan rəzmilərinin dilindən belə ifadəni eşidirdik. Bunu əsasən media və müxalif qüvvələr edirdi. Bir müddət əvvəl də bu istiqamətdə müəyyən cəhdlər olub, ancaq ortada heç bir nəticə olmayıb. Ermənistan parlamenti sentyabrın 13-də müxalif Hayastan fraksiyasının “xarici əlaqələr” komissiyasının adının dəyişdirilərək “xarici əlaqələr və Artsax məsələləri” üzrə komissiya edilməsi barədə təklifini qəbul etmədi. Həmin komissiyanın sədri bildirdi ki, komissiyanın adının dəyişdirilməsi Ermənistan və “Dağlıq Qarabağ”ın qarşısında dayanan problemləri həll etmir.
Mövcud reallıqları qəbul etməyə başlayıblar. Necə deyərlər, əlavə problem istəmirlər. Güya “Artsax” ifadəsini işlətsəydilər nə qazanacaqdılar? Üstəlik də bilirlər ki, belə bir adın qəbulu müharibəyə bərabərdi. Paşinyan öz cəmiyyətinin nəbzini yoxlayıb. Görüb ki, onlar müharibə istəmir. Belə olan təqdirdə, niyə yenidən müharibə ritorikasına qayıtsın? Belə bir vəziyyətdə Ermənistanın həmin adı qəbul etməsinin yalnız ziyanı ola biləcəyini düz hesablayıblar. Bilirlər ki, bu həm Ermənistana ziyandır, həm də Paşinyanın rəhbərlik etdiyi partiyanın hakimiyyətdən getməsinə şərait yarda bilər. Anlayırlar ki, belə olacağı təqdirdə Azərbaycan yenə yumruğunu işə sala bilər. Ancaq bu heç də o anlama gəlmir ki, ermənilər Qarabağdan əl çəkməkdə səmimidirlər. Onların Konstitusiyasında müddəa var ki, Qarabağ və Türkiyənin bəzi ərazilərini özlərinki kimi qəbul edirlər. Həmin bəndləri bugünə qədər də çıxarmayıblar. Ermənistan güclənərsə, yenə həmin iddiaları dəstəkləyəcəklər. Bunu biz bilirik. Onlar Konstitusiyanı dəyişib, Türkiyə və bizimlə açılıma gedərlərsə, Zəngəzur dəhlizinin fəaliyyətinə mane olmazlarsa, onda bir az da olsa səmimiyyətlərinə inanmaq olar. İndiki zamanda isə onları buna mövcud real şərtlər məcbur edir”.
Ekspertin sözlərinə görə, Ermənistan bununla sübut edir ki, yenə də “Dağlıq Qarabağ” iddiasından əl çəkmir: “Onlar separatçıllğa başlayanda da “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsini tələb edirdilər. “Artsax” ifadəsi sonradan meydana çıxdı. Ermənista işğal dönəmində belə Qarabağın “müstəqilliyini” tanımağa cürət etmədi. Bunu onlardan həm də Rusiya tələb edir. Ermənistan və ümumdünya erməni lobbisi uzun illər məhz Qarabağı erməni yalanları çərçivəsində legitimləşdirmək üçün müəyyən qeyri-siyasi şoulardan istifadə edib. Bunu beynəlxalq səviyyədə separatizmin legitimləşdirilməsinə cəhdlər adlandırmaq olar.
Ancaq bunların heç bir nəticə vermədiyi qənaəti yarandı. Ermənilər tək sözdə yox, həm də əməldə separatizmdən əl çəkməlidirlər. Bilməlidirlər ki, belə addımların heç bir faydası gələcəkdə də olmayacaq. Bundan əl çəkməsələr, Azərbaycan məcburi qaydada atacağı addımlarla öz suverenitetini bütün ərazisində təmin edəcək”.
Məhəmmədəli QƏRİBLİ