Qərbi Azərbaycanın Sosialist Əməyi Qəhrəmanları - şovinist ermənilər necə mane olurdular…

6 Fevral 2023 17:12 (UTC+04:00)

Zəhməti, əməyi, alın təri ilə yaşamağı özünə yol yoldaşı seçən Azərbaycan insanı həyatını bu motivə kökləyib. Azərbaycan xalqı tarixdə neçə-neçə əmək qəhrəmanı yetişdirib, dünyaya saysız zəhmət adamı bəxş edib. SSRİ-nin ali mükafatlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adı alanlar sırasında azərbaycanlılar da az deyil.

Məlumat üçün bildirək ki, SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilib. 134 nəfərə verilən Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınıb.

Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülən ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olub.

“Mən Qərbi azərbaycanlılaym” rubrikasında Qərbi Azərbaycan əsilli Sosialist Əməyi Qəhrəmanlarından söhbət açacağıq. 

Firudun Qulu oğlu Ağayev 1943-cü, Mustafayeva Mərziyyə Mahmud qızı 1950-ci, Adcoş İbrahim qızı Əliyeva  1950-ci,  Mustafa Ağabəy oğlu Topçubaşov 1957-ci , Musa Xudakərim oğlu Bayramov 1959-cu, Şamama Məmmədkərim qızı Ələsgərova 1969-cu,  Pənah Allahverdi oğlu Həsənov 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüblər.

Adlarını qeyd etdiyimiz şəxsiyyətlərin hər biri Qərbi Azərbaycan doğumludur. Onların bir qismi öz doğma el-obasında yaşayıb, əmək-zəhmət çəkərkən Sosialist Əməyi Qəhrəmanı adını alıb, bəziləri də Azərbaycan Respublikasında yaşayıb və bu fəxri adı buradakı fəaliyyətinə görə alıb.

Məlumatlara görə, Qərbi Azərbaycanda yaşayan əmək adamlarına Sosialist Əməyi Qəhrəmanı adının verilməsi məsələsinə erməni məmurlar, vəzifəli şəxslər çox qısqanc yanaşıblar, azərbaycanlıların siyahısını Moskvaya göndərmək istəməyiblər. Bu səbəbdən də Qərbi Azərbaycanda yaşayan soydaşlarımız arasında bu ada layiq görülənlərin sayı elə də çox deyil. Soydaşlarımız öz vətənlərində daim bura gəlmə olan ermənilərin bu kimi paxıllıqları ilə qarşılaşıblar. Erməni rəhbərlər indiki Ermənistana gələn bütün fəxri adların, digər mükafatların əsasən erməni “əməkçilərinə” verilməsində maraqlı olublar. Onlar imkan verməyiblər ki, azərbaycanlılar kütləvi şəkildə bu adlara layiq görülsünlər. Onların əvəzinə erməniləri irəli çəkiblər.

Biz bunu Sosialist Əməyi Qəhrəmanlarının siyahısında da görürük ki, Ermənistandan bu fəxri adı alanlar içərisində daha çox ermənilərin adı var, hətta azərbaycanlıları o siyahıya daxil etməyiblər.

Məsələn, 1917-ci ilin 20 mart tarixində Noyenberyan rayonunUN Yuxarı Körpülü kəndində doğulan və tütünçülük sahəsindəki zəhmətinə görə 1950-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən Mərziyyə Mahmud qızı Mustafayevanın adı bu siyahıda yoxdur. Bütün ömrünü əməyə, zəhmətə həsr edən M.Mustafayevanın adını ermənilər sənədlərdən çıxarıb. Yaxınlarının verdiyi məlumata görə, Sosialist Əməyi Qəhrəmanı olan Mərziyyə xanımın taleyinə Qərbi Azərbaycandan, öz yurdundan didərgin düşmək də yazılıb. Həyat yoldaşı Hacıyev Məhəmmədi İkinci Dünya müharibəsində itirən M.Mustafayeva yeganə övladı Səadəti böyüdüb ərsəyə çatdırır, Səadətin həyatdan nakam köçməsi ananı dərindən sarsıdır, amma o özünü övladından yadigar qalan nəvələri ilə ovudur. 17 dekabr 2000-ci ildə ilə Bakıda vəfat edən əmək qəhrəmanı qaçqınlıq həyatı ilə heç barışmaq istəmir. Hətta əslən Qərbi Azərbaycandan olan bir qrup şəxslə Moskvaya gedir ki, Qorbaçovla görüşsün və Qərbi azərbaycanlıların dərdini, ermənilər tərəfindən deportasiya edildiklərini oan çatdırsın. M.Mustafayevanın tələbi o olub ki, Qərbi azərbaycanlılar yenidən öz torpaqlarına qayıtmalıdır və SSRİ rəhbərliyi də bunu həyata keçirməlidir. Amma və lakin ağbirçək əmək qəhrəmanının tələbi yerinə yetirilmir. Amma o bir gün də olsun Qərbi Azərbaycana qayıtmaq ümidini üzməyib, son nəfəsinə qədər əllərini məmləkətə sarı uzadıb. Hər insanın Vətəninə yolu onun ürəyindən keçir… Onu da qeyd edək ki, M.Mustafayeva Bakıya gələndən sonra o zaman Azərbaycan SSR-ə rəhbərlik edən Ə.Vəzirovun qəbuluna gedib. Nəvələri danışırlar ki, hökumət dərhal nənələrini evlə təmin edib. Bu gün Qərbi Azərbaycana qayıdışın astanasında olduğumuz bir vaxtda Mərziyyə xanımın da ruhunun şad olduğuna şübhəmiz yoxdur.       

19 fevral 1898-ci ildə Zəngəzur qəzasının Aldərə kəndində (Meğri rayonu) doğulan Firudin Qulu oğlu Ağayev 1943-cü ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb. O, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlı dəmiryolçudur. Aldərə kəndində sadə kəndli ailəsində anadan olan F.Ağayev atası vəfat edəndən sonra Bakıya üz tutur. Öz xatirələrində yazır ki, burada o, neft çənləri düzəldilən zavodda fəhlə, sonra isə çilingər şagirdi kimi çalışmışdır. Bir müddət sonra Bakı deposuna işə düzələn gənc, öz dili ilə desək, "parovozlara vurulur" və təhsilsiz olmasına baxmayaraq, onların quruluşunu öyrənməyə başlayır. Texnikaya olan marağı nəticəsində onu maşinist köməkçisi təyin edirlər. Özü üzərində çalışan Firudin 22 yaşında yazıb-oxumağı öyrənmiş, daha sonra isə qəliz texniki ədəbiyyatla tanış olmağa başlamışdır. Dövrün reallıqlarını dərk edən gənc 1924-cü ildə Azərbaycan Kommunist Partiyasına üzv olmuş, sonra isə Tiflisdə parovoz maşinistləri kurslarını əla qiymətlərlə bitirmişdir. Firudin Qulu oğlu Ağayev 1958-ci ildə Bakı şəhərində vəfat edib.

Qeyd edək ki, 1943-cü il aprelin 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə dəmir yollarında hərbi vəziyyət elan olundu. Qərara əsasən, dəmir yollarının bütün fəhlə və qulluqçuları müharibənin sonuna qədər dəmir yollarında işə səfərbər olunmuş hesab edilirdilər. Firudin Ağayev 4000 ton yükü olan qatarları birdəfəyə aparan ilk maşinistlərdən olmuşdur.

Digər Sosialist Əməyi Qəhrəmanı Musa Xudakərim oğlu Bayramov isə 12 aprel 1901-ci ildə Zəngəzur qəzasında, İrəvanın Qarakilsə kəndində doğulub

Neftçıxarma sənayesi qabaqcılılı kimi 1959-cu ildə  Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1901-ci ildə İrəvanın Qarakilsə kəndində doğulan M.Bayramovun taleyinə körpə ikən faciələr yaşamaq düşüb. Məlumatlara görə, 1905-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımda Musa Bayramovun ana və atası erməni daşnakları tərəfindən qətlə yetirilir. Uşaq yaşda valideynlərini itirən Musa qardaşının himayəsində böyüyür.

