“Mübariz Güney azərbaycanlı qadınlar” rubrikasında elə bir simadan söhbət açacağıq ki, o, Güney Azərbaycanın mübarizə simvoluna çevrilib, illər keçsə də, adı yenə də xatırlanır, mücadiləsi dastanlaşıb, şeirləşib, əbədi olaraq yaddaşlara köçüb. Güney Azərbaycanda qadın hərəkatından, irticaya qarşı mübarizədən söhbət açılanda, bir neçə qadın var ki, onların adları xüsusi çəkilir, onlardan biri də qəhrəmanımızdır...
“Aslanın erkəyi-dişisi olmaz” deyimi çox işlənsə də, amma yenə də öz aktuallığını qoruyub, fikrimizcə, illər sonra da qoruyacaq.
Şairə, müəllimə, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının tanınmış qadın üzvlərindən biri, İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü, 33 yaşında faciəli şəkildə öldürülən Mərziyyə Əhmədi Üskülünün mübarizə dolu həyat yolu bir örnəkdir.
- “Sən doğuldun qeyrətdən, cürətdən, Mərziyyəcan”
Xalq şairi Bəxtiyar Vahabzadə “Mərziyyə” (“Mərziyə”) poemasını cəsur Azərbaycan qızının alovlu mübarizəsinə və faciəli ölümünə həsr edib.
Sən doğuldun qeyrətdən, cürətdən, Mərziyyəcan,
Aldım sənin sorağını
Ölümündən çox sonra mən Mərziyyəcan.
Sən vuruşdun əlindəki silahla yox,
Qəlbindəki imanınla, inamınla.
Həkk elədin öz adını sən tarixə öz qanınla...
- Əzizə Cəfərzadənin Mərziyyəsi...
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Lətifə Mirzəyeva yazır ki, Mərziyyə Əhmədi Üskülünün geniş tanınmasında ən böyük rolu xalq yazıçısı, professor Əzizə Cəfərzadə oynayıb. “Azərbaycanın Xalq yazıçısı, professor Əzizə Cəfərzadə gərgin ədəbi və elmi yaradıcılığı ilə bərabər, xalqımızın sənətkar qadınlarının da həyatı və yaradıcılığını tədqiq edib üzə çıxarmaq, onları ölkəmizdə və bütün dünyada tanıtmaq sahəsində də az iş görməmişdi. O, ilk dəfə olaraq 1974-cü ildə Cənubi Azərbaycanın aşıq və şair qadınları haqqında da məlumat verən, Azərbaycan qadınlığının bir növ poetik salnaməsi adlandırılan, daha çox ah-fəryad səsləri ucalan "Azərbaycanın aşıq və şair qadınları" adlı antologiya üçün materialları toplayıb, tərtib edib onu "Gənclik" nəşriyyatında çap etdirmişdi...
... "Azərbaycanın aşıq və şair qadınları antologiyası"nın 1974-cü ildə 23000 tirajla çap edilən və qısa müddətdə nadir nüsxəyə çevrilən birinci nəşrindən sonra 1991-ci ildə tələbata və toplanan yeni materialların çoxluğuna görə cənublu neçə-neçə xanım şairlə birlikdə Mərziyyə Əhmədi Üskülünün də həyat və yaradıcılığı haqqında məlumatın, əsərlərindən parçaların yer aldığı (səh. 240-241) ikinci nəşri də həyata keçirilib...
Keşməkeşli həyatını, böyük vətənpərvərlik hisslərini şeirin diliylə əbədiləşdirmiş, qısa, lakin çoxmənalı ömrünün şeirə dönmüş qəlpələrini bizə yadigar qoyub getmiş fədai şair Mərziyyə Əhmədi Üskülü Dalğanın həyatı və fəaliyyəti haqqına qısa məlumatın və "Mən Günəşi sevirəm", "Dalğa", "Mən və Dəmavənd" əsərlərinin (səh. 189-191) də yer aldığı "Azərbaycanın aşıq və şair qadınları antologiyası" (Bakı, "Gənclik", 1991) nəşri əsasında təkrar nəşr edilən "Azərbaycanın qadın şairləri antologiyası" bir daha 2005-ci ildə yenə də Ə.Cəfərzadənin tərtibində "Avrasiya Press" nəşriyyatında çap edilib.
Bütün bunlar ədəbiyyat tarixinin böyük simalarına olan tükənməz məhəbbətdən, onların özlərinin və əsərlərinin əbədiləşdirilməsinə olan qayğı və ehtiyacdan, gələcək nəsillərə də tanıdılması məqsədindən irəli gəlir.
Xalq yazıçısı Ə.Cəfərzadənin alovlu şair, istedadlı nasir, publisist, fədakar müəllim, yalnız Cənubi Azərbaycanda deyil, İranda, bir çox Şərq ölkələrində milli qurtuluş hərəkatının iradəli yolçusu, xalqımızın əfsanəvi igid qızı kimi tanınan Mərziyyə Əhmədi Üskülüyə məhəbbəti daha çox idi. O, cənublu xanım şairə doğma ana məhəbbəti bəsləyirdi. Onu "qızım", "gəlinim", "balam" adlandırırdı”.
- Kimdir Üskülü Mərziyyə?
Mərziyyə Əhmədi 1941-ci ildə Güney Azərbaycanın Üskü şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olur. Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi fəaliyyətə başlayır. Burada 3 il fəaliyyət göstərdikdən sonra Təbriz Universitetinə daxil olur. Təhsilini davam etdirməklə yanaşı, o həm də pedaqoji fəaliyyətlə məşğul olur. Kənd məktəblərini gəzərək onlar üçün "kitab evləri" yaratmağa çalışır. İlk şeirini "Dalğa" ləqəbi ilə çap edib. Bütün farsca yazdığı əsərləri türkcəyə, öz ana dilində qələmə aldığı bütün əsərləri isə fars dilinə tərcümə edib.
