Ev çatışmazlığı Azərbaycanda hələ də əhalinin üzləşdiyi əsas məsələlərdən biridir. Azərbaycanda əhalinin hər min nəfərinə təxminən 220-yə qədər mənzil düşür. İnkişaf etmiş ölkələrlə müqayisədə bu, o qədər də yüksək göstərici deyil. Avropa ölkələrində hər 1000 nəfərə düşən mənzil sayı 500-ə yaxındır. Ukrayna, Rusiya, Belarus kimi postsovet ölkələrində bu göstərici 400-ü aşır.
Azərbaycanda hər min nəfərə düşən yaşayış sahəsi də azdır. Rəsmi rəqəmlərə görə, ölkədə ortalama hər sakinə təxminən 16 kvadratmetr mənzil sahəsi düşür. Ölkələr üzrə adambaşına düşən yaşayış sahəsi fərqlənir. Məsələn, ABŞ-da adambaşına düşən orta mənzil sahəsi 75, Almaniyada 45, Çində 30, Rusiyada 22, Türkiyədə 18, Nigeriyada isə 6 kvadratmetrdir. Ölkədə daşınmaz əmlak qiymətləri əhalinin böyük hissəsinin gəlirinə uyğun deyil. Elə bu üzdən bir çoxları uzun illər kirayədə yaşamağa məcbur qalır. Dünyanın bir çox ölkəsində hökumətlər insanların ev problemini çözməkdən ötrü müxtəlif mexanizmlərdən faydalanırlar. Bunların arasında ən çox yayılan ipoteka kreditləridir. Ancaq Dövlət İpoteka Fondunun ötən ilin yekunlarına dair açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycanda ipoteka kreditləri də əhalinin yalnız kiçik bir bölümünün mənzil problemini çözə bilir. Ölkədə ipoteka kreditlərinin verilməsinə 2006-cı ildə başlanılıb. İpoteka və Kredit Zəmanət Fondunun verdiyi bilgiyə görə, o vaxtdan 2023-cü ilədək Azərbaycanda toplam 42 min 273 ipoteka krediti verilib. Deməli, fond fəaliyyətdə olduğu müddətdə hər il ortalama 2 min 500 ipoteka krediti verib. Bu, ölkə əhalisinin hər il daşınmaz əmlaka yaranan tələbatının çox cüzi hissəsi deməkdir. 17 il içində verilən ipoteka kreditlərinin toplam həcmi 2 milyard 416 milyon manatdır. Bunun 31 faizi, yəni 753 milyon manatı güzəştli şərtlərlə verilən ipoteka kreditləridir. Ev almaq istəyənlərin çox, verilən ipotekaların az olmasının əsas səbəbi ölkədə hər il belə kreditləşməyə ayrılan vəsaitin az olmasıdır. Məsələn, bu ilin dövlət büdcəsində ipoteka kreditləşməsi məqsədi ilə 87 milyon 700 min manat ayrılıb. Onu da qeyd edək ki, hazırda fond yalnız manatla olan qiymətli kağızlarla vəsait cəlb edir, çünki vəsait xarici valyutada cəlb edilərsə, fond gələcəkdə açıq valyuta mövqeyi riski ilə üzləşə bilər. İpoteka kreditləşməsi uzunmüddətli olduğundan, xarici valyutada vəsaitin cəlb edilməsinin valyuta risqləri doğura biləcəyi risqi çox yüksəkdir. Digər tərəfdən, ölkədə maliyyə bazarının səviyyəsi məhdud olduğundan, fond buradan da qiymətli kağızlarla tələbi tam qarşılaya biləcək qədər vəsait cəlb edə bilmir. Vəsaitin limitli olması üzündən, ipoteka almaq üçün tələb edilən şərtlər, əsasən, ödəmə qabiliyyəti yüksək şəxslərə bu fürsətdən yararlanmaq imkanı verir. Elə fondun açıqladığı rəqəmlər də bunu təsdiqləyir. Açıqlanan göstəricilərdən