Ekologiya problemləri dövrümüzün ən aktual məsələlərdən biridir. İnsanın həyat və sağlamlıq üçün əlverişli ətraf mühitə olan hüququ ilə bağlı bütün bəyannamələrin əksinə olaraq, iqtisadi maraqlar hələ də ekoloji maraqlardan üstündür.
Nəticədə təbii sərvətlər tükənir, ətraf mühit çirklənir, insanların fiziki və mənəvi sağlamlığı pisləşir, xammal bazarları və yaşayış sahəsi uğrunda iqtisadi, siyasi mübarizə güclənir.
- “Yaşıl texnologiya”lara keçid sürətlənir
Problemlərin kəskin xarakter aldığı bir vaxtda ekoloji yönümlü iqtisadiyyat müasir ölkələr üçün zərurətə çevrilib. Azərbaycanda da belə kurs yeni vüsət almağa başlayır. Reallıq budur ki, ətraf mühitdən asılı olmayaraq yeni texnologiyaların tətbiqi onsuz da çətindir. Bundan əlavə, təbiətə mənfi təsir göstərən istehsal bahalaşır və iqtisadi cəhətdən dayanıqsız olur. Beləliklə, 21-ci əsrdə ekoloji məsələlər ikinci dərəcəli problemlərdən əsas problemlərə çevrilir.
Məsələyə preventiv yanaşmaya üstünlük verən Azərbaycan “yaşıl iqtisadiyyat”a getdikcə daha çox diqqət edir. Bu tip iqtisadiyyat bir neçə funksiyanı yerinə yetirir. Birincisi, bu, əhalinin rifahının yüksəldilməsi və sosial ədalətin təmin edilməsini, ikincisi, ətraf mühitin qorunmasını özündə ehtiva edir. “Yaşıl iqtisadiyyat”ın mühüm xüsusiyyətləri atmosferə zərərli maddələrin atılmasının azaldılması, təbii ehtiyatlardan qənaətlə istifadə edilməsi, biomüxtəlifliyin qorunması və əhalinin gəlirlərinin artması, enerjidən səmərəli istifadədir. Gələcəkdə qlobal iqtisadiyyatı səfərbər etmək və təbii texnologiyalara investisiyaların daha da artırılması planlaşdırılır. Bu tədbirlər bir çox müasir iqtisadiyyatların “yaşıllaşdırılmasın”ı stimullaşdıracaq, qlobal iqlim dəyişikliyinin fəlakətli nəticələrinin qarşısını alacaq və bərpa olunmayan minerallardan istifadəni minimuma endirəcək. Azərbaycan dövləti də fəaliyyətində bunu nəzərə alır. Onu da qeyd edək ki, müasir iqtisadi modellər daha çox enerji tələbatını bərpa olunmayan təbii ehtiyatlar hesabına ödəyir. Bununla belə, hələ 2003-cü ildə BMT-nin “Energetika və nəqliyyat” hesabatında bərpa olunan enerji texnologiyalarından istifadənin zəruriliyi qeyd olunurdu. Amma faktdır ki, eyni zamanda, belə bir siyasi kursun aparılması lazımi dövlət nəzarəti ilə təmin edilməlidir. Azərbaycan da məhz buna diqqət edir. Ölkəmizdə nəzərə alınır ki, iqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı, digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması da müşahidə edilir. Hazırda bu sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadəsi kimi məsələlər əsas prioritetlərdir. Bu prioritetlər daxilində enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların, yəni “yaşıl texnologiya”ların tətbiqi geniş vüsət alıb. Azərbaycanda da “yaşıl texnologiya”ların istifadəsi sürətlə genişlənir. Bu gün ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir-biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi diqqət mərkəzindədir. Azərbaycan diqqətdən qaçırmır ki, beynəlxalq standartlar və tendensiyalar müasir ölkələrin qarşısında iqtisadiyyat və siyasətdə “yaşıl” kursun davamlı inkişafına keçid, ətraf mühitin vəziyyətini yaxşılaşdırmaqla insanların həyat keyfiyyətini yaxşılaşdırmaq vəzifəsi qoyur.
- Ölkəmizdə “yaşıl enerji” zonaları genişlənir
Üç ildir ki, problem olan koronavirus pandemiyası bəşəriyyətin təbiətə qarşı həssaslığını və ətraf mühitdən asılılığını açıq şəkildə göstərdi. Bütün bunların fonunda qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, biomüxtəlifliyin və meşələrin qorunması, eləcə də planetin suyunun, havasının və torpağının saflığı uğrunda mübarizə ön plana çıxır. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal Risk” adlı İcmalında göstərilir ki, yoluxucu xəstəlikləri, iqlim dəyişikliyi və digər ekoloji risklərlə mübarizədə uğursuzluq bəşəriyyətin mövcudluğu üçün təhdid yaradır.
Göstərilən risklər, həm də iqlim dəyişikliyinin nəticəsi olan ekstremal hava şəraiti və son illərin fəlakətli daşqınları, yanğınları insan fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyandan qaynaqlanır. XX əsrdən etibarən sənayenin sürətli inkişafı da təbiətin vəziyyətinə böyük təsir göstərir. Amma bu təsir qarşılıqlıdır: çirklənmiş ətraf mühit iqtisadi inkişafa mənfi təsir göstərir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hesablayıb ki, çirklənmiş hava ölüm hallarının artmasına və insanların əmək qabiliyyətinin azalmasına gətirib çıxarır və bu səbəbdən ÜDM artımını ləngidir. Bütün bunların həll yolu odur ki, bu problemlərin həlli “yaşıl iqtisadiyyat”a keçiddir, onu da təxirə salmaq olmaz. Azərbaycan bu məsələdə birgə beynəlxalq səyləri də vacib hesab edir. Çünki qlobal problemləri ayrı-ayrı şirkətlər və ayrı-ayrı ölkələr həll edə bilməz, bunun üçün birgə fəaliyyət lazımdır. Onu da qeyd edək ki, Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş İqlim Konfransında Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə bağlı yeni təşəbbüslə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə 2050-ci ildə “netto sıfır emissiya” zonasının yaradılması niyyətini bəyan edib. Bu istiqamətdə də əməli addımlar atılır. İşğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi hədəflənib və bu istiqamətdə konkret addımlar atılır. Qeyd edək ki, “yaşıl enerji” zonası ifadəsi təkcə bərpaolunan enerji mənbələrindən enerji istehsal edən yerlər barədə işlədilmir. Bu ifadənin əhatə dairəsi genişdir və özündə ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi, “yaşıl” məşğulluğun təmini, resurslardan səmərəli istifadə kimi çoxşaxəli məsələləri birləşdirir. Onun üçün də işğaldan azad olunan ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi üçün kompleks tədbirlər görülür, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında kəndlərin və şəhərlərin inşası həyata keçirilir, ərazidə yaradılacaq sənaye müəssisələrinin “yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır. Faktdır ki, işğaldan azad olunmuş ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizdə “yaşıl iqtisadiyyat”ın formalaşmasına böyük töhfə verəcək. Dövlətlə yanaşı, Azərbaycan şirkətləri, ğzəl sektor “yaşıl iqtisadiyyat”a keçiddə böyük rol oynamalıdır. Onların da bizneslərinin “yaşıl olmasının” dəyərini görmələri vacibdir. Bu, nəinki “yaşıl maliyyəyə” çıxış imkanı verir, həm də uzunmüddətli riskləri azaldır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.