“Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və köçkünlərin təhlükəsiz qayıdışına mane olur”. Bu barədə ABŞ səfirliyinin yaydığı məlumatda deyilir.
ABŞ səfirliyi Ağdamda mina partlayışı nəticəsində həlak olanların ailəsinə başsağlığı verir. Qeyd edilir ki, münaqişə rayonunda minalar və partlamamış hərbi sursatlar dinc sakinləri öldürməyə və şikəst qoymağa davam edir: “Regionda sülhə və əməkdaşlığa kömək etmək məqsədilə ABŞ 2021-ci ilin noyabrından münaqişə rayonlarında humanitar minatəmizləmə işlərinə 2,5 milyon dollar vəsait ayırıb".
Bildirək ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. Səfirliyin prosesə bu cür reaksiya verməsi hadisəyə necə təsir edəcək?
- “Bugünə qədər haqqın, ədalətin, beynəlxalq hüququn yanında yer almayan dünya birliyi mina məsələsində Azərhaycana doğru-dürüst köməklik göstərmir”
Siyasi şərhçi Tural İsmayılov bizimlə söhbətində qeyd etdi ki, Qarabağın minalarla çirkləndirilməsi çox böyük bir problemdir. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terrorunun növbəti acı təzahürünü özündə ehtiva edir: “Təəssüflər olsun ki, bugünə qədər haqqın, ədalətin, beynəlxalq hüququn yanında yer almayan dünya birliyi mina məsələsində Azərbaycana doğru-dürüst köməklik göstərmir. Dünya səviyyəsində mina terroruna adekvat qiymət verilmir. Dəfələrlə Vaşinqtonun müxtəlif rəsmiləri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Rusiyanın yetkili şəxsləri Ermənistana mina terroru ilə bağlı çağırışlar etsə də, təəssüf ki, bu terror layiqli cavabını almayıb. Danılmaz faktdır ki, bu gün Azərbaycan öz hesabına minalanmış ərazilərdə təmizlənmə işləri aparır”.
Həmsöhbətimiz hesab edir ki, ABŞ-ın Qarabağın minalanmış ərazilərlə bağlı açıqlaması təqdirediləndir. Ancaq biz bu mövzu ilə bağlı ABŞ tərəfindən Ermənistana ciddi təzyiqlərin edilmədiyini də müşahidə edirik: “Bundan sonra da erməni lobbisinin ABŞ konqresində bu qədər güclü mövqelərə malik olduğu bir dövrdə ABŞ-ın Ermənistana qarşı sərt çağırışlar və sanksiyalar tətbiq edəcəyini düşünmürəm. Ancaq beynəlxalq hüquq və ədalət prizmasından yanaşılsa, Ermənistan mina terroruna görə cavab verməlidir”.
Günel CƏLİLOVA