Martın 1-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan zalında Nəzakət Məmmədovanın təsisçisi və baş redaktoru olduğu “Yada düşdü” jurnalının gənclərə həsr edilmış növbəti sayının təqdimat mərasimi keçirildi.
Tədbiri Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid açaraq “Yada düşdü” jurnalının bu sayının gənclərə həsr olunmasını yüksək qiymətləndirdiyini bildirdi. R.Məcid vurğuladı ki, gənclərin yaradıcılığının təbliğində AYB-nin Gənclər Şurasının sədri Fərid Hüseyn çox aktivdir və o bu istqiamətdə maraqlı layihələr həyata keçirir, yalnız yerli yazarları deyil, xaricdəki ədəbi faəliyyətlə məşğul olan gəncləri bu layihələrə cəlb edir. Gənc imzaları tanıtmağın böyük əhəmiyyətə malik iş olduğunu deyən R.Məcid qeyd etdi ki, bu baxımdan, “Yada düşdü”nün bu sayının gənclərin yaradıcılığını əks etdirməsi təqdirəlayiqdir.
12 ildir işıq üzü görən “Yada düşdü” jurnalının 2011-ci ildən mütəmadi olaraq çap olunduğunu deyən R.Məcid jurnalın təsisçisi və baş redaktoru Nəzakət Məmmədovanın jurnalla bağlı və Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru olaraq gördüyü genişmiqyaslı işləri vurğuladı.
R.Məcid qeyd etdi ki, jurnalın bu sayının gənclərə həsr edilməsinin mənası böyükdür. O dedi ki, AYB-nin “Ulduz” jurnalı bir necə dəfə gənclərə həsr olunub: “Bunun əhəmiyyəti çox böyükdür. “Yada düşdü” də ildə bir-iki dəfə gənclərə yer ayırsın. Əlbəttə, Nəzakət xanıma jurnalı çıxarmaq üçün yaxsi maliyə imkanı və yaradıcılıq şövqü arzulayıram”.
Fərid Hüseyn isə vurğuladı ki, N.Məmmədovanın rəhbərlik etdiyi jurnalla əməkdaşlıqdan zövq alıb.
O qeyd etdi ki, jurnalda gənclərə yer verilməsi çox yaxşı haldır: “Nəzakət xanım da öz yazısı ilə tamamlayıcı rol oynadı. Əməkdaşlıqdan böyük zövq aldım və razı qaldım”.
“Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru Nəzakət Məmmədova çıxışında çox maraqlı məqama toxundu, bildirdi ki, jurnalın ilk nömrəsi çapdan çıxanda onu AYB-yə gətirib. “Yadımdadır, Fikrət Qoca dedi ki, bizə belə rəngli jurnallar çox gəlir, amma ömürləri çox qısa olur, bir-iki nömrədən sonra çıxmırlar. Amma Anar müəllim dedi ki, bu jurnal elə gələcək üçün lazımdır. “Yada düşdü”, adından məlumdur ki, gələcək nəsil üçün keçmiş nəsli yada salmaq, onları xatırılamaq baxımından bu jurnalda gedən yazıların əhəmiyyəti böyük olacaq. Bilirsiz ki, bu jurnalın qayəsi yada salmaq, unutmamaqdır. Azərbaycan tarixində elə yazlarlar, elə tarixçilər, elə mədəniyyət xadimlərimiz olub ki, unudulub. Amma onları yenidən yeni nəslə tanıtmaq bu “Yada düşdü”nün əsas missiyasıdır. Mən tədbirdə gəncləri çox görürəm. Gəncliyimiz gələcəyimizdir. Mən onları görəndə daha çox qürurlanıram ki, bizdən sonra onlar gəlir. Onlara irəli getmələri üçün imkan yaratmaq, səslərini çatdırmaq bizim başlıca borcumuzdur. Mən “Yada düşdü” ilə gənclərin səsini çatdıra bilmişəmsə mənə nə xoş. Jurnalda imzası olanların hamısının yazılarını oxumuşam. Həsən Kürün şeiri məni ağlatdı. Tanıyanlar bilir ki, zabitlər anasıyam. Mən o müharibənin qan-qadasını ürəyindən keçirən bir insanam. Həsən Kür müharibə həyatını çox canlı şəkildə gözümün önünə gətirdi və şeiri oxuyub ağladım”.
