Azərbaycanda mədəniyyət sahəsində mövcud olan problemlərdən ən əsası kadrlarla bağlıdır ki, biz onu hər addımda hiss edirik. Çox təəssüflər olsun ki, mədəniyyət müəssisələrinin bir çoxunda ixtisaslı kadrları çıraqla da tapmaq olmur. İxtisaslı kadrların, mütəxəssislərin bu sahədə az sayda təmsil olunması nəticəsində ortaya çox acınacaqlı mənzərə çıxır.
Dəfələrlə mədəniyyət müəssisələrində ixtisaslı kadrların çatışmazlığı gündəmə gətirilsə də, problem aradan qaldırılmayıb. Təsəvvür edin ki, ölkənin mədəniyyət siyasətində mühüm rol oynayan mədəniyyət müəssisələrində daha çox mədəniyyət sahəsindən xəbərsiz olanlar çalışır. Bu gün kitabxanalar, muzeylər, musiqi məktəbləri, incəsənət ocaqları qeyri-mədəniyyət ixtisasları üzrə təhsil almayanların əlindədir. Şübhəsiz, bu da mövcud vəziyyətin yaranmasına şərait yaradır.
Mədəniyyət sahəsində ixtisaslı kadr problemi o həddədir ki, artıq bu rəsmi şəkildə dilə gətirilir.
Mətbuatda yayılan məlumata görə, Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib ki, mədəniyyət sahəsində elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur: “Bunları təkmilləşdirmək üçün hər kəsin dəstəyinə ehtiyac var. Nazirliyin 41 minlik heyəti var, 30 mini bölgələrdə çalışır. Bunlardan 7 faizi mədəniyyət sahəsi üzrə təhsil alıb”.
Nazir müavini mədəniyyət sahəsinə bir neçə aydır rəhbərlik edir, bu problemi o dərhal müşahidə etsə də, təəssüf, uzun illər bu sahəyə məsul olanlar onları “görməyib”. İstənilən sahədə ixtisaslı kadrın olması çox vacibdir. Mədəniyyət sahəsində isə buna elə də əhəmiyyət verilmir. Heç şübhəsiz, burada regional mədəniyyət idarələrinin də məsuliyyəti az deyil. Əlbəttə, qeyri-ixtisas sahiblərinin mədəniyyət sahəsində dərin kök salmasına bu qurumlar da şərait yaradıb.
Mədəniyyət müəssisələrində mədəniyyət üzrə təhsil alanların cəmi 7 faiz təşkil etməsinin səbəbi nədir? Bu sahədə ixtisaslı kadrların azlığı hansı fəsadlara yol açır? Bu niyə baş verib?
- “…Problemin kökünə gedilməlidir ki, hansı səbəbdən mədəniyyət üzrə təhsil alanların mədəniyyət sahəsində faiz dərəcəsi bu qədər acınacaqlıdır”
Medianews.az-ın baş redaktoru, sənətşünas Xəyalə Rais “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məhz uzun illər bu sahədə mövcud olan ixtisaslı kadr çatışmazlığı saysız fəsadlara, problemlərə yol açıb. Öz işini bilməyənlərin müəyyən vasitələrlə irəli çəkildiyini deyən X.Rais qeyd edir ki, bu məsələdə korrupsiya əməlləri də istisna deyil. Ekspertə görə, hər il Mədəni Maarif Kollecini, musiqi kolleclərini, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu yüzlərlə gənc bitirir, amma onlar işsiz qalırlar, halbuki, mədəniyyət qurumlarında onları öz ixtisasları üzrə işlə təmin etmək mümkündür. “İxtisaslı kadrların yerini müəyən vasitələrlə işə götürülən qeyri-mədəniyyət sahəsində təhsil alanlar