Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ müharibəsi ilə bağlı açıqlamaları Ermənistanda böyük rezonans doğurub.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bir neçə gün əvvəl “Rossiya 24” telekanalına müsahibəsində Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxladığını vurğulayıb: “Rusiya əraziləri saxlamaq istəyən Ermənistanın əvvəlki rəhbərliyinin o qədər də yaxşı dərk etmədiyi çoxsaylı variantları təklif etdi. Azərbaycan ona məxsus olan torpaqları qaytardı”.
Bu arada Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş müşavirinin köməkçisi Vladimir Poqosyan Lavrovun bu bəyanatına kəskin reaksiya verib, sözün əsl mənasında ona sərt cavab verib: “Cənab Lavrov, sizə bir şeyi demək istəyirəm: lütfən unutmayın ki, sizdən əvvəl də Kremldə az-çox ruslar olanda və çətin dövrümüzdə silah-sursatımız tükəndiyi vaxtlarda, gördükdə ki, bizim üçün çətindir, Rusiya Federasiyası bizə döyüş sursatı, silah-sursat vermədimi? Onda deyin ki, biz də işğalçıyıq, biz də o yeddi rayonun alınmasına kömək etmişik, amma əsgərlə yox, silahla. Siz kömək etdiniz. İfadələrdə daha diqqətlisiniz. Xarici işlər nazirinin bizə sataşmasına ehtiyac yoxdur”.
Belə baxanda, hər iki tərəfin səsləndirdiyi fikirlərdə həqiqət payı var. Maraqlıdır, Lavrovun bu fikirləri niyə Ermənistanda bu dərəcədə rezonansa səbəb olub?
- “Rusiya Ermənistana öz forpostu kimi yanaşır və bu ölkədən çox, özünün regional təhlukəsizlik maraqlarının qayğısına qalır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Paşinyanın Ermənistanda Qərbdəki bəlli dairələrin, qlobal maliyyə mərkəzlərindən birinin dəstəyi ilə hakimiyyətə gəlməsindən sonra Ermənistanı mərhələlərlə Rusiyanin təsir dairəsindən çixartmaq əsas məqsəddir. Bölgənin perspektivdə Qərbin nüfuz dairəsinə keçməsinə şərait yaratmaq məqsədilə ardıcıl və məqsədyönlü siyasət sərgiləməsi birmənalıdır. Paşinyan elə məhz bu məqsədlə hakimiyyətə gətirildi. Baxmayaraq ki, o hələ müxalifətdə ikən iqtidara gələcəyi təqdirdə hansı addimlar atacağını qabaqcadan bəyan etmişdi. Bununla da Qərbdəki bəlli dairələrin diqqətini cəlb edə bildi. Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmasının iqtisadi baxımdan rentabelsizliyi ilə bağlı fikirlər söyləyir, KTMT-yə deyil, NATO blokuna bel bağlamağın Ermənistanın suverenliyinin təminatı baxımından daha məqsədəmüvafiq olacağını deyirdi. “Qarabağ Ermənistandır” kimi ilk baxışda sərsəm, avantürist, lakin bölgədə geosiyasi reallıqların Qərbin xeyrinə dəyişməsinə xidmət edə biləcək bəyənatı da o, havadarlarının göstərişi ilə səsləndirdi. Məqsəd Azərbaycanı, ardınca isə Türkiyə və Rusiyanı regional qarşıdurmaya sürükləmək, tərəflər arasındakı münasibətləri Qərbin maraqlarına cavab verə biləcək müstəviyə gətirmək idi. Geosiyasi reallıqlar isə doğrudan da dəyişdi, amma Qərbin gözləntilərindən fərqli mənzərə yarandı. Azərbaycan işğal altında olan əraziləri azad edib, burada dövlət suverenliyini təmin etdi. Türkiyə-Rusiya münasibətlərində Qərbin ümid etdiyi çat yaranmadı. Əksinə, əməkdaşlıq gücləndi, Ermənistan isə küncə sıxıldı, regional məsələlərə təsir imkanları xeyli məhdudlaşdı. Rusiya sülhməramlılarının isə münaqişə zonasında görunməsi Qərbin bölgə ilə bağlı geosiyasi maraqlarına zərbə oldu”.