- Tələbə hərəkatının rəhbəri...
Şah rejiminin xalqa zülm etməsi, ana dilimizi qadağan etməsi, milli dildə təhsil almaq hüququnu məhdudlaşdırması təbii ki, vətənpərvər, cəsur Mərziyyəni də ciddi narahat edirdi. Çox gənc yaşlarından milli mübarizəyə qoşulan Mərziyyə Üskülü elə bu yolda da şəhid edilir.
Barəsindəki yazılı məlumatlara görə, 1970-ci ildə tələbələrin etiraz aksiyalarına rəhbərlik edən Mərziyyə xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Həbs edilərək Üsküyə sürgün olunur. Daha sonra bu günlər haqqında xatirələrini yazır. İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü olan şairə 26 aprel 1974-cü ildə dəstənin iki üzvünün görüşündən xəbər tutan SAVAK (Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı. olan SAVAK İranın Məhəmməd Rza Pəhləvi dövründə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) köməyi ilə təsis edilmiş gizli polis, daxili təhlükəsizlik və kəşfiyyat xidməti idi. SAVAK Pəhləvi sülaləsi devrilənə qədər, 1957-ci ildən 1979-cu ilə qədər fəaliyyət göstərirdi.) məmurları haqqında məlumat alır. Yoldaşlarını xəbərdar etmək üçün görüş yerinə gedən Mərziyyə yoldaşlarını xəbərdar etsə belə gec olur. Atışma başlayır və o, SAVAK ilə silahlı toqquşmada həlak olur.
Yaxın dostları Behruz Dehqani və Əlirza Nabdil ilə Tehrandakı Behişti-Zəhra məzarlığının 33 saylı guşəsində dəfn edilən Üskülü Mərziyyənin xatirəsinə Bəxtiyar "Mərziyyə" poemasını həsr edib.
2014-cü ildə fotoqraf Azad Əxlaqi İran tarixində baş vermiş ölüm hadisələrini öz fotoları ilə yenidən canlandırıb. O, Məhəmmədtağı Püsyan, Əli Şəriəti və digərləri ilə yanaşı Üskülü Mərziyyənin də ölümünü səhnələşdirib.
- Yeni həyat doğulur...
33 illik həyatını şərəflə yaşadı müəllimə, şairə, alovlu vətənpərvər, cəsur Azərbaycan qızı Mərziyyə. O özünün “Dalğa” şeirlərində yazırdı:
Xırda, incə arx idim,
Meşələrdən, dağlardan,
Dərələrdən axırdım.
Bilirdim durğun sular,
Öz içində boğular.
Bilirdim dəryalarda
Dalğalar qucağında,
Xırdaca arxlar üçün
Yeni həyat doğular.
Nə yolun uzağlığı
Nə qaranlıq çuxurlar,
Nə durğunluq həvəsi
Məni yoldan qoymadı.
İndi qarışmışam mən
Qurtulmaz dalğalara,
Varlığımız çalışmaq,
Yoxluğumuz dayanmaq!
Onu da vurğulayaq ki, bəzi mənbələr Mərziyyə Üskülünün doğum tarixini fərqli verir. Onun bioqrafiyasında doğum ili kimi, 1941-ci il göstərilsə də, bəziləri onun 1945-ci ildə anadan olduğunu qeyd edir. “Mərziyə Əhmədi Üskülü 1324-cü ildə (1945 ) Üsküdə əkinçi ailəsində anadan olub.Təhsilini Təbrizdə alan Mərziyə elə burada da sol düşüncə ilə tanış olub”-kimi fikirlər də internet resurslarında yer alıb.
- “Ey “Anamın kitabı”nda adı qalan…”
Ana dilimizin təəssübkeşi olan Mərziyyə Üskülü “Ana dili” şeirində yazır:
Niyə mənim anam “madər”,
Atam “pədər” – olsun?
Bu dolaşıq ticarətdə
Niyə mənim doğmalarım
Özgəsinin tapdağında hədər olsun?
Niyə yadın bəhməzinə “bal” deməli?
Öz aşıma “yal” deməli?
Niyə mənim ana dilim
Gəlmə dilin qabağında
Titim-titim titrəməli?
Niyə doğmam yad olmalı?
Öz sözlərim öz dilimdən qovulmalı?
Ey “Anamın kitabı”nda adı qalan
Doğma ikən, ögey olan
Sinə dağım…
İllər keçsə də, Mərziyyə unudulmur, onun mübarizə yolu neçə-neçə gənc qızın həyat amalına çevirilib yolunu işıqlandırır. Bu gün İran adlanan xalqlar həbsxanasında Mərziyyənin onminlərlə davaçmısı var ki, onlar bu gün molla rejiminə meydan oxuyurlar, zindanlarda əzilsələr də, ölüm hökmünə düçar edilsələr də, dar ağacından asılsalar da, yenə də öz yollarına sadiqdirlər. Bu yol Mərziyyənin və ondan əvvəlki mübariz qadınların başladığı yoldur. Mərziyyə Üskülünün yolunu, açdığı cığırı heç zaman alaq otları basa bilməz. Çünki mübarizə hər gün var, azadlıq günəşi doğana qədər güneylilər milli haqlarına, milli respublika qurmaq arzularına çatana qədər ayaqdadırlar…
İradə SARIYEVA