Məlum olduğu kimi, bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri vergiyə cəlb olunacaq. Bu məlumatdan sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır.
Maraqlıdır, söhbət əmək haqqı, pensiyasa kartlarında gedir ya depozit kartlarından?
- Xalid Kərimli: “Şəxsin öz debet kartına və ya depozit hesabına qoyduğu pulun əsas məbləğindən vergi tutulmayacaq, söhbət...
İqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, söhbət depozitə görə gələn faiz gəlirindən gedir. Bu söhbətin əmək haqqı kartlarına aidiyyəti yoxdur: “Yəni bank depozitin qalığına görə əmanətçiyə faiz verirsə, həmin faizdən vergi hesablanacaq. Şəxsin öz debet kartına və ya depozit hesabına qoyduğu pulun əsas məbləğindən vergi tutulmayacaq. Söhbət yalnız o pula görə bankın verdiyi faiz gəlirindən gedir. Faiz gəliri varsa mütləq vergi ödənilməlidir. Faiz gəlirinin də 10 faizi vergi ödənilir”.
- Vüqar Bayramov: “Kartdakı vəsait faiz gəliri gətirmirsə heç bir halda vergi ödəmək tələb oluna bilməz”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, eyni zamanda, ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend və faiz gəlirləri vergidən azad olundu: “Bu, məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azad olmalar siyahısında deyil.
Həmin məcəllənin 123-cü maddəsi ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutulur. Deməli, kartlarda olan vəsaitlərlə bağlı iki hal mümkündür.
1. Əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur.
2. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər”.
Millət vəkili xüsusi olaraq bildirdi ki, kartdakı vəsait faiz gəliri gətirmirsə heç bir halda vergi ödəmək tələb oluna bilməz
Günel CƏLİLOVA