Son zamanlar sosial şəbəkələrdə və bəzi internet televiziyalarında deputatlarla bağlı müəyyən fikirlər səsləndirilir. Bu günlərdə partiya sədrlərindən biri internet televiziyalarından birində belə bir fikir işlədib ki, parlamentdə 5-10 nəfər ağıllı deputat var.
Söhbət ondan gedir ki, burada heç bir deputatın adı çəkilməyib. Deyilməyib ki, kimlər ağıllı, kimlər ağılsız deputat hesab olunur. İnternet televizyasında, böyük sosial şəbəkədə belə ideya, fikir səslənəndən sonra bizim Milli Məclisin deputatları bu xəbərə hansı reaksiyanı verməli idilər?
- “Partiya sədrləri də ad çəkməkdən çəkinməməlidirlər”
Siyasi şərhçi Azər Həsrət hesab edir ki, bu məsələyə bir deyil, bir neçə aspektdən yanaşmaq lazımdır. “Bu məsələyə Milli Məclisin deputatları necə reaksiya verməlidirlər? Ümumiyyətlə, reaksiya verməlidirlərmi? Bu, sözü deyən adamın şəxsiyyətinə, çəkisinə, cəmiyyətə, ictimai rəyə təsir etmə imkanlarına baxır. Əlbəttə, ciddi təsir imkanları olan birisi belə bir ifadə işlədirsə, ondan tələb olunmalıdır ki, birinci ağıllı saydıqlarının adlarını açıqlasın, ağılsız olanlar da bəlli olacaq, yəni yerdə qalanlar hamısı ağılsızdır. Birincisi, bir partiya sədri bu cür ifadə işlətməyi özünə yaraşdırmamalıdır. İkinci bir tərəfdən də, yox, əgər bu bir qovluğundan, bir özündən ibarət olan partiya sədridirsə, sözsüz ki, ona baş qoşmamaq da olar. Yəni sözdü deyib, üstündən keçib getmək olar. Amma ümumilikdə götürdükdə, çox təəssüf ki, Milli Məclisin tərkibi ilə, deputatlarla bağlı tənqidlərə əksər deputatlar reaksiya verməməyə üstünlük verir. Bunun özü yaxşı hal deyil. Amma demirəm ki, deputatlar yüngülsaqqallıq edib hər şeyə reaksiya versinlər. Yox, verməsinlər. Amma bəzən Milli Məclislə bağlı elə məsələlər olur ki, onlara mütləq reaksiya vermək lazımdır. Baxırıq ki, ortalıqda üç-beş deputat olur, onlar bu cür məsələlərə həmişə reaksiya verirlər, hər zaman gündəmdədirlər, ictimai müzakirələrdə iştirak edirlər, amma böyük əksəriyyıət ümumiyyətlə ortalıqda görünmür”.
Bu baxımdan, A.Həsrətin fikrincə, Milli Məclisin qüsurlu olduğunu deyə bilərik, amma ümumilikdə deyil. O qeyd etdi ki, Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla parlamentdə bir kəsim var ki, çox aktivdir, Qafarova özü çox aktiv sədrdir. “Şəxsən mən onu müstəqillik dönəminin ən fəal parlament sədri kimi görürəm. Amma ümumilikdə götürdükdə, deputatların çoxu passivdir. Bu deputatların da passivliyi bəzi partiya sədrlərinin o cür ifadə işlətməsinə yol açır. Baxırlar ki, heç nəyə reakiya vermirlər, ictimai müzakirələrdə iştirak etmirlər, qanun layihələrinin müzakirəsinə qatılmırlar. Elə deputat var ki parlamentdə bir neçə dönəm oturub, amma heç kəs onun bir çıxışını, bir fikrini xatırlamır. Son seçkidə seçilən gənc qızlar var, heç nə ilə fərqlənməmişdilər, amma götürüb onları kimsə parlamentdə oturdub. Oturandan sonra da bu adamların hər hansı bir fəaliyyətini biz görmürük. Bu şeylər, təbii ki, parlamentin tərkibi ilə bağlı əlavə suallar doğurmaya bilməz.Amma partiya sədrləri də ad çəkməkdən çəkinməməlidirlər. Konkret olaraq demək lazımdır ki, bəli, filan deputat bacarıqsızdır, təcrübəsizdir, öz yerinə deyil, təsadüfən parlamnetdə oturdulub. Belə ifadələr işlətmək olar, amma ucdantutma demək ki, 5-10 nəfər ağıllı deputat var, bu bir az yaxşı söhbət deyil, üstəlik də partiya sədrinə yaraşacaq söhbət deyil. Əlbəttə, o çıxışı izləməmişəm. Partiya sədrinin partiyasının çəkisini də tərəzinə gözünə qoyub baxmaq lazımdır ki, ictimai rəyə nə qədər təsir edir” -deyə A.Həsrət qeyd etdi.
Əli TURABOV