Bakıda şadlıq saraylarında qiymət artımları qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, ötən aylarla müqayisədə şadlıq evlərində 30 faiz qiymət qalxıb. Qiymət artımı daha çox 40 manatadək olan menyularda özünü göstərir. Hazırda 40 manata kimi menyularda qiymətlər 30 faizə qədər artıb.
Bununla yanaşı, dəyəri 40-80 manat olan menyuların qiyməti də 20 faizdən çox yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində isə 17 faiz civarında artım qeydə alınıb.
Qeyd edək ki, koronavirus pandemiyası dövründə şadlıq evlərinin fəaliyyəti məhdudlaşdırılmışdı. 2021-ci ilin iyun ayında əmizdə toyların keçirilməsinə rəsmən icazə veriləndən sonra şadlıq evlərində qiymət artımı, demək olar ki, hər rüb qeydə alınır. Restoranlar şəbəkəsi bunu ölkədə və dünyada yaşanan qiymət artımı ilə izah edir.
Maraqlıdır, bu sahə necə tənzimlənməlidir ki, qiymət artımı qeydə alınmasın?
- “Son aylar ərzaq məhsullarının qiymətində baş verən bahalaşma həm şadlıq evlərində, həm də digər restoranlarda qiymətə təsir edir”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqamasında qeyd etdi ki, şadlıq saraylarında qiymətlərin qalxması təsadüfi deyil. Şadlıq saraylarına böyük tələbat var. İnsanlar həmin məkanlarda xeyir iş keçirmək üçün aylarla növbəyə dayanır: “Tələb artdığı üçün təbii olaraq qiymətlər də qalxır. Belə olan halda şadlıq evlərində keyfiyyət aşağı düşür. Bu, bazarın qanunudur. Təəssüf ki, dövlət orqanları buna tam şəkildə müdaxilə edə bilmir”.
E.Hüseynov onu da əlavə etdi ki,şadlıq evləri Azərbaycanda ən böyük və ciddi problemlərdən biridir. Süfrəyə təqdim olunan təamların qiyməti ilə keyfiyyəti üst-üstə düşmür: “Bu proses hələ uzun müddət davam edəcək. Onu da deyim ki, şadlıq evlərinin menyunun qiymətini bahalaşdırması səbəbsiz deyil. Son aylar ərzaq məhsullarının qiymətində baş verən bahalaşma həm şadlıq evlərində, həmçinin də digər restoranlarda qiymətə təsir edir. Ərzaq məhsullarının qiyməti bahalaşdıqca menyu qiymətləri də artmaqda davam edəcək”.
Həmsöhbətimiz bildirdi ki, qiymətlərin artmasının şadlıq evlərində xidmətlərə tələbatı azaltdığı barədə məlumatlar isə inandırıcı görsənmir. Birlik sədri hazırda şadlıq evi biznesində tələbin təklifi üstələdiyini, bunun isə menyu qiymətlərinə təsir etdiyini dilə gətirdi. Ümumiyyətlə, şadlıq evlərində müştəriyə menyu seçməyə icazə verilmir: “Onlar müştəriyə azad menyu seçimi imkanı yaratmırlar. Şadlıq evlərində istehlakçının seçim hüququ yoxdur. Toya bir gün qalmış şadlıq evləri şərtlərini diqtə edir. Şadlıq evlərində istehlakçı hüquqlarının pozulması hallarına çox rast gəlinir”.
Günel CƏLİLOVA