İranda davam edən aksiyaların hansı nəticələrlə yekunlaşacağı indi xüsusi maraq dairəsində yer alır. Çünki nə xalq, nə də rejim geri çəkilmək niyyətindədir. Belə bir vaxtda, paytaxt Tehran da daxil, ölkənin bir neçə şəhərində etirazçılar 1979-cu il İslam inqilabının ildönümünə həsr olunmuş hökumət plakatlarına od vurublar.
Tehranın Ekbatan məhəlləsində isə etirazçılar pəncərələrdən və damlardan ali rəhbər ayətüllah Əli Xamneyiyə ölüm şüarları səsləndiriblər. Eyni hərəkətlər Tehranın başqa yerlərində də müşahidə olunub. Sosial şəbəkələrdə yayılmış bir neçə videoda adamların indiki ruhani üsul-idarənin qurulmasına yol açmış 1979-cu il inqilabına həsr olunmuş plakatları yandırdığı görünür. Bunlar fevralın 11-də qeyd olunacaq olacaq İslam inqilabının növbəti ildönümü ərəfəsində baş verir. Xatırladaq ki, İranda ötən ilin sentyabrın ortalarında, hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb. Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü bəyan ediblər. Hazırkı xalq etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır. Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər. Etirazlar ərzində, 71-i azyaşlı olmaqla, azı 550-yə kimi insanın öldüyü bildirilir. Bu da xəbər verilir ki, ölənlərin 68 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.
Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub. Mövcud vəziyyətdə İranın müxalifət xadimi Mirhüseyn Musəvi ölkədə referendumun keçirilməsinə və yeni konstitutsiya layihəsinin hazırlanmasına çağırıb. 2011-ci ildən ev dustaqlığında olan Musəvi yaydığı bəyanatda bu çağırışla çıxış edib. O bildirib ki, son zamanlar hakimiyyət əleyhinə etirazlar zamanı çoxlarının səsləndirdiyi “qadın, həyat, azadlıq” şüarı əsasında köklü dəyişiklik istəyirlər. Musəvi qeyd edib ki, bu üç söz zülm, yoxsulluq, təhqir və ayrı-seçkilikdən azad parlaq gələcəyin toxumlarıdır. Musəvi, onun universitet professoru olan həyat yoldaşı Zəhra Rəhnavard və islahatçı din xadimi Mehdi Kərrubi 2009-cu ildəki mübahisəli prezident seçkiləri ilə bağlı ayətullah Əli Xamneiyi və İranda insan haqlarının vəziyyətini tənqid etdikləri üçün 2011-ci ilin fevralından ev dustaqlığındadılar. Hesab edilir ki, islahatlar həyata keçrilməsə, İranda vəziyyət daha da gərginləşəcək. Bunun daha bir səbəbi İrana qarşı beynəlxalq sanksiyaların daha da sərtləşməsidir. Xüsusən də İranın uranı zənginləşdirməsi vəziyyəti daha da gərgin məcraya sürükləyir. Bu fonda ABŞ, Böyük Britaniya, Almaniya və Fransa Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı hesabatına dair birgə bəyanat yayıb. Birgə bəyanatda qeyd olunub ki, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ hökumətləri ABEA-nın İranın bu Agentliyə əvvəlcədən məlumat vermədən bəzi sentrifuqalarının konfiqurasiyasında əsaslı dəyişiklik etdiyi barədə hesabatını diqqətə alıb. Bu sentrifuqalar 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal edir və Fordo zənginləşdirmə zavodunda yerləşir. Dörd ölkə İranı öz öhdəliklərinə əməl etməyə çağırır: "İranın bu addımın səhvən atıldığı barədə iddiaları adekvat deyil. Biz İranın hərəkətlərini bu ölkənin iddia edilən niyyətinə görə deyil, AEBA-nın qərəzsiz və obyektiv hesabatlarına əsaslanaraq qiymətləndiririk. Xatırladırıq ki, İran tərəfindən Fordo zənginləşdirmə zavodunda yüksək zənginləşdirilmiş uranın istehsalı əhəmiyyətli risqlər daşıyır və mülki istifadə ilə bağlı əsaslandırmadan məhrumdur. İranın hərəkətləri indi daha çox narahatlıq doğurur, çünki Tehran Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində şəffaflıq və yoxlama üzrə öhdəliklərinin, o cümlədən əlavə protokolunun icrasını iki ilə yaxındır dayandırıb”. AEBA-nın baş direktoru Rafael Qrossi İranın bir neçə dəfə Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan sazişin şərtlərini kobud şəkildə pozması barədə xəbərdarlıq edib. AEBA-nın baş direktorunun bəyanatı Körfəzin Əməkdaşlıq Şurasının (KƏŞ) ciddi narahatlığına səbəb olub və bu təşkilat Qərb ölkələrini İranı danışıqlar masası arxasına oturmağa məcbur etməyə çağırıb. Ərəb dövlətlərinin birləşdiyi KƏŞ hesab edir ki, Yaxın Şərq regionunda sülhə və təhlükəsizliyə ciddi təhdid olan qüvvələri dəstəkləyən Tehranın nüvə silahına malik olması yolverilməzdir. Şuranın baş katibinin müavini Abdel Əziz Aluvayşeq Səudiyyə Ərəbistanının “Arabnews” nəşrində dərc etdirdiyi məqalədə qeyd edib ki, Tehrandakı radikal qüvvələr bu prosesin tezliklə başa çatdırılımasını tələb edirlər. O yazıb: “Onu da vurğulamaq yerinə düşər ki, danışıqların aparıldığı illərdə də İran vaxt qazanmaqla əlavə resurslar əldə etməyə və nüvə silahı ilə bağlı niyyətini yerinə yetirməyə can atırdı. Rəsmi Tehran 2015-ci ildə JCPOA-nı qəbul edərkən də bu hədəfə nail olmağa çalışıb. Belə ki, həmin sazişin imzalanmasından sonra Qərbin sanksiyalarının yumşaldılması İran üçün nəfəslik rolunu oynayıb. Lakin Tehranın qeyri-konstruktiv mövqeyi bu prosesin uzun müddət davam etməsinə imkan vermədi. Belə ki, 2018-ci ildə ABŞ, bu yaxınlarda isə İran rejiminin etirazçılara divan tutmasına cavab olaraq Avropa İttifaqı yeni sanksiyalar tətbiq etdi. Artıq Qərbin terrorçu dövlət kimi qəbul etdiyi İranla yeni danışıqlar aparacağı ehtimalı çox azdır”. KƏŞ rəsmisi hesab edir ki, JCPOA-nın indiyə qədər İranın nüvə silahı əldə etməsinə mane ola bilməməsi beynəlxalq ictimaiyyətin böhrana yanaşmasının yenidən qiymətləndirilməsini tələb edir: “Əvvəllər “P5+1” formatında müzakirəçilər 2015-ci ildə sazişin bağlanmasının İranın bölgədəki davranışında mötədilliyə gətirib çıxaracağına ümid edirdilər, lakin Suriya, Livan, Yəmən və başqa yerlərdə Tehranın pozucu fəaliyyəti nəticəsində bunun əksi baş verdi. Şübhə yoxdur ki, İranın nüvə proqramı Yaxın Şərq regionu və onun hüdudlarından kənardakı ölkələr üçün ciddi təhlükə yaradır və o üzdən, Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün diplomatik səylər davam etdirilməlidir”. Abdel Əziz Aluvayşeq hesab edir ki, İranın regionda və bütün dünyada təşviş doğuran digər fəaliyyəti - dronların, ballistik və qanadlı raketlərin istehsalının artması, eyni zamanda, Tehranın dəstəklədiyi terrorçu və məzhəb qrupları regionda fəsadlar törədir. Digər tərəfdən, silah istehsalına ayrılan külli miqdarda vəsait İran iqtisadiyyatını çökdürür və bu vəziyyət əlavə təhlükə mənbəyidir. Ekspertlərin qənaətinə görə, bu gün 80 milyondan çox əhalisi, zəngin təbii sərvətləri, o cümlədən böyük neft və qaz ehtiyatları olan İranın ümumi daxili məhsulu militarist siyasət nəticəsində çox aşağı səviyyədədir. Bu, Tehranın qonşularını narahat edən daha bir ciddi amildir: “İran iqtisadiyyatının tezliklə tam iflas olacağı ehtimalı region üçün bir neçə faciəli ssenarilər vəd edir. Birinci ssenari regional nüvə silahlanma yarışıdır. Nüvə danışıqları nəticəsiz davam edə bilər, lakin İran rejimi diplomatik səylər pərdəsi altında nüvə proqramını davam etdirəcək. Belə olan halda, həmçinin AEBA prosesə nəzarət edə bilməyəcəyi təqdirdə, Tehran nüvə silahına nail olacaq. Bunun qarşılığında isə Yaxın Şərq regionunda digər ölkələr də İranın təhdidinə qarşı nüvə silahlanma yarışına girə bilər. İkinci ssenari İranın başqa bir Şimali Koreyaya, yəni nüvə hərbi diktaturasına çevrilməsi, ağır sanksiyalara məruz qalmış və təcrid olunmuş bir dövlət olmasıdır. Bu ölkədə əhalinin dünyanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək, yoxsullaşma daha da dərinləşəcək. Üçüncü ssenari, İranın Suriya, Liviya və Yəmən kimi “ərəb baharı” adlanan dövlətlərin taleyinə bənzər xaosa düşməsi və idarəsiz olmasıdır”.
Nahid SALAYEV