Avropa Birliyindən Gürcüstana sanksiya təhdidi - Azərbaycanın layihələrinə təhlükə varmı...

6 Fevral 2023 19:15 (UTC+04:00)

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin mətbuat katibi Peter Stano deyib ki, Gürcüstan Rusiya ilə aviaəlaqəni bərpa edərsə, Avropa Birliyi Tiflisə sanksiya tətbiq edəcək:

“Rusiya ilə Gürcüstan arasında aviaəlaqənin mümkün bərpası ilə bağlı son müzakirələrdən xəbərdarıq. Avropa Birliyi Gürcüstanı Rusiyanın aviasiya sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yayınma cəhdlərinə qarşı ayıq olmağa çağırır”.

Gürcüstana AB tərəfindən sanksiya tətbiq olunarsa, bunun Azərbaycanın müəllifi olduğu və Gürcüstandan keçən iri  layihələrə nə kimi təsiri ola bilər?

Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə həm Avropa İttifaqı, həm də ABŞ digər üçüncü tərəfə qarşı mövqelərini sərtləşdirib: “Çünki elə eyni vaxtlarda Türkiyənin fərqli sənaye müəssisələrinə qarşı Rusiya ilə ticarət və fərqli əlaqələrdə iştiraka görə sanksiya qoyula biləcəyinə dair xəbərdarlıq gəldi. Avropa İttifaqı Gürcüstanın Rusiyaya hansı şəkildə aviauçuşları bərpa edəcəyi təqdirdə sanksiyaların artacağını bildirdi. Eyni zamanda Avropa İttifaqının, xüsusilə Ukraynanın Gürcüstanla bağlı çox ciddi narazılıqları vardı. Hətta hazırda Gürcüstanda Ukrayna səfirini fərqli bir əməkdaşı əvəz edir. Ölkələrarası gərginlik o həddə çatıb  ki, Ukrayna açıq şəkildə Gürcüstanı Rusiyaya qarşı mövqe qoymağa və Ukraynaya birbaşa dəstək verməyə çağırırdı. Keçmiş prezident Saakaşvili üzərində də Ukrayna ilə Gürcüstan arasında problemlər var. Eyni problemlər Avropa İttifaqı ilə Gürcüstan arasındakı münasibətləri də gərginləşdirir. Avropa İttifaqı Gürcüstanı açıq şəkildə Rusiyaya məsafə qoymağa, Rusiyadan aralanmağa, birbaşa Ukraynaya yardım etməyə çağırır. Məhz bu məsələlər vaxtaşırı olaraq Gürcüstanla Ukrayna arasında münasibətlərin gərginləşməsinə səbəb olur. Halbuki bir müddət əvvələ qədər bu iki ölkə müttəfiq sayılırdı”.

Ekspertin sözlərinə görə, Gürcüstan burada əsasən öz təhlükəsizliyindən çıxış edirdi: “Gürcüstan bilirdi ki, hansısa şəkildə Ukraynaya dəstək verərsə, Rusiya ilə sanksiyaları gücləndirərsə, bu, Rusiya tərəfindən Gürcüstana əlavə hərbi aqressiya ilə nəticələnə bilər. Gürcüstan Rusiya hərbi aqressiyasının 2008 - ci ildə bir dəfə şahidi olub və yenidən bunun hədəfi olmaq istəmir. Aydın məsələdir ki, böyük ehtimal, rəsmi Tiflis Avropa İttifaqının bu xəbərdarlığından sonra geri addım atacaq və Rusiya ilə aqressiv əlaqələrini bərpa etməyəcək. Ancaq belə olarsa, Gürcüstana ciddi sanksiyalar qoyularsa, bunun, böyük ehtimal, Azərbaycanın Avropaya gedən neft və qaz kəmərlərinə təsir etməyəcəyini düşünürəm. Çünki həmin neft kəmərləri ilə gedən strateji məhsullar Azərbaycana məxsusdur. Gürcüstan tranzit ölkə kimi istifadə olunur. Ona görə də bu məhsullarla bağlı hansısa ciddi sanksiya qaldırılacağını düşünmürəm. Ancaq Azərbaycanla Gürcüstanın ortaq iqtisadi - siyasi maraqları təhlükə altına düşə bilər. İlk öncə ölkələrarası birgə iqtisadi layihələr zərər çəkə bilər. Ölkələr arasında planlanmış iqtisadi mühit zərər çəkə bilər. Azərbaycan Gürcüstanın yeganə dünya okeanına birbaşa çıxış yoludur. Azərbaycanın Gürcüstandan keçməklə dünya okeanına çıxmağı, nəqliyyat, yükdaşıma zərər çəkə bilər. Bundan başqa, Gürcüstan iqtisadiyyatı Azərbaycanın iqtisadi əlavəsi kimi çıxış edir. Gürcüstanın istənilən halda, hansı şəkildə sanksiyaya məruz qalması və əziyyət çəkməsi Azərbaycana dolayı yolla təsir edəcək. Heç bir halda bunun birbaşa neft və qaz məhsullarına təsir edəcəyini düşünmürəm. Ancaq digər iqtisadi sektorlarda açıq - aydın Gürcüstanın özünü, dolayı yollarla Azərbaycanı hədəf ala və bizə kifayət qədər zərər vura bilər”.

Məhəmmədəli QƏRİBLİ