Aşıq sənətini tədqiq edən alimlərin böyük əksəriyyəti hesab edir ki, bu qədim sənətin kökü Güney Azərbaycandan, Qaradağdan rişələnib cəmi türk ellərinə yayılıb. Mifologiyada isə saz alətinin yaranışı birbaşa Adəm peyğəmbərə bağlanılır.
Ana kitabımız “Dədə Qorqud”da isə Dədəmiz Qorqud qopuz götürüb boy boylayıb, soy soylayır…Bütün faktlar göstərir ki, aşıq-ozan sənəti, saz aləti türk xalqına məxsusdur, onun milli kimlik ünvanıdır, pasportudur.
Ümumiyyətlə, Azərbaycanın Quzeyində də, Güneyində aşıq sənəti çox zəngin tarixi inkişaf yolu keçib, aşıqlar bir-birindən öyrənib, aşıq mühitləri bir-birindən qidalanıb, bəhrələnib. Doğrudur, XX əsrdə aşıq sənətinin başına çox bəlalar gətirilib, Pəhləvi şahları dövründə Güneydə saz aləti, aşıq sənəti 40 ildən çox bir müddətdə qadağan olunub, Sovetlər dövründə Quzeydə isə aşıq sənətini xeyli dərəcədə ideoloji təbliğata qoşa biliblər. Amma bunlara baxmayaraq, bu sənət Azərbaycanın Güneyində də, Quzeyində də öz kökü üzərində yaşayıb…
Azərbaycanın Güneyində aşıq sənəti öz daxili gücünü hər zaman qoruya bilib, klassik irsimizə sahib duranlar az olmayıb.
Güney Azərbaycan aşıqlarının dastan yaradıcılığı da çox maraqlı və unikaldır, burada məhəbbət, qəhrəmanlıq dastanları xüsusi seçilir.
Aşıq Abbas Tufarqanlının, Aşıq Qurbaninin, Tikmədaşlı Xəstə Qasımının adı ilə dastanlar mövcuddur.
Tədqiqatçı Səadət Abbasova məqaləsində qeyd edib ki, Güney ozan-aşıq sənətindən VI əsrdə aşıq Qurbani, XVII əsrdə Aşıq Abbas Tufarqanlı, XVIII yüzillikdə Xəstə Qasım Tikmədaşlının qiymətli irsi Azərbaycan xalq dastançılığının ən zəngin nümunələri sırasındadır. “Otaylı aşıqlarının zamana dayanan zəngin yaradıcılığı çağdaş aşıqların (Səlcuq Şəhbazi, Hüseyn Cavan, Əziz Şəhnazi, Dərviş Vahabzadə və s.) simasında uğurla davam və inkişaf edir. Güney dastançılığı hər şeydən əvvəl, ayrı-ayrı aşıq mühitlərinin çoxsaylığında seçilmiş və bu çevrədə məktəblərlə təmsil olunmuşdur.
Təbriz-Qaradağ, Sulduz-Qarapapaq, Zəncan, Urmiya, Xorasan-Türkmənistan, Qaşqay və s. aşıq mühitləri bölgə mədəniyyətində dastanlar, aşıq havaları, geyimlər, çalğı alətləri və s. baxımından fərqlilik qazanmışdır. Müxtəlif türk tayfaları olan əfşarlar, ağqoyunlular, xançobanlılar, qacarlar, kəngərlilər, muğanlılar, qarapapaqlar, ustaclılar və s. dastan mədəniyyətinin forma, struktur, dil faktlarına böyük təsir göstərmişdir.
Tarixdən də bəlli olduğu kimi, aşıqlar öz ustadlarının yanında illərlə bu sənətin sirlərini öyrənmiş, məhz onlarla birlikdə toy məclislərində, el mərasimlərində iştirak edərək sınaqlardan keçmiş, nəhayət, müstəqil aşıqlar kimi repertuar toplamağa başlamışlar. Saza, ustada hörmət türk milli kimliyinə bağlı ustad-şagird münasibətlərində bu günə qədər öz önəmini qoruyub saxlamışdır”.