N.Məmmədova tədbirə gələn qonaqların hamısına təşəkkür edərək bildirdi ki, hər kəs öz sahəsində gənclərə dəstək olmalıdır.
“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə də çıxış edərək bildirdi ki, “Yada düşdü” ədəbi-bədii nostalji jurnalda ədiblərimiz, görkəmli şəxsiyyətlərimiz barədə maraqlı yazılar gedir. Jurnalda atası Böyükağa Qasımzadə haqda da yazı getdiyini deyən İ.Qasımzadə qeyd etdi ki, ədəbi gəncliyə yer ayrılması çox mühümdür və bu, gənc yazarların yaradıcılığına stimul verir.
Qarabağ qazisi, gənc şair Emin Piri də çıxış edərək bildirdi ki, jurnala şeirlər göndərə bilərdi, amma müharibə zamanı yaşadıqları bəzi zarafat məqamlarını təqdim edib: “Müharibə haqda fikrimiz fərqlidir. Müharibə kitablarda, fikmlərdə təqdim edildiyi kimi deyil. Müharibənin içində zarafat da olur. Bu gerçəklikləri təqdim etmək istəyirdim. Bu hadisələri diriltmək istəyirdim ki, gələcəkdə filmlər çəkilsin”.
Tanınmış tənqidçi Vaqif Yusifli isə qeyd etdi ki, “Yada düşdü”nün gənclərə həsr edilən sayında şeirləri, yazıları çıxan gənclərin çoxu barədə yazıb, onların yaradıcılığı barədə fikirlər deyib: “Ədəbiyyatın gələcəyi və indisini ədəbi gəncliksiz təsəvvür etmək mümkün deyil”-deyə V.Yusifli jurnalın bu nəcib addımını dəstəklədiyini dedi.
Tədbirdə həmçinin professor Maarifə Hacıyeva, dramaturq Elçin Hüseynbəyli, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı Təranə Məmməd, sənətşünaslıq doktoru Zülfüyyə Eldarqızı, şair Zakir Ağdamlı, şeirləri jurnalda çap olunan gənc şairlər, yazarlar Həsən Kür, Emin Piri, Gülnar Səma, Günel Yaz, İntiqam Yaşar, şairə Kəmalə Abıyeva, “Mədəniyyət” jurnalının baş redakroru Zöhrə Əliyeva, şair publisist Rəfail Tağızadə, gənc yazar Vüsal Nuru, yazar Səma Muğanna çıxış edərək jurnaldakı ədəbi mətnlər barədə danışdılar, jurnalın bu sayının gənc ədiblərə həsr edildiyini müsbət qarşıladıqlarını vurğuladılar.
Qeyd edək ki, tanınmış şairə, AYB üzvü Nəzakət Məmmədovanın rəhbərliyi ilə nəşr edilən jurnalın səhifələrində bütün nəsillərin nümayəndələrinə yer verilir. Əlbəttə, gənclik nəfəsi dərgiyə ayrı bir ab-hava, ruh qatır.
“Yada düşdü”nün gənclərə həsr edilən sayında Nəzakət Məmmədovanın “Gənclərdə potensial gücdür” yazısı jurnalın ilk yazısıdır. Qoqolun “Gənclik ona görə xoşbəxtdir ki, gələcəyi var” fikrini epiqraf olaraq verən baş yazar gəncliyin xalqın sabahı olduğunu xüsusi vurğulayıb.
Təqdimatı keçirilən jurnalın bu sayında Həsən Kür, Şəhriyar del Gerani, Ramil Əhməd, Ülvi Babasoy, Təvəkgül Boysunar, Emin Piri, Günel Yaz, Ruslan Dostəli, Ümid Nəccari, orxan Həsəni, İntiqam Yaşar, Vəfa Mürşüdlü, Şəfa Vəli, Rəvan Cavid, Nadir Yalçın, NARGİS, Gülnar Səma, İlahə Səfərzadə, Səddam Laçın, Şahənə Müşfiq, Nigar Arif, Səma Muğanna, Seyyid Əsri, Habil Rzanur, Orxan Cuvarlı, Dərid Hüseyn kimi maraqlı imzaların yazıları, poetik, ədəbi-bədii töhfələri işıq üzü görüb...
İradə SARIYEVA