Politoloq hesab edir ki, indiki şəraitdə Qərb Rusiyanın onunla Ukraynada hərbi qarşıdurmaya çəlb olunmasından istifadə edərək regiona geosiyasi təsir imkanlarını gücləndirmək, hadisələrin gedişatından istifadə edərək vəziyyəti öz xeyrinə dəyişməyə can atır: “Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək hakimiyyəti laxlamaqda olan Paşinyana daxildən sosial dəstəyi gücləndirməkdir. Rusiyanın Ermənistan siyasi isteblişmentinə təsir imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif vasitələrə əl atılır. Qərbin birbaşa göstərişi ilə Paşinyan və komandası 44 günlük müharibədə məğlubiyyətə görə rəsmi Moskvanı qınayir. Rusiya ilə münasibətlərə yenidən baxıla biləcəyi ilə bağlı mülahizələr səsləndirilir. Rusiya Azərbaycanla münasibətlərdə gərginlik artacagı təqdirdə birmənalı şəkildə Ermənistanın yanında olacağı ilə bağlı vədlərin verilməsinə çağırılır. Lavrovun açıqlamalarına isə Paşinyana qırmızı xətti keçməməklə bağlı tövsiyələr kontekstindən yanaşmaq lazımdır. Elə bu günlərdə Aİİ-nin hökumət başçılarının iştirakı ilə keçirilən göruşdə Rusiya baş nazirinin Paşinyanla söhbətində Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın 1-ci yerdə olması, onun enerji təhlükəsizliyinin təminatında Rusiyanın həlledici çəkiyə malik olmasi, oradakı dəmir yollarının əslində Rusiya faktorundan asılılığı, erməni iş adamlarının əlaqələri, erməni qasterbayterlərin Rusiya əmək bazarındakı çalışmaları ilə bağlı eyhamla söylədiyi fikirlər Paşinyana ehtiyatlı olmaqla bağlı bir xəbərdarlıq idi. Yəni münasibətlərə xələl gətirməyin. Paşinyan və onun komandasının Rusiyanı təxribata çəkmək, onu "hədələməklə" bağlı çağırışları ciddi bir effekt verməyəcək. Bunlar Rusiyanın sabiq prezident Yeltsinin iqtidarı dövrundə yaşanmış hadisələr olub. O cumlədən, Rusiyadan Ermənistana 1 milyardlıq silahın ötürülməsi ilə bağlı olaylar da həmçinin. Rusiya, əlbəttə, Ermənistanla KTMT-də müttəfiq olan dövlətdir. Ermənistanla münasibətləri, məhz bu blok daxilindəki münasibətlərin zəminində qurulub. Lakin Rusiya Ermənistana öz forpostu kimi yanaşır və bu ölkədən çox, özünün regional təhlukəsizlik maraqlarının qayğısına qalır. Bölgə uğrunda Qərblə geosiyasi qarşıdurmada, Qərbin Ermənistan ərazisindən istifadə etməsinə yol vermək istəmir. Regional təhlükəsizliyin üçüncü bir tərəfin deyil, region dövlətlərinin qarşılıqlı, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmasına çalışır. Ermənistanın Aİ ilə getdikcə artmaqda olan təmasları isə regional təhlükəsizlik problemlərinə təhdid kimi qəbul olunduğundan, Rusiya hələlik diplomatik tənzimləmə yoluna ustunluk verir və Paşinyanı bölgədəki regional tarazlılığı pozmamağa çagırır”.
Ən nəhayət politoloq onu da əlavə etdi ki, Rusiya davamlı olaraq Paşinyanın nazı ilə oynamayacaq.
Vidadi ORDAHALLI