Cənub qonşumuzda hadisələrin inkişaf axarı, yenidən geniş vüsət almağa başlayan xalq etirazları ilə bağlı durum getdikcə daha maraqlı xarakter almağa başlayır. Bu dəfə etirazların əsas ünvanı qismində Cənubi Azərbaycan şəhərlərinin ön plana çıxması da özünü qabarıq büruzə verir.
Son məlumatlara əsasən, İranda etirazçılar Novruz bayramından əvvəl gələn sonuncu çərşənbə fonunda küçələrə çıxaraq yeni aksiyaya başlayıblar.
İranda “Çərşənbe Suri” adlanan gün Azərbaycanda daha əvvəl keçirilən “Od çərşənbəsinin” ekvivalentidir. Tehranın Ekbatan məhəlləsində etirazçılar martın 14-də yenə də “Diktatora ölüm!” və “Mübarizə davam edir!” şüarları səsləndiriblər. Paytaxtın Ekbatan məhəlləsi son altı ayda antihökumət etirazlarının episentri olub. Burada bir neçə gün bundan əvvəl sosial medialarda yayılmış videoda 5 qız hicabsız rəqs edirdi. Bu video o qədər populyarlaşıb ki, ölkənin müxtəlif yerlərində eyni mahnının sədaları altında rəqs edən başqa qızların videoları yayılıb. Bir çoxları qızların bu hərəkətini “təhlükəli itaətsizlik aktı” kimi qiymətləndirir. Tehranın Səttarxan və Tehran Pars məhəllələrində də buna bənzər videolar çəkilib. Yeni videolarda ali dini rəhbər ayətüulah Əli Xamneyi və prezident İbrahim Rəisinin doğulduğu Məşhəd şəhərində keçirilən antihökumət etirazları görünür. Kürdüstan ostanının Sənəndəc şəhərində cavanlar toplaşaraq böyük tonqal qalayaraq antihökumət şuraları səsləndiriblər. İranın qərbindəki Kamyaran şəhərində isə etirazçılar maşın təkərlərinə od vuraraq mərkəzi küçələri bağlayıblar. Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri rejim üçün ən böyük həyəcan sayılır. Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər. Belə bir vaxtda digər məlumata görə, Telekommunikasiya Şirkətinin təqaüdçüləri də Cənubi Azərbaycanın müxtəlif şəhərlərində ölkənin digər şəhərləri ilə eyni vaxta piket keçiriblər. Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində İran Telekommunikasiya Şirkətinin bir sıra təqaüdçüləri sinif tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq toplaşıb şüarlar səsləndiriblər. Piketlər Güney Azərbaycanının Təbriz, Urmiyə, Ərdəbil və Zəncan şəhərlərinin Telekommunikasiya Şirkətinin binaları qarşısında keçirilib. İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri İsfahan, Tehran və Xuzistan da daxil olmaqla, İranın ən azı 13 vilayətində də etiraz aksiyaları keçiriblər. Bundan əvvəl keçən fevral ayında Təbrizdə təqaüdçülər valilik binası qarşısında etiraz aksiyasına toplaşmışdılar. Məişət problemlərinin artması və dövlət qurumlarının onların problemlərini həll etməməsi ilə əlaqədar təqaüdçülər növbəti dəfə tələblərinin yerinə yetirilməsini tələb etmək məqsədilə piket keçiriblər. İranda inflyasiya və iqtisadiyyatın zəifləməsi pensiyaçıların məişət problemlərinin artmasına səbəb olub. Zaman-zaman aksiya keçirən təqaüdçülər rəsmilərin verdiyi vədlərin yerinə yetirilməməsinə etiraz edirlər.
Cənubi Azərbaycanda soydaşlarımızı narazı salan daha bir məsələ İran rejiminin hələ də ölkəmizə düşmən münasibət bəsləməsi və siyasətini də məhz bu əsasda qurmasıdır. Rejim Azərbaycan daxilində casus şəbəkəsini də xüsusi olaraq fəallaşdırmağa çalışır. Elə bu günlərdə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb. Onlar “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycanın mövcud Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar ediblər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrıseçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Şəbəkənin arxasında dayanan əsas dövlət də məhz İrandır. Bundan başqa, elə bu günlərdə İrana məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca Zəngilan rayonundan Biləsuvar rayonuna qədər və əks istiqamətdə fasiləsiz uçuş keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 kilometr məsafədə, bəzi sahələrdə isə dövlət sərhədinin səması üzərində uçub. Ölkəmiz bununla bağlı qarşı tərəfə artıq etiraz notası təqdim edib. Qeyd edək ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra regiondakı bütün dövlətlərlə mehriban qonşuluq münasibətləri prinsipinə daim riayət edib. Bura İran da aid olub. Lakin Tehran əvəzində düşmənçilik siyasətinə başlayıb. Amma Tehranda yaxşı bilirlər ki, Azərbaycanın müasir ordusu var, bu ordu öz gücünü döyüş meydanında göstərib. Eləcə də İranda onu da başa düşməlidirlər ki, dünyada qüdrətli ölkələrin çoxu Azərbaycanın yanında yer alır. Ən əsası, İran adlanan ərazidə yaşayan soydaşlarımız Azərbaycana qarşı istənilən təcavüzə də sipər olmağa hazırdırlar. Hətta onlar yeni inqilaba da hazırlıqlı vəziyyətdədirlər.
Tahir TAĞIYEV