Ümumiyyətlə, Güneydə yaranan “Abbas və Gülgəz”, “Qurbani”, “Xəstə Qasımın dastanı” dastanı Azərbaycanın Quzeyində də çox populyardır. Ayrı-ayrı vaxtlarda biz bu dastanları aşıqlarımızın ifasında dinləmişik, böyük zövq almışıq. Bu dastanlar hər biri qırx gün qırx gecəlik dastanlardır ki, zamanında bunu ustadlar o şəkildə danışıblar…
Qeyd edək ki, Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən “Xəstə Qasımın dastanı” çap olunub. XVIII əsrin görkəmli el sənətkarı Xəstə Qasım Tikmədaşlının dastan-rəvayət səciyyəsi daşıyan üç səfərindən söhbət açılır.
Dastanı təqdim edən aşıq Hüseyn Qoşqarlı, nəşrə hazırlayanı AAB-ın sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.
Kitaba yazdığı geniş "Ön söz"də professor M.Qasımlının da qeyd etdiyi kimi, həm ustadnamələri, həm gözəlləmələri, həm də ürfani-fəlsəfi şeirləri ilə mükəmməl şair və aşıq kimi ucalan Xəstə Qasımın elin yaddaşında, xüsusən də saz-söz sinədəftərlərinin hafizəsində yaşayan çoxsaylı dastan-rəvayətlərindən üç məşhur səfəri - "Xəstə Qasıma vergi verilməsi", "Xəstə Qasımın Dağıstan səfəri" və "Xəstə Qasımın Şamaxı səfəri"ni mükəmməl şəkildə nəşr etməklə Azərbaycan Aşıqlar Birliyi orta çağ aşıq ədəbiyyatının dəyərli bir örnəyini yenidən dövriyyəyə qaytarmış olub.
Bilirik ki, “Aşıq Qərib” dastanı Borçalı aşıq mühitində çox məşhur olub və bu dastan Borçalı ozanı aşıq Hüseyn Saraçlının ifasında məşhurluq qazanıb. Sonradan dastanı bir qədər fərqli formada aşıq Kamandar Əfəndiyev danışıb. Hər iki sənətkar bu dastanı özünəməxsus gözılliklə danışıb.
“Aşıq Qərib” dastanı haqda film də çəkilib. Filmdə qeyd olunur ki, dastan XVI əsr aşıq sənətinin incilərindən biridir. Filmdə Təbriz, Gəncə və Borçalı aşıqları bu dastanı deyirlər. Bu mahallar həm aşıq sənətinin geniş coğrafiyasını, həm də Aşıq Qəribin məhəbbətindən ötrü getdiyi yolu əks etdirir.
Rejissor, operator və montaj işi Rəşid Ağamalıyevə aiddir.
Filmdə Aşıq Qərib Məmmədov, Aşıq Qafar İbrahimi, Aşıq Mais Gəncəli, Aşıq Murad Kövrək, Aşıq Məhbub Xəlili, Aşıq Fətulla Rzayi, Ehtiram Gözəlli (balabanda ifa edir) iştirak edir.
“Qurbani” dastanına gəlincə, bu dastanı isə əslən Göyçə mahalından olan, lakin Tovuzda yaşayan aşıq İmran Həsənovun danışdığı məlumdur.
Çox populyar olan “Şah İsmayıl” dastanı da şübhəsiz ki, güneyli aşıqlar tərəfindən yaradılıb, bir az araşdırsaq onun müəllifinin ya Miskin Abdal, ya da Qurbani olduğunu müəyyən edə bilərik. Əlbəttə, bu subyektiv fikirdir. Yəni bu tədqiqatçıların görə biləcəyi işdir.
