“Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Latviyadan olan həmkarı Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.
Dövlət başçısı bununla yanaşı qeyd edib: “Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq, düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sıx əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sıx əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurla inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Bizdə müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Hazırda buna son qoyulmalıdır və əgər bu baş tutarsa, onda keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq”. Beləliklə, Azərbaycan Ermənistana sülh üçün yenə şans verdiyini nümayiş etdirir. Amma bunu sonuncu şans da adlandırmaq mümkündür. Azərbaycan uzun müddət gözləmək və daha bir neçə il Ermənistanın nazı ilə oynamaq niyyətində deyil. Əslində, ölkəmzin mövqeyini beynəlxalq miqyasda qəbul edib alqışlayanların da sayı kifayət qədərdir. Bakının İrəvanla vasitəçilər olmadan danışıqlar aparıb sülh mətnini razılaşdırmaq təklifləri də getdikcə daha geniş dəstək qazanır. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da bu xüsusda maraqlı açıqlamalar verib. O, məsələ ilə bağlı qeyd edib: “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik”. Onun sözlərinə görə, rəsmi İrəvan və Bakı arasında sülhün yeganə yolu dialoqdur: “Biz uzunmüddətli və balanslı olacaq sülhün bərqərar olması üçün tərəflərlə, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə yaxından işləməkdən başqa yol görmürük. Bizim etməyə çalışdığımız şey sülhə gedən yolu asanlaşdırmaqdır”. Bono bildirib ki, tərəflər sülh müqaviləsinin mətnini və şərtlərini özləri hazırlamalıdırlar: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür". Bunlar fonunda Qarabağ müharibəsinin birinci mərhələsi zamanı Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri olmuş Davit Şahnazaryan da maraqlı bir açıqlama verib. O qeyd edib ki, Qarabağda qalan ermənilər tezliklə Azərbaycanın bir hissəsi olmağa razı olduqlarını bəyan edəcəklər: “Qarabağ məsələsi tam həll olunmadan bu regionda sabitliyin olması mümkün deyil”. Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasından sonra Ermənistanın ölkəmizlə sülh müqaviləsi imzalaması daha tez baş tuta bilər, lakin həmin vaxta qədər Ermənistan zamanı hədər yerə itirməməlidir.
Əlbəttə ki, sülh müqaviləsinin imzalanması üçün xüsusi sənədin hazırlanması lazımdır. Lakin təkcə sənədlə iş bitmir. Eyni zamanda sərhədlər müəyyənləşməli, diplomatik əlaqələr qurulmalı, kommunikasiya və nəqliyyat xətləri açılmalı, qarşılıqlı humanitar etimad həyata keçirilməli və xüsusi sülh müqaviləsi sənədinin hazırlanması ilə bağlı müəyyən işlər aparılmalıdır. Azərbaycan bu istiqamətdə müvafiq addımlar atmağa hazırdır. Lakin proses hələ ki, Ermənistan tərəfindən gecikdirilir. Əslində, sülh müqaviləsinin imzalanması bölgədə sülhün, əminamanlığın uzunmüddətli təmin olunması ilə yanaşı, bu gün Ermənistanın acınacaqlı durumdan çıxmasına da böyük töhfə verə bilər. Azərbaycanın isə mövqeyi dəyişməzdir və beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla sülhə aparan bütün prosesləri dəstəkləyir. Bu səbəbdən İrəvan nəzərə almalıdır ki, istənilən halda Avropa İttifaqı, yaxud Moskvanın sülh prosesində fəaliyyətinin səmərəsindən asılı olmayaraq, Azərbaycan özünün istədiyi konfiqurasiyaya nail olacaq. Bura gücdən istifadə də daxildir. Belə ki, Qarabağda baş verən son hadisələr, separatçılara silah-sursat daşınmasının görüntülərlə sübuta yetirilməsi növbəti antiterror əməliyyatlarının keçirilməsi ehtimalını gücləndirir. Bu olanlar göstərir ki, erməni separatçılarının, onların silahlı qollarının nəzarətsiz buraxılması sülhə ciddi təhdiddir. Mövzuya diqqət çəkən Ermənistanın “Qraparak” qəzeti yazır ki, Qarabağ ermənilərinin indiki vəziyyətdə Azərbaycana inteqrasiyadan başqa çıxış yolu qalmır və bunu nəzərə alan Ermənistan sülh müqaviləsi məsələsinə daha çox diqqət etməlidir: “5 martda Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş veənlərin səbəblərindən biri də budur. Əldə etdiyimiz məlumata görə, Azərbaycan Laçına gedən yolda keçid məntəqəsinin yaradılması ideyasından geri çəkilmir. Məsələ burasındadır ki, hadisənin baş verdiyi yol Qarabağı Ermənistanla birləşdirən alternativ və ya gizli yoldur, azərbaycanlılar göstərməyə çalışırlar ki, o yolun işləkliyinə icazə verməyəcəklər, çünki ermənilər silah və sursat daşıyır. Laçına gedən yolda keçid məntəqəsi qurmaq istəyirlər. Bundan əlavə, Araik Arutyunyan bildirib ki, bu insident Azərbaycanla inteqrasiya haqqında danışmaqdan imtina etməsinin nəticəsidir. Deməli, Azərbaycan mövqeyində israrlıdır. Bunun sülh yolu ilə baş tutmaması halında güc faktoru işə düşəcək”. Bunun baş verməməsi üçün Azərbaycan ən yüksək səviyyədə Ermənistanla sülh mqaviləsinin imzalanmasında maraqlı olduğunu bildirib, qarşı tərəfə də şans verib. Indi bu şansdan düzgün yararlanmamaq Ermənistanın özü üçün böyük risq yaradır.
Tahir TAĞIYEV