Ötən ilin dekabrında «Neftçi»nin Müşahidə Şurasının sədri postuna gətirilən Rövşən Nəcəf AFFA-nın yeni prezident ola bilər.
Bu haqda Sportinfo.az-a mötəbər mənbələrdən məlumat daxil olub.
Redaksiyamızın əldə etdiyi qeyri-rəsmi informasiyaya görə, onun paytaxt klubunun başına gətirilməsi, əslində federasiya itlə bağlı gələcək planların tərkib hissəsidir.
Keçən ilin fevralında SOCAR-ın prezidenti səlahiyyətlərini icraçısı təyin olunan, bir neçə ay sonra bu posta təsdiqlənən N.Nəcəf hazırda AFFA-da da Rövnəq Abdullayevin bir nömrəli əvəzləyicisi hesab olunur.
R.Abdullayev SOCAR-dakı vəzifəsini itirdən bəri futbolla bağlı işlərdən uzaqlaşıb. O. sadəcə, ara-sıra tədbirlərdə iştirak edir, amma heç bir real fəaliyyəti yoxdur.
Ya hesabat konfransında, ya da İcraiyyə Komitəsinin iclaslarında görünən federasiya prezidenti yaxşı bilir ki, burada gün sayır.
Onun səlahiyyət müddəti gələn ilin martında bitir. 2008-ci ildən AFFA-ya rəhbərlik edən R.Abdullayevin ürəyindəndir ki, futboldan tez getsin.
Çünki bu sahəyə ayırmağa daha maddi imkanı yoxdur. Hələ 7-8 il öncə AFFA ilə vidalaşmaq fikrinə düşən Abdullayevin bununla bağlı rəsmi çevrələrə qeyri-rəsmi müraciət etməsini dövrü mətbuat çox yazıb.
İndi isə Rövşən Nəcəfin ayaq səsləri federasiyanın biraddımlığında eşidilir. AFFA-nın nizamnaməsinə görə, qurumun prezidenti postuna namizəd şəxs minimum 2 il futbol sahəsində fəaliyyət göstərməlidir.
Nəcəf cəmi 2,5 ay öncə «Neftçi»nin Müşahidə Şurasının sədri seçildiyindən, mümkündür ki, AFFA-nın nizamnaməsində müvafiq dəyişiklik edilsin, 2 illik tələb 1 ilə endirilsin.
Artıq gələn ay bu məsələnin nəzərdən keçirilməsi gözlənilir.