aydın olur ki, ipoteka əldə edənlərin 62 faizinin aylıq gəliri 1 min 100 manatdan yüksək olub. Ötən ilin sonuna ölkədə orta aylıq əməkhaqqı 840 manat civarında olmuşdusa, demək, ipoteka əldə edənlərin böyük hissəsinin gəliri ölkə üzrə orta göstəricidən, ən azı, 40 faiz yüksəkdir. Bu məqam ipoteka krediti verilən şəxslərin peşə bölgüsündən də aydınlaşır. Azərbaycanda ipoteka krediti verilən şəxslərin 62 faizi hərbçi və ya hüquq mühafizə orqanı işçisi, bank və energetika sahəsində çalışanlardır. Bu da var ki, Azərbaycanda nisbətən yüksək əməkhaqqı alanlar da asanlıqla ipoteka ala bilmirlər. Çətinlik doğuran başlıca amil ilkin ödənişin miqdarıdır. İndi ölkədəki bankların çoxu adi ipoteka kreditlərinə 30 faiz, güzəştli ipoteka kreditlərinə isə, əsasən, 20-30 faiz aralığında ilkin ödəniş istəyir. Bu vəsaiti toplamaq vətəndaşlara illərlə yığım etmək zərurəti yaradır.
İndiyədək verilmiş ipoteka krediti ilə bağlı göstəricilər bu mexanizmdən regionlarda yaşayanların daha az yararlandığını üzə çıxarır. Bu vaxtadək “Azadlıq” radiosunun məlumatına əsasən, verilən ipoteka kreditlərinin 78.4 faizi Bakı şəhərinin payına düşür. Ölkədə verilmiş 42 min 273 ipotekadan 33 min 141-i məhz Bakıdakı evlərlə bağlıdır. İkinci ən çox ipoteka verilən şəhər Sumqayıtdır (3 min 302). İpoteka ilə ən çox evin satıldığı yersə Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhəridir (3 min 194). Beləcə, bəlli olur ki, indiyədək Azərbaycanda ayrılan ipoteka kreditlərinin 94 faizi Abşeron yarımadasında, 6 faizi ölkənin digər bütün bölgələrində verilib. Abşeron yarımadasından kənarda verilən kreditlərin də 1 min 186-ı Gəncədə, 481-i Naxçıvanda verilib. İndiyədək Azərbaycanda ipoteka ilə alınan evlərin 35 faizi 30-60 min manatlıq evlər olub. Evlərin daha 34 faizi 60-90 min manata satılıb. İpoteka ilə satılan mənzillərin cəmi 16 faizinin qiyməti 120 min manatdan çox olub. Daha 14 faizlik pay 90-120 min manat arasında satılan evlərlə bağlıdır. İpoteka kreditlərinin 35 faizi 60 kvadratmetrədək, 29 faizi 61-80 kvadratmetrlik, 14 faizi 81-100 kvadratmetrlik sahəsi olan mənzillərin alışı üçün verilib. İpoteka ilə satılan evlərin 93 faizi çoxmənzilli binalarda yerləşib. Evlərin cəmi 7 faizi fərdi evlərdir. Bütün ipoteka kreditlərinin 34.3 faizi 18-29 yaşlı şəxslərə, 33.8 faizi 30-35 yaşlı şəxslərə, 30 faizi 35 yaşdan yuxarı şəxslərə verilib. Əksər sosial-iqtisadi göstəricilərdə olduğu kimi, mənzil təminatı ilə bağlı da Abşeron yarımadası və ölkənin digər əraziləri arasında ciddi fərqlər diqqət çəkir. Məsələn, hazırda Abşeron ərazisində hər 1000 nəfərə 560-a yaxınmənzil düşür. Bu, ölkə ortalamasından təxminən 2.6 dəfə çoxdur. Əslinə baxsan, bu rəqəm həm də Bakıda yaşayan əhali sayının rəsmi göstəricidən nə qədər çox olmasının və daxili miqrasiyanın da göstəricisidir.
Samirə SƏFƏROVA