Siyov kəndinin problemləri yerli məmurları düşündürmür...

6 Fevral 2023 15:44 (UTC+04:00)

Lerikin dağ kəndi  Siyov təbiətin ən füsunkar  guşəsində qərar tutub.  Havası, suyu o  qədər safdır ki, ən ağır xəstə gəlib  burada şəfa tapa bilir.  Təəssüf ki, bu dağ kəndi də uzun müddətdir  gözdən-könüldən iraq düşmüşdür. 

Doğrudur, son  illər Siyovda bir neçə yeni ev tikilib. Digər tərəfdən isə  kəndin sosial problemləri onu acınacaqlı  hala salmışdır.    Əhalini narahat edən, həlli olduqca vacib məsələlərin sayı artır.    Kənd sakinləri hər şeyə güzəşt etsələr də,  ictimai nəqliyyatın, eləcə də mavi qazın  yoxluğuna dözə bilmirlər.

 On ildən çoxdur Siyov kəndinə qaz çəkilməli  idi. Deyilənlərə görə, işin görülməsi üçün vəsait də ayrılıb.  Harama öyrəşən səlahiyyət sahibləri həmin vəsaiti mənimsədiyi üçün  siyovlular çətin durumda qalıblar. Kənd məktəbinin müəllimi Qüdrət Əmirov deyir:-   Rayonun bəzi dağ kəndləri kimi, Siyov da çoxdan unudulub. Artıq rahat həyatdan əlimizi üzmüşük.  Gündüzlər kənd sakinlərin başı qarışır işə, odur ki, sosial-mədəni   məsələlər  yada düşmür.  Axşamlar isə heç  cür soyuq otaqlarda qalmaq olmur. Əvvəllər  meşədən odun gətirib bu problemi  özümüz  yoluna   qoyardıq. Necə qaz çəkmək söhbəti ortaya düşdü, meşələr insanların üzünə bağlandı, yanacaq odunu bilə-bilə qaldırdılar qızı qiymətinə.  İndi on ildir yanacaq barədə həyatımız dönüb    cəhənnəm  əzabına. Artıq kənd sakinlərin çoxu meyvə ağaclarında yandırıb.  Sözün qısası, yalançı  məmurlar dövləti aldatmaqla  siyovluları ağır  günə salıblar..

 İctimai nəqliyyata gəldikdə isə, sovet vaxti  kəndə  avtobus  işləyib. Sonradan o da siyovluların əlindən alınıb.  Məhz bu səbəbdən indi əhali üçün rayon mərkəzinə, eləcə ətraf  kəndlərə gediş-gəliş müşkülə dönüb.

  Bəli, hələlik  Siyovun problemləri ilə rayonda maraqlanan yoxdur.  Respublikanın lazımi təşkilat və nazirliklərə edilən müraciətlər cavabsız qalır. Amma dövlətə bağlı, sadə, zəhmətkeş siyovlular gələcəyə ümidlə baxırlar. Deyirlər ki, ölkə başçısı kənddə olan problemləri bilsə, heç vaxt  bizi darda qoymaz.

 Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü