Məlum olduğu kimi, yanvarın 26-da Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının yeni monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi qərarına sərt reaksiya verib. Rusiya XİN-i bildirib ki, Avroittifaq missiyası geosiyasi qarşıdurmaya səbəb ola bilər və s.
Sözügedən bəyanat Ermənistan ictimaiyyəti və ekspert dairələri arasında böyük əks-səda doğurdu, çox müzakirə olundu. Hətta bir sıra ekspertlər buna görə Rusiyanı nəinki kəskin tənqid, təhqir belə etdilər. Burada maraqlı olan məqam odur ki, vaxtaşırı yüksək tribunalardan kəskin anti-Rusiya bəyanatları ilə çıxış edən Ermənistan hakimiyyəti, iki həftəyə yaxın vaxtın keçməsinə rəğmən, rəsmi səviyyədə bu bəyanata bir kəlmə ilə də olsa münasibət bildirməyib. Susqunluq davam edir və hansısa səviyyədə buna münasibət bildirmirlər.
Maraqlıdır, Ermənistan niyə rəsmi səviyyədə buna öz münasibətini bildirmir?
- “İrəvanda hesab edirlər ki, Rusiya XİN-in bəyanatına hansısa tənqidi münasibət bildirsələr, Kreml daha sərt addımlar ata bilər”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, indiki məqamda Paşinyan hakimiyyəti Moskvadan çəkindiyi üçün vəziyyəti daha da dramatikləşdirmək istəmir: “Onsuz da Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmaq kursu götürüb. Baxmayaraq, Ermənistanın Rusiyadan asılılığı o qədər böyükdür ki, bunu praktiki olaraq həyata keçirmək elə də asan deyil. Kremldə də yaxşı bilirlər ki, Avroittifaq egidası altında gələn missiyanın tərkibi kəşfiyyatçılardan, hərbçilərdən ibarət olacaq. Onlar da bu ad altında Rusiyanın Ermənistandakı hərbi logistik fəaliyyətini, strateji nöqtələrdəki yerini, zəif olduğu sahələri müəyyən edəcək. Bu isə orada gələcək diversiya hadisələrinin törədilməsinə zəmin yaradacaq. KTMT üzvü olan ölkənin sərhədinə kəşfiyyatçılardan və hərbçilərdən ibarət missiya göndərmək Rusiyaya tüpürmək deməkdir. Rusiya XİN-in həddən ziyadə sərt üslubda verdiyi bəyanat Kremlin narazılığının göstəricisi idi. Bu o demək idi ki, Rusiya buna sona qədər dözməyəcək və cavabı hansısa formalarda olacaq. Bir sıra hallarda Paşinyan odla oynadığının fərqində olmur. Ancaq tam əminliklə deyirəm ki, Paşinyan Qərbdən dəstək aldığı üçün belə “cəsarətli” addımlar atır. İrəvanda hesab edirlər ki, Rusiya XİN-in bəyanatına hansısa tənqidi münasibət bildirsələr, Kreml daha sərt addımlar ata bilər. Bəzən Kremlin hansı vasitələrə əl atacağını kəsdirə bilmədiklərindən qorxurlar. Biz nəzərə almalıyıq ki, bu günlərdə Ermənistanda 15 əsgərin yanaraq ölməsi heç də sıradan bir yanğın hadisəsi deyildi. Bu kimi halların davamlı hal alması cəmiyyətin Paşinyana qarşı qalxmasına gətirib çıxara bilər. Nəzərə alsaq ki, Rusiyanın Ermənistanda hərbi bazaları var, kəşfiyyaatı orada fəaliyyətdədir, o zaman hər an nəsə baş verə bilər. Bu baxımdan Paşinyan hakimiyyəti müəyyən mənada qorxur. Nəticədə bəzi məsələlərin üzərindən sükutla keçirlər”.
Vidadi ORDAHALLI