Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər;
Nə dilbər, dilbəri-şahid, nə şahid, şahidi-sərvər.
Bu beyt görkəmli Azərbaycan şairi, anadilli klassik poeziyamızın banilərindən biri İzzəddin Həsənoğlunundur. İ.Həsənoğlunun bu qəzəlini bir sıra tədqiqatçılar ilk ana dilli qəzəl örnəyi hesab edirlər. İ.Həsənoğlunun qəzəlləri, yaradıcılığı Azərbaycan-türk dilli nümunələrdir.
İzzəddin Həsənoğlu XIII-XIV əsrlərdə yazıb-yaradıb, həm türkcə, həm farsca sufi şeirləri yazıb. Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi "Təzkirətüş-şüəra" əsərindən aşkar edilib.
İzzəddin Həsənoğlu XIII əsrin ikinci yarısında Xorasan vilayətinin Əsfərain şəhərində dünyaya gəlib və orada da yaşayıb. Sufi şeyxi Raziyəddin Əli Lələnin tələbəsi sufi şeyxi Cəmaləddin Əli Zakirin müridi olub. Bundan sonra Şeyx İzzəddin Əsfəraini adı ilə də tanınıb. Azərbaycanca olan şeirlərində "Həsənoğlu", farsca olan şeirlərində isə "Puri-Həsən" təxəllüsünü işlədib. Divanı Azərbaycan və Rumda geniş yayılıb, şeirləri XIV əsrdə Xarəzm, Qıpçaq eli və Misirdə oxunub.
Həsənoğlunun azərbaycanca "Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər", "Necəsən gəl, ey yüzü ağım bənim" və "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı 3, farsca isə "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim" başlıqlı 1 qəzəli məlumdur.
Misirdəki Məmlük dövləti dövrünün şairi Seyf Sarayi Həsənoğlunun "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" qəzəlinə, Anadoluda yaşayıb-yaratmış şairlər; Namusi və Ömər ibn Məzidi isə şairin başqa bir qəzəlinə nəzirə yazıb.
Həsənoğlunun "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı azərbaycanca qəzəli Türk ədəbiyyatı tədqiqatçısı Səadətdin Nüzhət (Ərgün) tərəfindən Ömər ibn Məzid tərəfindən 1437-ci ildə tərtib edilmiş "Məcmuatun-nəzair" məcmuəsindən aşkar edilmiş və 1928-ci ildə "Milli Məcmuə" adlı toplunun 9-cu cildində özü yazdığı məqalə ilə yayımlanıb.
Amma çox təəssüf ki, bu gün molla rejiminin Azərbaycan türklərinə göstərdiyi mənfi münasibət özünü hərtərəfli şəkildə göstərir. Dahilərimizin irsinə hər cür yamaq vurmaqdan bezməyən fars rejimi indi də onların məzarlarıan əl uzadır. Belə ki,
Həsənoğlunun Xorasandakı məzarı dağıdılıb. Hazırda İran adlanan ölkənin ərazisi olan Xorasanda qüdrətli şairin məzarı darmadağın edilib.
“Yazıblar ki, farslar qəbiri dağıdıb …”
Bu barədə cəfakeş tədiqatçı Əli Şamil özünün sosial şəbəkə hesabında məlumat yayıb. “Bu səhər isə acı bir xəbər gəldi. Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirərlər”.
Əli Şamil “Bakı-Xəbər”ə açıqlamasında İ.Həsənoğlunun məzarının dağıdılmasını ciddi tənqid etdi.
O vurğuladı ki, Azərbaycanda araşdırıcılar ana dilimizdə şeirləri bizə gəlib çatan şairdən söz edəndə birinci İzzəddin Həsənoğlunun adını çəkirlər.
“...TRT-nin keçmiş əməkdaşı, hazırda Avrasiya Universitetində müəllim işləyən, dosent Seyfəddin Altaylı Həsənoğlunun Məhəmməd əleyhissəlama həsr etdiyi "Sirət-in Nəbi" adlı məsnəvisini tapıb. Araşdırıcı bu böyükhəcmi əsər üzərində 10 ilə yaxın işləyib. Ötən müddətdə mövzu ilə bağlı mətbuatda bir neçə məqalə çap etdirib. . "Sirət-in Nəbi"nin elmi tənqidi mətni üzərindəki işini başa çatdırıb nəşriyyata təhvil verib.
Həsənoğlunun adının son dövrlər tez-tez çəkilməsi yerli milli ziyalıları da hərəkətə gətirdi. Şairin uçub dağılmış qəbrini ötən il bərpa etdilər. Qəbrin bərpa edilmiş vəziyyətdəki üç şəkilini FB paylaşmışdıq. İndi də təkrar paylaşıram. Bu səhər isə acı bir xəbər gəldi, Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Yazıblar ki, farslar qəbiri dağıdıb. Buna mən inanmıram. Hökumətin icasəsi olmadan belə bir addımı heç kim atmağa cəsarət etməz. Ciddi araşdırma aparılsa görəcəyik ki, qəbiri hökümətdə çalışanların tapşırığı ilə fars millətçisindən çox fars olan türkün əli ilə dağıtdırıblar. Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirələr. Təqdim etdiyim sonuncu şəkil qəbirin dağıdılmış vəziyyətidir”-deyə Ə.Şamil vurğuladı.
Leyla QARAXANLI