Erməniləri silahlandıran Hindistan Şimal-Cənub dəhlizində bunun ziyanını çəkə bilər...

9 Mart 2023 17:35 (UTC+04:00)

Ermənistan Hindistandan almaq istədiyi 155 mm-lik “MArG” özüyeriyən haubitsalarının sınağını keçirib.

Hindistan mediası Ermənistan nümayəndə heyətinin iştirakı ilə sınaqların tam 40 gün davam etdiyini bildirib. Bu  haubitsaların Ermənistan tərəfindən sifariş edildiyi tam təsdiqlənib, ancaq müqavilənin dəyəri açıqlanmayıb. Erməni ekspertlər hesab edir ki, ümumilikdə İrəvan 18 ədəd “Pinaka” reaktiv yaylım atəş sistemi, çoxlu sayda tank əleyhinə sistemlər və s. almağı da planlaşdırır. Bu isə bütün müqavilələrin ümumi dəyərinin 500 milyon dollara qədər artırılması deməkdir. Xatırladaq ki, bundan öncə Hindistanın Ermənistana 244 milyon dollarlıq silah verəcəyi bildirilsə də, sonradan bu rəqəm 260 milyona qaldırılmışdı.

Ermənistan bu haubitsaların ordusunu ciddi şəkildə gücləndirəcəyi gümanındadır. Qeyd edək ki, Hindistan mediası ötən ilin noyabrında Ermənistana 155 mm-lik ATAGS haubitsaları satılacağını da yazmışdı.

Maraqlıdır ki, Hindistan Azərbaycanın sədirlik etdiyi Qoşulmama Hərəkatında təmsil olunur. O zaman niyə bizə qarşı olan bu cür fəaliyyətlə məşğuldur? Azərbaycan eyni zamanda Hindistan üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub layihəsinin əsas aktorlarından biridir. Hər halda, bunu da nəzərə almalıdır ki, Azərbaycan bu layihədən əlini çəksə, Hindistan ciddi ziyana düşə bilər. O halda Hindistan niyə bu amilləri nəzərə almır? Hindistanın Ermənistanla bu yaxınlığı bizim Pakistanla yaxınlığımız səbəbindən ola bilərmi?

Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə bildirdi ki, burada iki əsas məsələ var: “Birincisi odur ki, Hindistanla bağlı məsələyə kompleks yanaşmaq lazımdır. Mən düşünürəm ki, bu məsələdə Azərbaycan höküməti Hindistanla münasibətləri hər hansı başqa bir ölkəyə indeksləməməlidir. Hindistan Azərbaycanla iqtisadi, mədəni münasibətləri inkişaf etdirməkdə maraqlı olsa da, Ermənistanla da eyni zamanda bütün istiqamətdə əməkdaşlığı inkişaf etdirir. Biz də çalışmalıyıq ki, hətta Hindistanla  münasibətlərinin normal olmadığı ölkələrlə fərqli münasibətdə olaq. Çünki Hindistan dünyanın böyüyən, artan iqtisadi güclərindən biridir. Demək olar ki, iqtisadi tempinə görə Böyük Britaniyanı, əhali sayına görə də Çini keçib. Yaxında yəqin, ən böyüklərdən biri olacaq. O ki, qaldı Qoşulmama Hərakatına, əlbəttə, orda aktiv təmas olmalıdır. Qoşulmama Hərəkatında məqsəd odur ki, ölkələr hansısa bloklara qoşulmasın, müharibə olmasın. Qoşulmama Hərəkatı  çərçivəsində Hindistana bununla bağlı etirazlar bildirilməlidir. Amma bu etirazlar qaydasında və dozasında olmalıdır. Çünki bəzən lazım olandan çox reaksiya verilməsi qarşı tərəflə münasibətə çox ciddi xələl yetirə bilər. İkinci məsələ isə Ermənistanın silahlandırılmasının arxasında kimin durmasıdır. Bu məsələ xüsusilə işlənib hazırlanmalıdır. Çünki Hindistan bu silahları satacaq olsa belə, Ermənistanın bunu almaq üçün yüz milyon, bəlkə də milyardlarla gəliri hardan gəlir? İndiki halda Ermənistan öz maaşlarını və təqaüdlərini belə ödəyəcək vəziyyətdə deyil. Daha bir maraqlı məqam ondan ibarətdir ki, dünya ictimaiyyətinə Ermənistanın sürətli silahlandırılması məsələsi çatdırılmalıdır. Faktiki olaraq, bölgədə bir silahlanma yarışı gedir. Bu ortaya çıxarılmalıdır. Əlavə olaraq, Şimal - Cənub dəhlizi ilə bağlı onu deyə bilərik ki, bu dəhlizin bütün əhəmiyyəti Hindistanı Rusiya üzərindən Avropaya birləşdirməkdir. Çünki, Şimal-Cənub dəhlizində Hindistandan Bəndərabbas limanına, oradan Azərbaycana, Azərbaycandan isə birbaşa dəmir yolu ilə Rusiya ərazisindən yükləri Avropaya daşımaq nəzərdə tutulur. Amma burada maraqlı məqam odur ki, indiki halda Avropa İttifaqı ilə Rusiya arasında iqtisadi münasibətlər çökdüyünə görə, nə Rusiya, nə də İranın  bu layihə ilə bağlı qolu  işləyir. Üstəlik, bu yeni konfliktdə Qərb, Böyük Britaniya, ABŞ  Hindistanı Rusiya-Çin İttifaqına qarşı qoymaq üçün hətta öz yanlarına çəkməyə çalışacaqlar. Buna görə də, ola bilsin gələcəkdə Hindistan Rusiya ilə bu cür əməkdaşlıqdan imtina etsin və Çinə qarşı tamamilə Qərbin yanında yer alsın. Ona görə də, hazırda Şimal-Cənub dəhlizi öz aktivliyini müəyyən qədər itirib. Ancaq istənilən halda Rusiyanın, İranın bu dəhlizə çox böyük maraqları var. Həm İranın, hım Rusiyanın ən böyük ticarət ortaqları Hindistandır. Hindistanın da dəhlizə marağı var. Hətta təkcə dəhlizə yox, ümumiyyətlə Qafqaz regionuna, MDB regionuna iqtisadi ekspansiyada marağı var. Hazırda Özbəkistanda əsas oyunçulardan biri Hindistandır. Qafqaza, Azərbaycanın bazarlarına, xüsusilə də dərman bazarına daxil olmaq istəyir. Ona görə düşünürəm ki, Hindistanın qarşısına şərt qoymaq olar. Əgər iqtisadi dəhlizlərdə rahat iştirak etmək istəyirsə, eyni zamanda iqtisadi ekspansiyanı bölgədə həyata keçirmək istəyirsə, o zaman Ermənistanla hərbi əməkdaşlığı məhdudlaşdırmalıdır. Təbiidir ki, burada Pakistan amilinin də təsiri danılmazdır”.

Məhəmmədəli QƏRİBLİ