tutur. Əlbəttə, bu sahədə mədəniyyət üzrə təhsil alanların çox aşağı faiz təşkil etməsi mənfi haldır. Hesab edirəm ki, bunun kökü araşdırılmalıdır. Sadəcə sözü deyib keçmək olmaz, problemin kökünə gedilməlidir ki, hansı səbəbdən mədəniyyət üzrə təhsil alanların mədəniyyət sahəsində faiz dərəcəsi bu qədər acınacaqlıdır? Hər kəs bilir ki, uzun illər bu sahədə hökm sürən boşluqdan sui-istifadə edilib, mədəniyyət müəssisələrinə rəhbərlik edənlər öz qohum-əqrabalarını, tanış-bilişlərini işə götürblər. Burada korrupsiya amili də istisna deyil. Bilirsiz ki, son illər Mədəniyyət Nazirliyində keçirilən əməliyyatlar nəticəsində iri ranqlı məmurlar həbs olundular və onların məhkəmə prosesi zamanı saysız ciddi faktlar üzə çıxdı, korrupsiya, rüşvət kimi amillərdən danışıldı. Bölgələrdə ixtisaslı kadrların azlığı da bundan qaynaqlanır. Fikrimcə, mədəniyyət idarələrində, musiqi məktəblərində, kitabxanalarda, muzeylərdə və başqa müəssisələrdə dərin araşdırmalar aparılarsa bütün faktlar aşkara çıxar. Bu gün mədəniyyət müəssisələrində işləyən, lakin öz sahəsini bilməyən yüzlərlə adam var ki, onların hansı yolla işə götürüldükləri aydın olur. Qeyri – ixtisas sahiblərinin mədəniyyət sahəsində üstünlük təşkil etməsi ölkənin mədəniyyət siyasətinə çox ciddi ziyan vurur. Məhz bu səbəbdən insanlar, vətəndaşlar mədəniyyət müəssisəsindən uzaq düşüblər. O sahələrdə ixtisaslı kadrlar olsaydı öz işlərini yerinə yetirərdilər. Fikrimcə, mədəniyyət sahəsində ciddi kadr islahatlarına ehtiyac var və bu sahə təsadüfən bura düşmüş insanlardan təmizlənməlidir. Onların yerinə ixtisaslı kadrlar götürülməlidir”.
X.Rais qeyd etdi ki, son bir neçə ildə nazirlikdə baş verən dəyişiklik nəticəsində də qeyri-ixtisas sahəsinin adamları bu sahəyə axın edib.
“Hər bir yüksək vəzifə postu dəyişdikdə yeni gələn öz komandası ilə gəlir. Bu təkcə Mədəniyyət Nazirliyinə şamil edilmir. Misal üçün, bir həkim digər həkimin gördüyü işi bəyənmir, bir müəllim digər müəllimin metodikasını bəyənmir və sair. Hər gələn yeni nazir də nələrsə etdiyini göstərmək üçün belə bir addıma əl atır. Bu gözlənilən bir hal idi. Anar Kərimov da bu vəzifəyə təyin ediləndə belə başlamışdı. Ancaq o da öz komandasını gətirdi. İndi o komanda dağılır, yerinə yeni komanda yığılacaq. Burada ixtisas sahiblərinə yer verilməsini arzu edirik. Mədəniyyətlə əlaqəsi olmayan, lakin illərdir bu sahədə kök salan rəhbər işçilərin də fəaliyyəti araşdırılmalıdır. Bu gün təəssüf ki, mədəniyyət sferasında xoşagəlməz münasibət də müşahidə edilir. Hesab edirəm ki, mədəniyyət sahəsində islahatlar dərinləşməlidir. Bu kosmetik xarakter daşımamalıdır. Nazir müavinindən gözləntilərimiz çoxdur və ümid edirik ki, islahatlarda maraqlı olacaq. Mədəniyyət sahəsində dərinləşən problemlərin həlli islahatlrdan keçir”-deyə müsahibimiz vurğuladı.
İradə SARIYEVA