Ermənilər Zəngəzur dəhlizinin açılışına hazırlaşır - İran əngəli aradan qalxır...

6 Fevral 2023 19:58 (UTC+04:00)

Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə cəlbedici olmaqla yanaşı, Asiya ilə Avropa arasında əsas nəqliyyat qovşağı rolunu oynamaqdadır. Bu fonda Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit qovşaq statusunu daha da möhkəmləndirəcək.

Beynəlxalq ekspertlərin hesablamasına görə, yaxın 10 ildə Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsinin həcmi daha 200 milyard dollar həcmində artacaq. Bu məbləğin çox olması daşınan yüklərin də həcminin artacağından xəbər verir. Yükdaşımaların 10 faizi Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilərsə, Azərbaycan ildə 3 milyard dollardan artıq tranzit gəlir əldə etmək imkanına malik olacaq. Dəhlizin genişləndirilməsi və Orta Asiya respublikalarından başqa Çinin və Asiyanın digər ölkələrinin də Avropa ilə nəqliyyat əlaqəsi Zəngəzur dəhlizindən qurularsa, gəlirin həcmi 5 milyard dollara qədər arta bilər. Beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yolla yüklər zaman baxımından mənzil başına daha tez çatdırılacaq. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi olan Naxçıvanı deyil, Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirəcək. Çin və Orta Asiya ölkələrindən Azərbaycana daxil olan yüklər Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan Avropaya və əks istiqamətə daşınacaq. Bu da o deməkdir ki, dəhliz dünya ölkələrinin də marağındadır. Bu fonda Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan qeyd edir ki, dəhliz Azərbaycanın istədiyi şərtlər əsasında açılacaq: “Siz Azərbaycanın hansı yolla Zəngəzur dəhlizini açacağını soruşursunuz. Bu haqda üçtərəfli bəyannamənin 9-cu maddəsində yazılıb. Orada Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yeni yolun tikilməli olduğu yazılıb. Üstəlik, yolu Ermənistan özü tikməlidir və sənəddə maneəsiz hərəkətdən bəhs edildiyini unutmayın”. Baqratyan Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını vurğulayıb: “Bu gün Rusiya Paşinyandan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bütün bunlar əldə olunan razılaşmaların tərkib hissəsidir. ABŞ və Fransaya gəldikdə isə, onlar dəqiq şəkildə bu dəhlizin əleyhinə deyillər. Nikolun avropalı müşahidəçiləri dəvət etməsinin də heç bir yaxşı nəticəyə gətirib çıxarmayacağı faktdır. Ermənilər veyillənən avaraya çevriləcək. Bəs bizi yaxın gələcəkdə nə gözləyir? – Yaxşı heç nə!”. O bildirib ki, Laçın dəhlizini Paşinyan özü bağlayıb: “Azərbaycan Naxçıvana dəhliz tələb edir. Bu haqda üçtərəfli bəyanatda yazılıb. Azərbaycan, əlbəttə ki, Naxçıvana yolu açacaq. Amma Qarabağda üç-dörd ilə bir nəfər də olsun erməni qalmayacaq. Bu gün Qafan və Cermukda insanlar evlərini satır. Bu o deməkdir ki, Zəngəzurda da bir nəfər də olsun erməni qalmayacaq”. Ermənilər onu da etiraf edirlər ki, İran da bu dəhlizə əngəl ola bilməyəcək. Erməni ekspert Janna Vardanyan qeyd edir: “Bu günlərdə İranın müdafiə obyektlərinə hücum yenilik deyildi. Ola bilsin ki, bu təxribat İranın özündəndir, çünki İranda çoxlu agent şəbəkələri var”. Onun sözlərinə görə, bu, İrana qarşı hibrid müharibədir, bu media hücumunda məqsəd həm də panika yaratmaqdır: “İran-Azərbaycan münasibətləri həmişə problemli olub. İran həmişə “Ermənistanın ərazi bütövlüyü”nü müdafiə edib. Əslində sentyabr müharibəsində İranın rolu olub. Tehranın mövqeyi dəyişməzdir. İranın mövqeyinin zəifləməsi, Zəngəzur dəhlizinə qarşı çıxan ölkələrin sayının azalması Azərbaycan üçün vacibdir”.

Bundan əvvəl erməni şərqşünas Qarik Misakyan da diqqətə çatdırıb ki, hadisələr zəncirini izləməyə və mümkün ssenariləri proqnozlaşdırmağa imkan verən bir neçə mühüm amil var: “Bu, İrana qarşı ilk belə hücum deyil. İsraillə qarşıdurmanın uzun tarixi var, lakin indiyədək birbaşa və genişmiqyaslı silahlı toqquşmaya çevrilməyib. Düşünürəm ki, hazırkı vəziyyət də istisna olmayacaq. Amma göz qabağındadır ki, İran nəhəng beynəlxalq psixoloji və informasiya təzyiqi ilə üz-üzədir. Obyektlərə hücumla paralel olaraq, ölkə daxilində vəziyyəti pozmağa da cəhdlər edilir. Ermənistan üçün İranda baş verənlər növbəti ciddi sınaqdır. Məsələ burasındadır ki, hücuma məruz qalan obyektlərin bəziləri Ermənistan sərhədinə yaxın ərazidə yerləşir. İran ətrafında hipotetik münaqişə isə, şübhəsiz ki, kiçik bir respublikanın təhlükəsizlik sisteminə ciddi təsir göstərəcək. Üstəlik, Tehran Ermənistan üçün təhlükəli olan Zəngəzur dəhlizinin açılmasının qatı əleyhdarıdır”. Beləliklə, Misakyan “İran çətiri” olmayacağı halda Zəngəzur dəhlizinin açılacağını etiraf edib. İranın müqavimət imkanları artıq tükənir. Zəngəzur dəhlizi isə həm də başqa bir meqalayihə üçün çox vacibdir. Söhbət Orta Dəhlizdən gedir. Orta Dəhliz Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının çatdırılmasına xidmət edir. Bu dəhlizlə hərəkət edən qatar yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır. Orta Dəhliz vasitəsilə daşınmalar ənənəvi yolla müqayisədə 3 həftə tez çatdırılır. Ənənəvi yolla Çindən Avropaya daşınmalar dəniz nəqliyyatı vasitəsilə həyata keçirilirdi. Bu, daha çox vaxt itkisinə səbəb olurdu. Orta Dəhliz isə vaxta qənaət etməyə və daşımaların daha qısa müddətə çatdırılmasına imkan verir. Qısa müddətə olması isə, təbii ki, xərcləri də aşağı salır. Orta Dəhliz vasitəsilə həm vaxta, həm də xərclərə qənaət edilmiş olur. Bu səbəbdən Zəngəzur dəhlizinin açılmasında dünya dövlətləri də xüsusilə israrlıdır.

Ramil QULİYEV