Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq. Bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Mərkəzi Kommunikasiyalar Xidmətinin brifinqində bildirib.
O qeyd edib ki, hazırda ölkədən neftin ixracı bir neçə mühüm istiqamət üzrə həyata keçirilir: “Bu sıraya Rusiyadan keçən istiqamətlər də daxildir. Xəzər boru kəməri konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri də mövcuddur. Bu ildən Aktau-Bakı marşrutu üzrə də nəqlə başlanılacaq. Yəni neft Azərbaycan vasitəsilə daşınacaq”. Roman Vasilenko xatırladıb ki, Qazaxıstan nefti təkcə Şərq-Qərb deyil, Şimal-Cənub istiqamətində də nəql olunur. Bundan əvvəl “Xarici Siyasət Araşdırmaları İnstitutu” Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Amangəldi Tajenov bəyan edib ki, Aktau-Bakı marşrutunun işə salınması ilə Qazaxıstan üçün enerjidaşıyıcılarının Avropa İttifaqına tədarükçüsü qismində əlavə imkanlar açılacaq. Hazırda Azərbaycan üzərindən Qazaxıstan neftinin düny bazarlarına çıxarılması ən sərfəli marşrutlardan biri hesab edilir. Qazaxıstanın isə alternativ marşruta ehtiyacı yüksəkdir. Məsələ bundadır ki, sözügedən ölkə neft hasilatını artırır. Bu fonda bəllidir ki, Qazaxıstan 2026-cı ilə qədər öz neftinin Azərbaycan ərazisindən ixracını 15 milyon tona çatdırmağı planlaşdırır. Ölkənin energetika naziri Aset Maqayovun sözlərinə görə, tədarükü mərhələli şəkildə - bu ilin sonuna qədər 6,5 milyon tona, daha sonra - 2025-ci ilin sonuna qədər isə 15 milyon tona qədər artırmaq planlaşdırılır. Azərbaycan istiqamətində neft tədarükünün inkişaf etdirilməsi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupu yaradılıb. Aktau-Bakı xətti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissələrindən biridir. Qazaxıstan son dövrlərdə dəfələrlə neftin ixrac marşrutlarını şaxələndirmək planlarını açıqlayıb, onun üçün prioritet Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan ərazisindən keçən istiqamətdir. Eyni zamanda, əsas sual belə həcmlərdə neftin ixracı üçün marşrutun hazır olması, xüsusən də liman infrastrukturunun və tanker donanmasının "qara qızıl"ın daşınmasına nə dərəcədə imkan verəcəyidir. Qazaxstanlı iqtisadçı və Qazaxıstan Mərkəzinin Enerji Aspektləri Mərkəzinin direktoru Almaz Abildayevin sözlərinə görə, Qazaxıstan özünün çoxvektorlu siyasətində həmişə alıcılar üçün müxtəlif tədarük istiqamətləri və marşrutlarının olması planına əməl edir: "Qazaxıstan və Azərbaycan liderləri arasında siyasi səviyyədə müəyyən razılaşmalar əldə olunub. İnfrastrukturla bağlı razılaşmaların həyata keçirilməsi qalır". Qazaxıstanlı ekspertin sözlərinə görə, ölkədə “qara qızıl” hasilatının artması fonunda Qazaxıstandan neft ixracı marşrutunun şaxələndirilməsi məsələsi çox vacibdir. Qazaxıstanın Energetika Nazirliyi 2023-cü ildə respublikada neft hasilatının 90,5 milyon ton təşkil edəcəyini gözləyir ki, bunun da 71 milyonunun ixracı planlaşdırılır. Xatırladaq ki, Qazaxıstanda 2022-ci ildə neft hasilatının həcmi 84,2 milyon ton və ya nəzərdə tutulan göstəricinin 101,6%-ni təşkil edib. Transxəzər marşrutu və limanlarının nəqliyyat imkanlarının genişləndirilməsi üçün xarici investisiyaların cəlb edilməsi məqsədi ilə həm Azərbaycan, həm də Qazaxıstan ərazisində işlər aparılır. Belə ki, Qazaxıstanın "KazMunayQaz" şirkəti və BƏƏ-nin liman logistika operatoru olan “Abu Dhabi Ports Company” Xəzər və Qara dənizlərdə dəniz donanmasının və sahil infrastrukturunun inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında razılığa gəliblər. Saziş çərçivəsində Xəzər dənizində neft-qaz layihələri üçün dəniz xidmətlərinin göstərilməsindən ötrü Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında birgə müəssisə yaradılacaq. Bundan əlavə, tərəflər Qazaxıstan neftinin Aktau limanı vasitəsilə Azərbaycan istiqamətində ixracı üçün alternativ marşrutların inkişafını nəzərə alaraq Xəzər dənizində dəniz layihələrini dəstəkləmək üçün donanma, eləcə də tanker donanması yaradacaqlar. Avropa İttifaqı da Transxəzər marşrutunun genişləndirilməsinə sərmayə qoymağı planlaşdırır.
