Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçirilən iclasında deyib ki, enerji resursları üçün ümumi bazarların formalaşmasını əməkdaşlığın ən mühüm komponenti hesab edir:
“Bu kontekstdə ümumi qaz bazarının formalaşdırılmasına dair beynəlxalq saziş layihəsinin həll olunmamış məsələləri üzrə mümkün qədər tez bir zamanda konsensusa nail olmaqda maraqlı olduğumuzu qeyd edəcəyəm və onların həllinə konstruktiv yanaşmaya hazır olduğumuzu bir daha təsdiq edəcəyəm”
Onun sözlərinə görə, Aİİ-nin ümumi elektrik enerjisi bazarı məsələləri çərçivəsində “Dövlətlərarası elektrik enerjisinin ötürülməsi xidmətlərinə çıxış Qaydaları” əsasında müəyyən edilmiş çevik və çoxvektorlu yanaşmalar Ermənistan üçün aktualdır:
“Qaydalar İttifaqın üzvü olmayan bir ölkə vasitəsilə - bizim üçün Gürcüstan vasitəsilə - Aİİ üzv dövlətlərinin enerji sistemlərinə qoşulmanı təmin etməyə imkan verəcək və bununla da qarşılıqlı faydalı bazarın bağlanması üçün texniki və hüquqi ilkin şərtlər yaradacaq”.
Paşinyanın ifadə etdiyi layihə ilə bağlı gürcülərin marağı nə ola bilər?
- Əli Mustafa: “Anlayır ki, region ölkələrilə əməkdaşlıq Ermənistanın xeyrinədir, daha münasibdir”
Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa “Bakı-Xəbər”ə bildirdi ki, Güney Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistanın bir arada olması, bir arada əməkdaşlığı həm bu ölkələrin özlərinin marağındadır, həm də digər dövlətlərin. Xüsusilə Avropa ölkələri Güney Qafqaz ölkələrində əməkdaşlığın olmasına çalışırlar. Rusiyanın, İranın və digər dövlətlərin təsirini azaltmaq üçün bu vacibdir. Amma eyni zamanda Gürcüstan da həm Azərbaycanla, həm Ermənistanla əməkdaşlıq etməyə maraqlıdır. Əslində bu, Ermənistanın İranın, Rusiyanın cəngindən qurtarması üçün daha doğru bir addımdır. Anlaşılan odur ki, Ermənistan da bunun fərqindədir, yavaş-yavaş başa düşür. Paşinyan anlayır ki, regionla əməkdaşlıq etmək lazımdır. Sadəcə olaraq adamın həddindən çox dəngəsiz olması, xaotikliyi - gah Rusiyaya, gah Qərbə, gah da İrana, Azərbaycana, Türkiyəyə və Gürcüstana meyllənməsi vəziyyəti bir qədər çətinləşdirir, onun ümumi siyasi kursunun nədən ibarət olduğunu müəyyənləşdirir. Hər halda anlayır ki, region ölkələrilə əməkdaşlıq Ermənistanın xeyrinədir, daha münasibdir. Ola bilsin ki, bu mülahizələrlə də belə bir təkliflə çıxış edir”
- Asif İbrahimov: “Ermənistanım belə enerji potensialı yoxdur”
Beynəlxalq idarəetmə üzrə mütəxəssis Asif İbrahimov isə “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanla Rusiya həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqı daxilində müttəfiqdir. Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlıq haqqında müqavilələr var, Rusiya Ermənistana ucuz qaz satır, onu təşviq edir, dəstək verir və sair. Yəni Rusiya Ermənistanın kaprizilə bir uşaq kimi oynayır. Təbii ki, bunun qarşılığında Ermənistan belə addımlar atırsa, bunun nəticələri, bir cəzası olacaq. Rusiya bunu elə-belə qoymayacaq. Məsələn, bu özünü Ermənistana satılan qazın qiymətinin artırılması, iqtisadi dəstəyin azaldılmasında göstərə bilər. Eyni zamanda, Rusiyanın Ermənistandakı siyasi qüvvələri təşviq edərək, siyasi iqtidarın dəyişdirilməsini sürətləndirməsi mümkündür. Yəni Rusiyanın Ermənistana qarşı təsir və təzyiq vasitələri çoxdur. Artıq Paşinyan bunu anlayır. Buna görə də bəzi manevrlər edir. Bu məsələni qabardır, Avropa müşahidəçiləri ilə yanaşı, KTMT müşahidəçilərinin də ölkəyə gəlişinə etiraz etmir. Son vaxtlar Gürcüstanın da Avropa ilə münasibətləri gərginləşib. Səbəb Rusiyaya loyallıq nümayiş etdirməsidir. Ermənistan bunu anladığı üçün belə təklif irəli sürür. Reallaşacağı isə inandırıcı görünmür. Çünki Ermənistanın belə enerji potensialı yoxdur. Bir sözlə, blefə bənzəyən bəyanatdır”.
Məhəmmədəli QƏRİBLİ