1916-cı ildə Ağdam şəhərinə gəlir. Ağdamda Elman adlı təsərrüfatçının köməkçisi kimi işləyir. Abdurrəhim Gülməmmədoğlu Ağdamda Musa Bayramovun olduğu kəndə gedir və onu Bakıya gətirir. Beləliklə Musa Bayramov Bakıya gəlir və Balaxanıda yaşayır. Gündüzləri Balaxanıda quyulardan neft çıxararaq özünü dolandırır. 1918-ci ildə Musa Bayramov Balaxanıda neft mədənində işləməyə başlayır.

1971-ci ildən "Leninneft" Neft və Qazçıxarma İdarəsi 8-ci rayon mühəndis-texnoloji xidmət sahəsi müdiri işləmişdir. AKP-nin 9-cu və 20-ci qurultaylarında AKP təftiş komissiyasının üzvü seçilmiş, SSRİ Ali Sovetinin(4-cü çağırış) deputatı olmuşdur. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və medallarla təltif edilmişdir. 1988 ci il sentyabr 19-da alimlik dərəcəsini müdafiə etmişdir. Birinci Qarabağ müharibəsi şəhidi Ramiz Bayramovun babasıdır.

1950-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını alan Adcoş İbraihim qızı Əliyeva 25 mart 1922-cü ildə İrəvan quberniyasının İrəvan qəzasının (indiki Ermənistan) Çobankərə kəndində anadan olub. Əmək fəaliyyətinə 1947–1973-cü illərdə Ermənistan SSR-in Oktemberyan rayonundakı Sovetakan kolxozunda və Naxçıvan MSSR-in Naxçıvan rayonundakı Y.Cabbarov adına kolxozda manqabaşçısı işləmiş, 1973-cü ildən indiki Babək rayonundakı tərəvəzçilik-südçülük sovxozunda manqabaşçısı olmuşdur. 1964-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 14 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni və "Şərəf nişanı" ordeniləri ilə təltif olunmuşdur. Adcoş Əliyeva 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat edib.

Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri, Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), "Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940), Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və 1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinə (1–10-cu çağırış) deputatı olmuş Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olub. Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.

M.Topubaşovun ömürlüyü çox zəngindir və biz bəzu məqamları qeyd edirik.

1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir. O, 1943-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.

M.Topçubaşov 1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat edib.

1971-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alan görkəmli pambıqçı  Pənah Allahverdi oğlu Həsənov 9 may 1930-cu ildə Qərbui Azərbaycanın Vedi rayonunda anadan olub. 14 aprel 1992 ci ildə vəfat edib. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.

Pənah Həsənov SSRİ Ali Sovetinin (8-10-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (11-ci çağırış) deputatı olub.

Pənah Həsənov 1966-cı ildə Azərbaycan SSR pambıq ustası, 1971-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb. 1980-cı ildə SSRİ Dövlət mükafatı laureatı olub.

Pənah Həsənov 2 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilib.

Şamama Məmmədkərim qızı Ələsgərova 8 mart 1904-cü ildə İrəvanda anadan olub, 2 aprel 1977-ci ildə isə Bakıda vəfat edib. Həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosialist Əməyi Qəhrəmanı (1969) Ş.Ələsgərova uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləyib. Dövlət və elm xadimi Əziz Əliyevin bacısıdır. Şamama Ələsgərovanın atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu İrəvanın bəy nəslindən Zəhra xanım Süleymanbəyova ilə ailə qurub, cütlüyün bu evlilikdən beş övladı dünyaya gəlib: Tərlan, Göyçək, Əziz, Şamama, Ziyad. Şamama ailənin 3-cü qız övladı idi. O, ilk təhsilini gimnaziyada almışdı. Daha sonra ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olan Şamama xanım 1941-ci ildə institutu bitirərək cəbhəyə yollanır.

Şamama Ələsgərova Abdulla İbrahimovla ailə həyatı qurub, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız övladı dünyaya gəlmişdir. Əmək fəaliyyətinə müharibə illərindən başlayan Şamama Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olub.

Qərbi Azərbaycan əsilli Sosialist Əməyi Qəhrəmanları barədə söhbət açdıq. Onların hər biri özlərinəməxsus şərəfli yol keçib, xalqımızın adını ucaldıblar. Onlar Qərbi Azərbaycan torpağının yetirmələridir və hər zaman adları xatırlanır. Onların hər birinin ruhu “Mən Qərbi azərbaycanlıyam” deyir.

İradə SARIYEVA