Bu gün araşdırsaq görərik ki, Güneydə ən çox populyar olan dastanlardan biri “Koroğludur”, onun Təbriz variantı barədə çox danışılır. Bütövlükdə, “Koroğlu” dastanı bütün Qafqazda, o cümlədən də Anadoluda, Dərbənddə, Güneydə, Borçalıda, Quzey Azərbaycanda, Göyçədə və başqa ərazilərdə çox sevilən dastan olub. Elə bu səbəbdən də onun müxtəlif variantları yaranıb. Təbii, burada qondarma, süni məsələlər də var ki, o da “Koroğluya” yamaq kimi görsənir. Biz dədə-baba ustadlardan eşitmişik ki, “Koroğlu”nun 19 qolu var. Sonra ortaya müəyyən qollar çıxarıldı.
S.Abbasova öz məqaləsində yazır ki, ayrı-ayrı dastanların yayılması və xalq tərəfindən qiymətləndirilməsində müxtəlif aşıq məclislərinin, xüsusilə aşıqların toplaşdığı qəhvəxanalarının, çayxana-draxdınların böyük rolu olub. Tədqiqatçı doğru qeyd edir, bəli o zamanlar aşıqların əsas ifa yerləri çayxanalar, draxdınlar və toy məclisləri idi ki, onlar öz bildiklərini camaata çatdırırdılar. O məclislərdə deyişmə meydanı da qurlardı, aşıqlar bir-birinə qıfılbənd deyərdilər, məğlub olan tərəfin sazı əlindən alınardı...bunlar keçmiş əyamlarda baş verib. Qayıdaq S.Abbasovanın aradırmasına, o, vurğulayır ki, Güney Azərbaycanda məhz bu mərkəzlər aşıqların birliyində, dastan günlərinin keçirilməsində böyük rol oynayıb.
“Güney dastanlarının böyük bir hissəsini, sözsüz ki, tarixin sınağından keçən, zaman-zaman xalqın üz-üzə gəldiyi ictimai, siyasi bəlalara qarşı dayanan, mübarizə salnaməsini yaşadan qəhrəmanlıq dastanları təşkil etməkdədir. Təkcə
“Koroğlu” dastanının yazıya alındığı Təbriz variantı Azərbaycan Koroğlusunun milli-psixoloji, qəhrəmanlıq dünyasının dəyərlərini özündə birləşdirir. Güney dastanlarının bu gün müxtəlif aşıq mühitlərində sənətkar sazında yaşayan onlarca variantı məhz eyni zəngin qaynağın xalq arasında “səpələnmiş” qollarıdır.
Ardıcıl olaraq “Dədə Qorqud”, “Şah İsmayıl”, “Şikari” kimi orijinal dastan mətnləri xalq qəhrəmanlığının tarixi yaddaşında qorunub saxlanmaqdadır. “Dədə Qorqud” motivləri Güneydə Aşıq Səlcuq Şəhbazi tərəfindən məlum abidənin müxtəlif qollarının dastanlaşdırılması üzərində qurulmuşdur. Yaxud “Şikari” dastanı uzun illər aşıq repertuarında xalq məclislərində oxunsa da bir çox hissələri unudulmuşdur.
Bu dastan Nəbi Kobatarian (Azəroğlu) tərəfindən bir araya gətirilmiş, tam 55 saat müddətində dinlənilərək səsli fayllardan götürülmüşdür. Dastanda 18 ustadnamə, 225 qoşma və 65 bayatı mətni qeydə alınmışdır. Bu dastanlar xalqın qəhrəmanlıq salnaməsinin ayrılmaz bir qoludur. Namərdə boyun əyməmək, aciz düşməni bağışlamaq, basdığını kəsməmək, haqsızlığa göz yummamaq, elə xəyanət edəni, namərdi cəzalandırmaq bu dastanların ideya-məzmununda ayrıca bir dəyər təşkil edir.
