Yaxın zamanlarda Qarabağa Böyük Qayıdışa başlanılacaq. Bu , müasir Azərbaycan tarixinin ən mühüm hadisəsidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması dünya səviyyəsində də Azərbaycanın strateji rolunu birə-beş artırır.
Bu məqsədlə də, 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə yerli və xarici sahibkarlıq subyektləri biznesin qurulmasına böyük maraq göstərir. Bilirik ki, işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı mühüm addımlar atılır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə KOBİA adlı qurum yaradılıb. Onun başlıca qayəsi ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləmək, KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirməkdir. Eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edirlər. Bu günlərdə sahibkarların müraciətlərinin sayı açıqlanıb və azad rayonlarımızda biznes qurmağa maraqlı olanların sayının kifayət qədər olduğu üzə çıxıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupu da fəaliyyət göstərir.
- Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlarımızın rolu
Bununla yanaşı, bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən qadın sahibkarlar da az deyil. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdikləri layihələrin əksəriyyəti ticarət və xidmət, sənaye, kənd təsərrüfatı, turizm, tikinti işləri, təhsil, səhiyyə sahələri və s. üzrə olub.
Qeyd edilir ki, sahibkarlıq subyektləri tərəfindən işğaldan azad edilən ərazilərdə xidmət, logistika, istehsal sahələri üzrə fəaliyyət göstərməklə bağlı Sahibkarlığın İnkişafı Fonduna müraciətlər daxil olmaqda davam edir. Fond həm dövlət zəmanətli kredit, həm güzəştli kredit istiqamətində bu sahibkarlarlıq subyektlərinə dəstək göstərir. Eləcə də işğaldan azad olunan ərazilərlə bağlı Fond tərəfindən əlavə maliyyələşmə mexanizmləri üzrə təhlillər aparılır.
İşğaldan azad edilmiş ərazilərimizi bərpası məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Park yaradılıb: “ Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Park yaradılandan orada işlərin görülməsi mərhələli şəkildə, plana uyğun olaraq həyata keçirilir.
190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
- Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilib
İqtisadçı Elşən Əliyev bizimlə söhbətində bildirdi ki, işğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər digər genişhəcmli güzəştlərlə əhatə olunacaq:
“İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilib. İşğaldan azad olunan ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur”.
Bir sözlə, bütün bu sadalananlar Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafının diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.