Polietilen torbaların pullu olacağı ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib.
Qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.
Məlumdur ki, ölkədə qiymət artımı yaşanır. Belə bir ərəfədə polietilen torbaların pulla satılması nə dərəcədə düzgündür? Onu da qeyd edək ki, bir neçə il əvvəl ekologiyanın qorunması məqsədilə adıçəkilən məhsulun tamamilə ləğv edilməsi gündəmdə idi. Polietilen torbaları isə kağız və ya parça torbalar əvəz etməli idi. Ancaq bu məsələ elə söz olaraq qaldı.
- “Bu addımı etməkdə məqsəd ekologiyanı qorumaq deyil, əsl niyyətləri müxtəlif üsullarla əhalidən pul əldə etməkdir”
Mövzu ilə bağlı fikir bildirən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, marketlərdə polietilen torbaların pulla satılması biabırçı bir qərardır. Əhali buna hazır deyil: “Bu addımı atmaqda məqsəd ekologiyanı qorumaq deyil, əsl niyyətləri müxtəlif üsullarla əhalidən pul əldə etməkdir. Ekologiyanı zərərli vərdişlərdən müxtəlif formada qorumaq olar. Ilk növbədə polietilen torbaların alternativi olmalıdır ki, əhali bundan imtina etsin. Təbiətdə parçalanan, ekologiyaya zərər vurmayan materiallardan hazırlanan qablaşdırma olmalıdır. Bunlar kağız, parça torbalar və şüşə qablar olmalıdır. Ekologiyaya zərər vurmayan məhsullar istehsal olunmalıdır”.
Sosioloqun sözlərinə görə, hazırda insanların həyat tərzi bu cür formalaşıb. Insanlar alış-verişi polietelin torbalar vasitəsilə edir. Ekologiyanı qorumaq məqsədi ilə bu vasitələri pulla satmaq çıxış yolu deyil. İlk növbədə onların əvəzləyicilərini dövriyyəyə buraxmaq gərəkdir. Keçmişdə olduğu kimi, kağız, karton, parça paketlərdən istifadəyə keçmək lazımdır. Lakin zibil məsələsində problem yaranacaq. Yaxşı olar ki, bio-paketlər istehsal olunsun: “Bu kampaniya əhalidən əlavə pul qoparmaq üçün yox, sağlamlıq və ekoloji mühit üçün həyata keçirilməlidir. Təbii paket və qablar istehsal edən müəssisələr açılmalı, vergidən azad edilməlidir ki, ucuz məhsul buraxa bilsinlər. Bundan başqa, şüşə qəbulu məntəqələri bərpa edilməlidir. Hər şüşə üçün 10 qəpik təklif edilməlidir. Plastik qablar tam qadağan olunmalıdır, onlar xərçəng xəstəliyi yaradır”
Həmsöhbətimiz xüsusi olaraq qeyd etdi ki, polietilen torbaların alternativi yaradılmadan onların pulla satılması düzgün deyil.
Günel CƏLİLOVA