Aşpazlara universitet təhsili lazımdır?..

6 Fevral 2023 18:47 (UTC+04:00)

Azərbaycanda aşpazlar ali təhsil ala biləcək. Bunu Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova media nümayəndələrinə açıqlamasında bildirib. O qeyd edib ki, artıq İşçi qrupu və burada olan Elm və Təhsil Nazirliyinin nümayəndəsi ilə çalışmalara başlanılıb.

Maraqlıdır, Azərbaycanda universitetlərdə hansı ixtisaslar peşə təhsili formasında tədris oluna bilər, ümumiyyətlə, aşpaz və bu kimi ixtisasların ali təhsil səviyyəsində tədrisinə ehtiyac varmı?

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda turistlərə göstərilən bütün xidmət sahələri bir-biri ilə vəhdət təşkil edir: “Ölkəyə gələn turist hər hansı iaşə müəssisəsində qidalanırsa və xoşu gəlmirsə, yemək köhnə olursa, bundan ən çox əziyyət çəkən turizm şirkətləri olur. Ona görə də otellər, restoranlar qidalanmaya nəzarət etməli, ölkəyə gələn turistə ən azı iki-üç menyu təklif olunmalıdır. Bu baxımdan otel rəhbərliyi aşpazı işə götürəndə nəzərə almalıdır ki, başqa ölkələrdən turistlər gəlir. Ona görə də aşpazlarımız yerli mətbəxlə yanaşı, Avropa, ərəb, hind, yapon mətbəxini də bilməlidir. Hansısa rayonda bu gün suşi hazırlanırmı? Xeyr! Bunu ancaq Bakıda dada bilərsiniz. Bütün bunları etmək heç də çətin deyil. Amma biz, sadəcə, çoxlu pul qazanmaq istəyirik. Bu da bizi tənəzzülə aparır”.

Aşpaz Aqil Məmmədov qeyd etdi ki, bu sənətlə bağlı yaxşı peşə məktəbləri var: “Bu tip təhsil ocaqlarının çox gözəl müəllimləri var, tədris lazımi səviyyədə aparılır. Əlbəttə ki, tədrislə yanaşı, təcrübə də lazımdır. Nəzəriyyə vasitəsilə qida fiziologiyası, mikrobiologiya, qidadakı mikroblar və sair haqda öyrənmək lazımdır. Eləcə də, gələcəkdə yaxşı aşpaz olmaq üçün restoran idarəetməsi və sahibkarlıqla bağlı müəyyən biliyə sahib olmaq lazımdır. Aşpazlar işləyə-işləyə istər yerli, istər Avropa, istərsə də Asiya mətbəxi ilə bağlı biliklərini artırmalıdırlar. Belə olduğu halda gələcəkdə güclü peşəkarlar ola bilərlər. Onu da deyim ki, xarici ölkələrdə aşpazlığın ali təhsil pilləsi də var. Azərbaycanda da belə bir imkanlar yaradılsa, çox yaxşı olar. Düzdür, aşpazlar özəl CASA Kulinariya Mərkəzində peşəkar təlim-təcrübə proqramı keçirlər. Amma belə bir dövlət müəssisəsi olsa, daha yaxşı olar. Çünki orada hər adam təcrübə keçə bilmir. Ancaq dövlətə məxsus aşpazlıq akademiyası olsa, bu sənətə yiyələnmək istəyən insanlar imtahan verərək qəbul ola bilər. Belə ali təhsil ocaqları Türkiyədə, Almaniyada, İtaliyada var. Azərbaycanlıların imkanı çatmır o müəssisələrdə oxusun, çünki bahadır. Azərbaycanda da belə ali təhsil müəssisəsinin olması üçün kifayət qədər imkanlar var”.

Təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, aşpaz, turizm bələdçisi, elektrik mühədisliyi kimi peşələrin ali təhsil səviyyəsində tədrisinə ehtiyac yoxdur: "Bunlar daha çox istehsalatla bağlı peşələrdir və 4 il ali təhsil alıb oxumağa ehtiyac yoxdur. Onlar bazara daha tez gəlməlidirlər və auditoriyada yox, birbaşa olaraq istehsalatda yetişməlidirlər. Ötən beş ildə Azərbaycanda ən çox ərzaq və qeyri-ərzaq məhsullarının satıcıları, ictimai işlərdə çalışanlar, menecerlər, müəllimlər, tikinti və sənaye fəhlələri, ustalar, kommunal xidmətlər sahəsində çalışanlar, müxtəlif təyinatlı nəqliyyat vasitələrinin sürücüləri, mühafizəçilər ilə əmək müqavilələri bağlanıb. Son 10 ilin təhlilinə görə, kargüzarlıq, mühasibatlıq, audit, müştəri xidmətləri, maliyyə analizi, satış nümayəndələri və inşaat işçiləri əmək bazarında aktuallığını itirməyən peşə və ixtisaslar sırasındadır. Əmək bazarında İKT sahəsi üzrə peşələrə - proqramçı, kompyuter mühasibliyi, kompyuter texnikasının təmiri ustası, kompyuter dizayneri, internet üzrə operator, həmçinin müxtəlif xidmət sahələri üzrə peşələrə; aşpaz, ofisiant, barmen, mehmanxana qulluqçusu, bərbər və s. böyük tələbat var. Eyni zamanda ixtisaslı fəhlə peşələrinə - elektrik-qaz qaynaqçısı, avtomobilin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, rəngsaz, elektrik qaz qaynaqçısı, dülgər-xarrat, mebel quraşdırıcısı, çilingər-yığıcı, tikişçi, elektrik avadanlıqlarının tənzimləyicisi, geniş profilli dəzgahçı, xalçaçı, şəbəkəçi, qənnadçı və s. peşələrə böyük ehtiyac var. Hesab edirəm ki, Azərbaycanda gələcəkdə məlumatların təhlili və analizi, süni intellekt və böyük məlumatlar (Big Data) bazası, rəqəmsal marketinq və strategiya, habelə prosesin avtomatlaşdırılması mütəxəssislərinə böyük tələbatın yaranacağı gözlənilir. Ölkədə karyera planlaşdırılmasında da problemlər var. Yəni, bir milyondan çox ali təhsilli şəxsin olmasına baxmayaraq, əmək bazarının tələblərinə cavab verən şəxs tapmaq çətindir. Buna görə də məktəblərdə karyera planlaşdırılması dərsi keçirilməlidir ki, bu uşaqlar ixtisas seçimini düzgün etsinlər. Çünki ixtisas seçimi iqtisadiyyata girişin ən vacib sütunlarından biridir".

Əmək bazarındakı acınacaqlı vəziyyətdən danışan ekspert bildirib ki, ölkəmizdə hər il minlərlə tələbə ali məktəbləri bitirərək iş axtarışına çıxır. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün tələbat azalıb. Valideynlər Sovet dövründə olduğu kimi, indi də övladlarının ya hüquq, ya da tibb fakültəsində oxumasına cəhd etsələr də, bazarda belə ixtisaslara tələbatın olmaması vəziyyəti gərginləşdirib. Bu gün əmək bazarında tələblə təklif üst-üstə düşmür. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır”.

Günel CƏLİLOVA