Lavrovdan sonra səfir Kopırkindən Ermənistana növbəti aşağılayıcı mesaj - siz dövlət deyilsiniz...

6 Fevral 2023 20:27 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin arasında görüş olub. Bu görüş həm də Stalinqradın azad olunmasının 80 illiyinə təsadüf edib. Kopırkin Mirzoyanla görüşündə deyib ki, Stalinqrad azad olunmasaydı, Almaniya qalib gəlsəydi, o vaxt Türkiyə Ermənistanı işğal edərdi.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxladığını vurğulayıb: “Rusiya əraziləri saxlamaq istəyən Ermənistanın əvvəlki rəhbərliyinin o qədər də yaxşı dərk etmədiyi çoxsaylı variantları təklif etdi. Azərbaycan ona məxsus olan torpaqları qaytardı”.

Bir sözlə, Lavrov Ermənistanın işğalçı tərəf olduğunu ermənilərin başına vurdu. Lavrovdan sonra Kopırkinin məlum fikirləri Ermənistana yönəlik növbəti mesajdır. Görünən odur ki, bu mesajlar artır. Ermənilərə sanki açıq deyirlər ki, Ermənistan Rusiyanın hesabına dövlət olub. Yəni o vaxt Almaniya qalib gəlsəydi, Ermənistan Türkiyənin təsiri altına düşmüş olardı. Düzdü, o vaxt Türkiyə bitərəf mövqedən çıxış edirdi, amma Birinci Dünya müharibəsində Almaniya ilə müttəfiq olduğu üçün proseslərin gedişindən asılı olaraq Ankara Berlinin tərəfində ola bilərdi. Almaniya təşəbbüsü ələ alsaydı, belə bir ehtimal yüksək idi. Bütün bu deyilənlərin fonunda, Rusiyanın Ermənistana ünvanladığı bu mesajların məqsədi nədir?

Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənovun fikrincə, ötən yay İrəvanın Sürməli ticarət mərkəzində baş verən yanğından sonra Ermənistanda Rusiyaya qarşı ritorika gücləndi: “Hətta həmin yanğının Rusiya xüsusi xidmət orqanları tərəfindən törədildiyi barədə versiyalar ortaya atıldı. Rusiyaya qarşı olan siyasi qüvvələr bunu əllərində əsas edib tənqidləri daha da sərtləşdirdilər. Ondan sonra Rusiyaya nifrət pik həddinə yüksəldi. Ukrayna müharibəsi ilə əlaqədar olaraq Rusiyanın siyasi-hərbi zəifləməsindən istifadə edərək Paşinyan hakimiyyəti daha çox Qərbə stavka etməyə başladı. Əsasən də Ermənistan hakimiyyəti Fransanın qucağında oturmağa çalışdı. Bununla belə, ABŞ-la sövdələşmələrə getdi. ABŞ Nümayəndələr Palatasının o vaxtki sədri Nensi Pelossi Ermənistana səfər etdi. Açıq şəkildə Ermənistana dəstəyini ifadə etdi. Ondan sonra Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurma daha da gücləndi. Daha sonra Rusiyanın Gümrüdəki 102-ci bazası qarşısında mitinqlər keçirilir, Putinə yönəlik sərt fikirlərin sayı artdı. Bütün bunlarla yanaşı, Paşinyan KTMT-nin sammitində yekun bəyanata qol çəkməkdən imtina etdi. Ermənistanda keçiriləcək hərbi təlimlərə razılıq vermədi. Bir sözlə, Rusiyadan qopmalar göz önündədir. Bunu da Kreml görür və Ermənistana xəbərdarlıq edirlər ki, bunun axırı ermənilər üçün yaxşı olmayacaq. Lavrov və daha sonra Kopırkinin açıqlamaları buna hesablanıb. Açıq deyirlər ki, Rusiyanın himayəsi olmasa, Ermənistanın mövcudluğu sual altındadır. Ermənistan asanlıqla Rusiyadan qopa bilməz. Ona görə ki, ölkə iqtisadiyyatının 70 faizi Rusiyanın əlindədir. Az-çox Ermənistanda rentabelli olan sahələrin səhmləri Rusiyaya məxsusdur. Bütün bunları nəzərə almamaq mümkün deyil. Ermənistan müstəqil şəkildə sərhədlərini mühafizə edə bilmir. Bu işdə Rusiya qüvvələri iştirak edir. Lavrov erməni kökənli olsa da Rusiyanın dövlət siyasətini, maraqlarını ifadə etməyə məhkumdur. Lavrovun və Kopırkinin fikirləri, Rusiyanın dövlət siyasətinin göstəricisidir. Bu, o deməkdir ki, Ermənistanın dövlət olaraq var olması Rusiyanın hesabına olub. Onu da nəzərə almaq lazımdır ki, Rusiya rəsmiləri dövlətin mesajlarını həm də Kremlin təbliğat ruporu olan Solovyov və Marqarita Simonyan vasitəsi ilə ötürür. Simonyan açıq şəkildə Paşinyan hakimiyyətini ittiham edərək qeyd etdi ki, Ermənistan mövcudluğuna görə Rusiyaya minnətdar olmalıdır. Putin olmasaydı, nə Xankəndi, nə də digər ərazilər separatçıların nəzarətində qalardı”.

Siyasi ekspert onu da əlavə etdi ki, Rusiya-Ermənistan qarşıdurması daha da artacaq.

Vidadi ORDAHALLI