Qəhrəmanlıq dastanları kimi, məhəbbət dastanları da Güney dastançılığının inciləri sırasındadır. “Qərib və Şahsənəm”, “Əsli və Kərəm”, “Seyidi”, “Əlişah”, “Qurbani”, “Kəlbi”, “Əsəd və Səltənət”, “Aşıq Leysan”, “Yadigar və Gülabatın”, “Dililqar və Məhcamal”, “Nəcəf”, “Bəy Aslan və Hüsnüpəri” və s. dastanlar öz sevgisindən güc alan, buta verilən sevdalıların əzab və əziyyətlərdən keçən, əfsanələşən nağıllar üzərində qurulmuşdur. İstər qəhrəmanlıq, istərsə də məhəbbət dastanlarımızda “Kitabi-Dədə Qorqud” dastanları ilə sələşən motiv və formullar başlıca yer tutur. Qəhrəmanın doğuluşu, ad qazanması, döyüşü, yalanın ifşası, sevgililərin görüşü, nişanlanma, yuxu və s. formullar bilavasitə ən qədim əbədi abidəmiz “Kitabi-Dədə Qorqud”un dünyasından qaynaqlanır.
Güney dastançılığından danışarkən aşıq havaları, musiqisi və şeir şəkillərinin məzmunu da ayrıca qeyd olunmalıdır. Ustad aşıqların baş pərdədə (“Qurbəti”, “Baş Sarıtel”, “Dəmir gözəlləməsi”, “Qəmərcanı”, “Dilqəmi”), açıq kökdə (“Bayramı”, “Şəhbazi gəraylısı”), şah pərdə kökündə (“Baş divani”, “Xan çobanı”, “Heydəri”, “Qara Kərəmi”), ruhani pərdəsində (“Şah Xətaisi”, “Təbriz nisgili”, “Qaradağ təcnisi”) ifa edilən havaları həm də ozan sənətimizin səs-musiqi dünyasının əvəzolunmaz inciləridir.
Aşıq havalarının xalq mərasimlərində, ayrı-ayrı aşıqların yaradıcılığında cilalanması sonrakı mərhələdə əsas havalara qoşulan daha mükəmməl nümunələr yaratmışdır. “Kərəm” havası bu baxımdan həm də “Yorğun Kərəm”, “Çığalı Kərəm”, “Hicran Kərəmi”, “Kərəm ağrısı”, “Kərəm divanisi”, “Kərəm zarıncısı”, “Kərəmi”, “Zəncirli Kərəm” və s. aşıq musiqisinin zənginliyində formalaşmışdır. Bütün hallarda aşıqların sazında yaranan, yaşayan bu havalar tarixə qovuşan şaman davullarının sehrindən, mistik akustikasından yol alaraq yeni dövrdə öz müqəddəsliyini bərpa etməkdədir”-deyə tədqiqatçı qeyd edib.
Güney Azərbaycanda ozan-aşıq sənətinin müsair inkişafına şübhəsiz, Quzey Azərbaycan aşıqları xüsusi yön, istiqamət verir. Bu gün Güneydə aşıq sənətinə böyük maraq və sevgi var. Bəzi söhbətlərimizdə güneyli aşıqlar deyirlər ki, bu gün orada o zülmlər içində aşıq sənətini çox böyük əziyyətlə yaşadırlar. İndiyə qədər sənətin ayaqüstə qalmağında isə Quzey aşıqlarının rolunun olduğunu deyirlər. Əlbəttə, Güney Azərbaycanda aşıq mühiti bir neçə məktəbi əhatə edir və hər məktəbin də özünün öz yolu, öz üslubu var ki, biz o fərqliliyin gözəlliyini hər an görürük. O da faktdır ki, Güney Azərbaycan aşıqları dastanlarımızı danışmaqla dilimizi, tariximizi təbliğ edirlər. Dastanlar xalqın yaddaşıdır, bu yaddaş isə hər zaman diri qalmalıdır.
İradə SARIYEVA