Azərbaycan-Türkiyə birgə media platforması və media azadlığının inkişafı...

17 Mart 2023 16:38 (UTC+04:00)

Çağdaş Azərbaycan mediasının kifayət qədər peşəkar olduğu məlumdur. Bizim media dünyanın çağırışlarına cavab vermək üçün daha sürətli inkişaf yolu seçir və islahatlardan adlayır. Bu gün bu sahədə dərin interqasiya prosesi yaşandığının şahidiyik.

Xüsusən də son dövrlər Azərbaycan mediası bu istiqamətdə daha böyük addımlar atıb. Heç şübhəsiz ki, bu məsələdə türk dünyası amilinin də öz rolu var.  Azərbaycanın türk dövlətləri ilə media sahəsində əməkdaşlığı və inteqrasiyanı dərinləşdirməsi bir gerçəklikdir. Qeyd etməliyik ki, rəsmilərə görə, ölkələrimizin müvafiq strukturları, media qurumları və təşkilatları arasında onlarla memorandum imzalanıb, çoxsaylı müxtəlif konfrans və tədbirlər, qarşılıqlı təcrübə mübadiləsi səfərləri təşkil olunub və olunmaqdadır.

Bildirək ki, Azərbaycan və qardaş Türkiyə arasında da media sahəsində çoxəhatəli əməkdaşlıq mövcuddur. Onu da vurulamaq yerinə düşərdi ki,  Azərbaycan-Türkiyə birgə media platformasının yaradılması tarixi zərurət idi və 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılıb, fəaliyyətə başlayıb. Ekspertlər əvvəlcədən hesab edirdilər ki, Türkiyə-Azərbaycan Media Platformasının yaradılması olduqca strateji əhəmiyyətli bir qərardır və bunun bütün mənalarda böyük əhəmiyyəti var. Xüsusən də, 44 günlük müharibədən sonra bu platformanın yaradılması və işə salınması qarşımızda çox böyük imkanlar açıb.

Qeyd edək ki, 2021-ci il fevralın 1-də Milli Məclisin iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunu və qəbul edilib.

Sənəddə vurğulanırdı ki, Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması kimi üsullarla həyata keçiriləcək. Bu artıq öz həllini tapıb, bu istiqamətdə konkret işlər də görülür, addımlar atılır.

Bu istiqamətdə proseslər getdiyi zaman mətbuatda qeyd edilirdi ki, Türkiyə-Azərbaycan Media Platformasının yaradılması olduqca strateji əhəmiyyətli bir qərardır və hər iki dövlətin, əslində isə bir millətin maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb. Bu platforma çərçivəsində çox geniş fikir, təcrübə mübadiləsi aparmaq, mümkündür. Həm də, Türkiyə və Azərbaycanın öndə gələn media qurumları arasında əlaqələrin inkişafı ölkələrimizdə baş verən proseslərə daha operativ reaksiya vermək, cəmiyyətimizi dolğun məlumatlandırmaq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, beynəlxalq münasibətlərdə və ikitərəfli münasibətlərdə medianın rolu olduqca vacibdir, çünki, media ictimai rəyə birbaşa təsir edən, onu formalaşdıran və istiqamətləndirən rola sahibdir. Bu fikirlər də mediada əksini tapıb.

Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradıldıqdan sonra ötən dövr ərzində ortaq platforma çərçivəsində nə kimi işlər görülüb? Bu platforma yaradıldı, bu gun bu sahədə nə kimi fəaliyyətlər var?

Azərbaycan-Türkiyə birgə media platformasının faydaları nədir? Bu, inteqrasiyanın dərinləşməsində nə kimi rol oynayır?

Tanınmış media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanla Türkiyə  media təşkilatları forumunun fəaliyyətinə baxanda iki istiqamət xüsusilə görükür: “Bu istiqamətlərdən biri türk dövlətlərinin, türk xalqlarının yaxınlaşması prosesinə dəstək verməkdən ibarətdir. Bu qəbul edilmiş haldır ki, xalqların inteqrasiya etməsi, mədəni, mənəvi yaxınlaşması baxımından vətəndaş cəmiyyəti institutlarının, o cümlədən medianın rolu böyükdür. Hesab edirəm ki, vahid platformada təmsil olunmaların bu işin koordinasiya edilmiş şəkildə həyata keçirilməsinə, türk xalqlarının daha da inteqrasiya etməsinə təkan verir. Türk media təşkilatları platformasında ikinci istiqamət kimi isə lazımı anlarda bir-birinə informasiya dəstəyinin verilməsidir ki, biz bu sahədə də ciddi nailiyyətlərin şahidi olmuşuq. Məsələn, İkinci Qarabağ Müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana verdiyi dəstək, yaxud Türkiyədə zəlzələ baş verən anda Azərbaycan media təşkilatlarının buna yanaşmasının, necə uğurlu bir iş ortaya qoymasının hamımız şahidi olduq. Bu platforma ümumilikdə uğurlu alınıb. Uğurlu alındığına görə də, görürük ki, bu platforma genişləndirilərək Türk Dövlətləri Təşkilatının media platforması səviyyəsinə qalxıb. Yəni əgər Azərbaycan-Türkiyə Birgə  Media Platforması iki ölkənin media fəaliyyətini koordinasiya edilməsini nəzərdə tutursa, Türk Dövlətlər Təşkilatın media platforması-media forumu isə daha geniş arenanı əhatə edir. Burada  bütün türk dövlətlərinin media qurumlarının inteqrasiya edilmiş fəaliyyətinin nəticələrini görürük”.

M.Ələsgərlinin sözlərinə görə, bu baxımdan türk dövlətlərin də media qurumlarının həm ikitərəfli əməkdaşlığı, həm də ümumilikdə türk dövlətləri çərçivəsində media platformalarında fəaliyyət göstərmələri bütün istiqamətlərdə müsbət nəticə verməkdədir. “Diqqət etsək görərik ki, bu zaman kəsiyində Türkiyə Azərbaycan televiziyalarının ortaq yayımlar verməsi, lazımı anlarda informasiya mübadiləsinin həyata keçirilməsi, bir-birinə informasiya savaşında kənar güclərə cavab verilməsi məsələsində kifayət qədər uğurlu fəaliyyət ortaya qoyub. Sevindirici haldır, hamımızın bir neçə illərdir arzuladığımız türk dövlətləri arasında inteqrasiya prosesi sürətlə gedir. Elə son olaraq martın 16-da Türkiyədə Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlət başçılarının zirvə görüşünün keçirilməsi və Türkiyəyə dəstəyin ifadə olunması gələcək fəaliyyətin daha sıx inteqrasiya, koordinasiya edilmiş halda davam etməsi üçün müəyyən mexanizmlərin yaradılması onu göstərir ki, türk dövlətləri arasında inteqrasiya prosesi çox ciddi perspektivə hesablanıbdır, bu işin uğurlu nəticələri olacaqdır. Bu uğurların əldə edilməsində təbii ki, bizim vətəndaş cəmiyyəti institutlarının, o cümlədən, medanın ciddi rolu vardır. Hesab edirik ki, bu media platforması bu istiqamətdə fəaliyyətin koordinasiya edilməsində öz töhfələrini verir”-deyə M.Ələsgərli qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.