Qazaxıstan 2025-ci ilə qədər Transxəzər marşrutunun inkişafına 20 milyard dollar investisiya cəlb etmək niyyətindədir. Azərbaycan, həmçinin, Transxəzər marşrutu çərçivəsində Bakı limanının və xüsusilə Dübəndi neft terminalının imkanlarının genişləndirilməsi üzərində işləyir. Son illər görülən işlər nəticəsində 2021-ci ildə Dübəndi terminalı vasitəsilə tədarük olunan neft və neft məhsullarının həcmi 2020-ci illə müqayisədə 2,3 dəfə artaraq 1,1 milyon tonu ötüb. Bundan başqa, Azərbaycan Xəzərdə ən byük donanmaya malik ölkədir. Azərbaycan prezidenti İlham Əliyev bu iin yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında qeyd edib ki, Azərbaycan Xəzər dənizində 53 gəmidən ibarət ən böyük donanmaya malikdir. Bununla yanaşı,Azərbaycan donanmasına hər il yeni gəmilərdaxil edir.Araşdırmalar da göstərir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Son 20 ildə ölkəmiz tranzit potensialının reallaşdırılması istiqamətində də genişmiqyaslı layihələr gerçəkləşdirilib, o cümlədən, Avropa–Qafqaz–Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalı istifadəyə verilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin respublikamızdan keçən hissəsində bu önəmli infrastrukturların səmərəliliyini artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. Bu məqamda xatırlatmaq yerinə düşər ki, son illərdə ən yeni texnoloji standartlara uyğun inşa edilən gəmiqayırma zavodunun işə salınması, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) donanmasında gəmilərin sayının getdikcə artırılması istiqamətində görülən tədbirlər də xüsusi yer tutur. Qeyd edək ki, hazırda Xəzər hövzəsində respublikamıza məxsus ən böyük mülki donanma ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da iqtisadi inkişafda xüsusi əhəmiyyətə malikdir. Gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı gəmiqayırma zavodunun imkanları isə daha çox diqqət çəkir. Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir. Bunlar Qazaxıstanın da diqqətindən yayınmır. Qazaxıstan neftinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə tədarüklər çərçivəsində ixracı həm də mövcud Azərbaycan neft kəmərləri vasitəsilə həyata keçirilə bilər. Belə ki, Qazaxıstanın neft ixracının şaxələndirilməsi üzrə hazırlanmış xüsusi Yol Xəritəsinə əsasən, Aktau limanından Bakıya və oradan Bakı-Tiflis-Ceyhan istiqamətində neft kəməri ilə marşrut mühüm istiqamətdir. Bundan əlavə, neft Bakı limanı vasitəsilə Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər. Azərbaycan bütün şəraiti yaratmağa hazırdır.
Ramil QULİYEV