Azərbaycanın Qarabağ iqtisadi rayonunda son hərbi insidentlər bəzi məsələlərin icrasının artıq mümkün qədər tez həyata keçirilməsini zəruri edir. Bunlardan birincisi Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması, ikincisi isə Qarabağda qalan erməni silahlılarının zərərsizləşdirilməsi prosesinin tezləşdirilməsidir. Söhbət antiterror əməliyyatlarından gedir.
Qeyd edək ki, ötən bazar Azərbaycanın Qarabağ bölgəsində erməni təxribatının qarşısı alınıb. Azərbaycan tərəfi müəyyən müddətdə Ermənistan ərazisindən Laçın yoluna alternativ Xəlfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması barədə siqnallar alıb. Növbəti analoji siqnalı alan əməliyyatçılarımız yerində yoxlama aparmaq üçün yola çıxıblar. Əməliyyatçılarımız yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində qarşı tərəfdən 3 nəfər - “polkovnik-leytenant” Armen Babayan, “mayor” David Danielyan və “leytenant” Ararat Qasparyan öldürülüb. “Leytenant” David Hovsepyan isə güllə yarası alıb. Bu əməliyyat separatçıların Laçın yolu ilə bağlı planını ifşa etmiş oldu. Baş verənlər onu təsdiqləyir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, habelə canlı qüvvə atmaqda davam edir. Azərbaycan tərəfi bu fonda Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırıb ki, üçtərəfli bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Azərbaycan Müdafiə Nazirliyi bu xüsusda bəyan edib: “Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir. Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur. Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir. Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir. Baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.
Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Baş verən təxribata gəlincə, burada müəmmalı məqamlar çoxdur. Məsələn, erməni tərəfinin iddiasına görə, məhv edilən şəxslər “artsax” polisinin “pasport-qeydiyyat şöbəsi”nin əməkdaşlarıdır. Bu “pasport şöbəsinin” əməkdaşları niyə gizli yoldan istifadə edirlər və hara gedirlər? Toqquşmadan dərhal sonra ermənilər hadisənin yeri, Azərbaycan ordusunun əsgərlərinin hərəkət istiqaməti, hətta yanlarında itin də olduğunu, əraziyə necə yaxınlaşmasını, daha sonra ora rus sülhməramlıların gəldiyini və digər mqəamları əks etdirən dron çəkilişləri və müşahidə kameralarının yaddaşından video-yazıları təqdim etdilər. Belə operativlik isə, əslində, bütün bunların əvvəlcədən hazırlandığını göstərir.
Ekspertlər bildirir ki gələcəkdə bu cür hdisələrin təkrarlanma ehtimalı yüksəkdir. Bunun qarşısının alınması üçün Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurulmalıdır. Erməni silahlılarının Azərbaycan ərazisinə Laçın yolu vasitəsilə daxil olduğu faktdır. Çünki həmin ərazidə giriş-çıxışa heç bir nəzarət yoxdur. Bu səbəbdən erməni silahlılar sərhədi maneəsiz keçir və Laçın rayonu ərazisindən dağ yolları ilə Xankəndiyə silah daşımağa cəhd göstərirlər. Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla separatçıların silah təchizatını tam kəsə bilər. Bunlar fonunda Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hazırladığı analizdə olduqca maraqlı məqamlara diqqət çəkilib. İlk olaraq hadisə fonunda ona diqqət edilir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bundan sonra Qarabağda istənilən ərazidə nəyisə yoxlamağı tələb edə bilərlər. Özü də bu, yeni məsələdir və yaxın günlərdə intensivləşəcək: “İkincisi, Qarabağda qanunsuz erməni silahlılarının olması faktı bir daha təsdiqləndi. Bu vəziyyət Azərbaycan Silahlı Qüvvələrini növbəti təmizləmə məqsədli hərbi əməliyyatlara başlamağa sövq edəcək. Üçüncüsü, Qarabağda separatçı tör-töküntüləri təmsil edən istənilən hərbçi, polis və s. fəaliyyəti qanunsuzdur. Yəqin ki, yaxın vaxtlarda Azərbaycan hakimiyyəti separatçıların “hüquq-mühafizə orqanlarının” fəaliyyətini də qanunsuz hesab edərək, ləğvini tələb edəcək. Yəni qanunsuz silahlı birləşmələrin çıxarılması tələbi ilə yanaşı bu tələb də kəskin şəkildə ortaya qoyulacaq. Dördüncüsü, Bakı tərəfindən Ermənistandan sərhəddə nəzarət-keçid məntəqəsinin qurulması tələbi ortaya qoyulur. Sözügedən istiqamətdə yaxın vaxtlarda ciddi addımlar atıla bilər. Yəni hətta günü sabah Azərbaycan əsgərləri silah və cihazlarını götürüb sərhəd xəttində mövqe tuta və oradan keçən bütün vasitələrə nəzarət edə bilərlər”. Təhlildə həm də ordumuzun yaxın zamanda genişmiqyaslı antiterror əməliyyatına başlaya biləcəyi vurğulanıb: “Son atışmalarda Azərbaycan Silahlı Qüvvələri müəyyən əraziləri nəzarətə götürüb. Amma bu, əhəmiyyətli irəliləyiş deyil. Əslində bununla yaxın günlərdə genişmiqyaslı antiterror əməliyyatı üçün zəminin əsası qoyulub. Uzağı bir həftə ərzində ciddi hadisələr baş verə bilər”.
Hər halda, Azərbaycan bitməyən erməni təxribatlarını kökündən kəsmək hüququnu özündə saxlayır.
Nahid SALAYEV