Avropa Birliyi Ermənistanın İranla layihəsini niyə maliyyələşdirir - Zəngəzur dəhlizinə Avropadan təhlükə?

6 Fevral 2023 16:43 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistanla İran arasında yeganə sərhəd-keçid məntəqəsinin (Mehri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün 18,5 milyon avro vəsait ayırıb.

Ermənistan tərəfindən sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi və genişləndirilməsi layihəsi İran şirkətinə həvalə olunub.

Belə ki, İranın "Tana Energy Management" şirkəti Ermənistan hökuməti tərəfindən keçirilən tenderin qalibi elan edilib. Artıq Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə adıçəkilən İran şirkəti arasında müqavilə imzalanıb. Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Ermənistan Aİ-nin ayırdığı 18,5 milyon avronu İrana verir. Bəs Qərbin özünün qəbul etdiyi anti-İran sanksiyaları harda qaldı?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açlqlamasında bildirdi ki, Ermənistanın İranla olan yaxın münasibətləri Qərbi dərindən narahat edir  və qıcıqlandırır: “Bu yaxınlaşmanın qarşısını almaq üçün həm ABŞ, həm də onun müttəfiqləri yollar axtarırlar və Ermənistana başa salmağa çalışırlar ki,  Rusiya hərbi bazalarının onun ərazisində qalması da onları qane etmir. Ermənistana bu xətdən  imtina etməyi məsləhət görürlər. Azərbaycan-Ermənistan danışıqlarında ABŞ və onun müttəfiqlərinin bizə yaxın mövqe tutmasının səbəblərindən biri də budur. Bu, Ermənistana xəbərdarlıq sayılır. İzah edirlər ki, onun İranla münasibıtləri narazılıq yaradır. Çünki Azərbaycan Rusiyanın bölgədən vurulub çıxarılmasında maraqlıdır. Bu məsələdə Qərblə Azərbaycanın mövqeləri üst-üstə düşür. Təbiidir ki, Qərb həm də Ermənistanı itirmək istəmir. Ona görə də onunla münasibəti birdəfəlik kəsmirlər. Bunun da əsas səbəbi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının ləngiməsilə bağlıdır. Belə bir saziş imzalanarsa,

Ermənistan Rusiya və İrana bu dərəcədə yaxınlaşmağa ehtiyac görməz. Bəllidir ki, Ermənistanın belə manevrlərinin kökündə həm də Azərbaycan qorxusu dayanır. Sülh sazişinin imzalanması istiqamətində ABŞ və Qərb 2023-cü ildə öz səylərini artırmağa çalışır. Dövlət Departamentdə Cənubi Qafqaz danışıqları üzrə yeni baş müşavirin təyinatı da bu istəkdən xəbər verir. Yaxın aylarda sülh sazişi mütləq imzalanmalıdır. Ermənistan Rusiyadan uzaqlaşmaq üçün bəzi addımıarı atır. KTMT-nin gözdən salınması, Rusiya ilə müttəfiqliyin Ermənistana fayda vermədiyini əhaliyə izah etmək istiqamətində hökumətin addımları nəzərə çarpır. Ermənistan hökuməti, hətta 102-ci hərbi bazanın qarşısında etiraz aksiyası keçirməyə də şərait yaradır. Ermənistan Rusiya və İrana münasibıtdə təzadlı mövqe ortaya qoyur. Bunun da başlıca səbəbi onun düşdüyü real vəziyyətlə bağlıdır. Qərb bunu anladığı üşün Ermənistana sanksiya tətbiq etmir. Ancaq bu o anlama gəlmir ki, ABŞ və Qərb Ermənistanın bütün şıltaqlıqlarına dözmək fikrindədir. Kəskin addımlarla bağlı bir qədər məqam gözlənilir”.

Faktiki olaraq, bütün bu addımlar həm də Zəngəzur dəhlizinə  qarşı yönəlib.

Rəsmi Tehran hər vəchlə bu layihənin reallaşmasına qarşı çıxır və tez-tez Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olduğunu bəyan edir.

Bölgədə ölkələrin sərhədlərinin toxunulmazlığı və sərhədlərin hər hansı dəyişikliyinə imkan verməyəcəkləri barədə İranın bütün yüksək ranqlı məmurlar mövqe ifadə edib.

Maraqlıdır ki, cənub qonşumuz Cənubi Qafqazda sərhədlərin toxunulmazlığına bu qədər həssas olduğunu Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalı dövründə göstərmədi. Əksinə, işğalçı Ermənistanla sərhədlərini açıq saxlayaraq Qarabağın işğal altında qalmasına bilavasitə dəstək oldu, işğala sponsorluq etdi. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması ilə ölkələrin ərazi bütövlüyü prinsipi arasında heç bir ziddiyyət yoxdur. Çünki dəhliz Ermənistan liderinin da imzaladığı beynəlxalq sənəd əsasında fəaliyyət göstərəcək və bu ölkənin ərazi bütövlüyünə heç bir təhdid daşımır. Əksinə, dəhlizin açılmasından və ticarətin daha da canlanmasından bütün region ölkələri, o cümlədən Ermənistan və İran ciddi dividend qazana bilər. Çünki sanksiyalar altında əzilən, tez-tez daxili iğtişaşların silkələdiyi İran və 30 ildir ki, bütün regional infrastruktur layihələrindən kənarda qalmış Ermənistan üçün bu layihə “nəfəslik” rolu oynaya bilər. Təəssüf ki, bu iki ölkə dünyanın iradəsinə qarşı olan  birgə fəaliyyət ortaya qoymağı daha məqbul sayır və ABŞ-la Qərb buna seyrcilik  edir.

Məhəmmədəli QƏRİBLİ