Azərbaycanın elm sahəsində də İranın casus şəbəkəsi barədə rəylər var...

6 Fevral 2023 16:28 (UTC+04:00)

30 ildən artıqdır ki, molla rejiminin casus şəbəkəsi Azərbaycanda müxtəlif sahələrdə özünə yer tutub. Dövlət müstəqilliyimizin ilk illərində “islam dini”, “şəriət”, “şiəlik” pərdəsi altında gizlənən müəyyən qüvvələr burada Tehran rejiminin maraqlarına xidmət edən işlər görüb, Xomeyniçiliyi “şiəlik” adı altında yayıblar. Təəssüflər olsun ki, bizim içimizdən də mollaların agentinə çevrilənlər olub.

Düz 30 ildir ki, molla rejiminin casus şəbəkəsinin Azərbaycan Milli Elmlər Akademiyasında da kök saldığı barədə danışılır, ölkənin baş elm ocağında da İranın emissarları olduğu deyilir. İllərdir ki, bu barədə həm deyilir, həm də yazılır. Onların, əsasən tarix, ədəbiyyat, fəlsəfə, dil, inscənət və digər sahələrdə təmsil olunduğu iddia olunur. Əlbəttə, belə olmasaydı tariximizə yamaq edilmələr olmazdı, milli kökümüzə balta çalıb qəhrəmanlarımızı ora-bura dartanlar gözə dəyməzdi. Bu gün Azərbaycanda elm sahəsində mövcud qüsurların olması da müxtəlif ölkələrə, o cümlədən də molla rejiminə işləyən emissarların  üzündəndir.   

Bildiyimiz kimi, son dövrlər mediada, eləcə də  başqa sahələrdə molla rejiminin casus şəbəkəsi ifşa olunub.

Bəs molla rejiminin elm sahəsindəki emissarları niyə ifşa olunmur?

AMEA-nın Fəsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, molla rejiminin casus şəbəkəsinin əsas kök atdığı məkanlardan biri məscidlər, dini ocaqlar və ruhanilər olub. “Hesab edirəm ki, fars molla şovinist rejiminin əsas casus şəbəkələri məscidlərdə, eyni zamanda da onların yaratdıqları mədrəsələrdə kök salıb. 30-31 il ərzində bu zərərli hüceyrələr müxtəlif istiqamətlərdə kök salaraq “şiəlik” və “islam dini” adı altında özlərinə tərəfdarlar qazanmağa çalışıblar. Hətta müəyyən mənada bəzi şəxsləri özlərinə cəlb edə də biliblər.  Fars şovinist rejiminin əlaltıları da məhz bir sıra sahələrdə özlərinə yer tutublar, altdan-altdan zərərli fəaliyyətlə məşğul olublar. Əlbəttə, onların elm və təhsil sahəsinə də əl uzatdıqları barədə çoxsaylı fikirlər var. İddialara görə, şovinist fars molla rejiminin emissarları elm və təhsil sahəsində də var. Molla rejiminin emissarları bacardıqları qədər elm və təhsil sahəsində də kök salmağa çalışıblar. Söhbət Azərbaycan Milli Elmlər Akademiyasından gedirsə, hər zaman alimlər arasında bu elm ocağında İranın casuslarının olduğu barədə söhbətlər olub. Son 30 ildə danışılıb ki, AMEA-da da İranın casusları var, onlar müxtəlif institutlarda özlərinə yer tutublar. Bəziləri dissertant kimi bura daxil olub, bəziəri elmi iş müdafiə edib elmi ad almaq üçün bu quruma üz tutub, bəziləri də sıravi işçi kimi. Deyilənlərə görə, onlar təhsil ocaqlarına da müəyyən qədər daxil ola biliblər. Daha çox dissertant, elmi işçi kimi gəlib burada müdafiə edib elmi dərəcə alanlar da az olmayıb. Çox təəssüf ki, az sayda da olsa, AMEA-nın müəyyən strukturlarında iş əldə edənlər də yox deyildi. Bu məsələ çox ciddi məsələdir. Düşünürəm ki, xüsusilə də elm sahəsində müdafiə edənlərin, bura işə cəlb edilənlərin hamısını birmənalı şəkildə casus adlandırıb ittiham etmək də doğru deyil. Mənə elə gəlir ki, casus şəbəkəsi məsələsi dövlətin aidiyyəti qurumlarının diqqətindən yayınmayıb, onlar kimin hansı əməllə məşğul olduğunu izləyirlər. Fikrimcə, istər elmi işçi kimi AMEA-nın elmi-tədqiqat institutlarına işə düzələnlərin, istərsə də digərlərinin adları-soyadları, gördüyü işlər aidiyyəti qurumların nəzarəti altında olub.

Mümkün faktorlardan biridir ki, bu quruma da elmi dərəcə almaq adı altında işə düzələnlər arasında casus şəbəkəsinin üzvləri olsun. Bu, diplomatik mübarizənin bir hissəsidir ki, elm ocaqlarına öz emissarlarını yerləşdirirlər. Bu məsələ kifayət qədər araşdırma tələb edən məsələdir və biz çox həssas dönəmdə yaşayırıq. Bizim böyük alimlərimizin bəziləri təəssüflə deyirdilər ki, akademiyada da İranın casusları, agentləri, uzantıları var, amma onların adlarını konkret şəkildə çəkmirdilər. Ümumi danışırdılar. Elm aləmində İranın agent şəbəkəsinin olmasını araşdırmaq, aşkara çıxarmaq əlaqədar qurumların işidir. Hesab edirəm ki, vaxtı çatanda AMEA-dakı İran emissarları da ifşa ediləcək. Elm-təhsil ocaqlarında, eləcə də AMEA-da İran öz casuslarını nə vaxtsa yerləşdirib və konkret olaraq bu  məsələnin üstünə getmək lazımdır”.

F.Ələkbərli hesab edir ki, molla rejiminin casus şəbəkəsi hər sahədə kök sala bilər və bu baxımdan biz diqqətli olmalıyıq. “Təbii, elm aləmində, təhsil sahəsində, mətbuatda molla rejiminin emissarları var və onlar cilddən-cildə girə bilirlər. Ona görə də bu məsələdə həssas davranmalıyıq ki, əsl casusu üzə çıxara bilək. Casuslar istiqaməti, təbliğat üsullarını asanlıqla dəyişə bilirlər. Odur ki, molla rejiminin elm aləmindəki emissarlarının tezliklə aşkarlanması arzuediləndir. Bilirsiz ki, uzun illər o emissarlar nə qədər bizə ziyan vurmağa, milli məsələlərdə maneçilik törətməyə, Cənubi Azərbaycan davasını başqa yerlərə yönəldib birliyimizi sarsıtmağa cəhd ediblər. Hesab edirəm ki, elm aləmi də molla rejiminin emissarlarından təmizlənməlidir. Biz onların kim olduğunu dəqiq bilmirik, bunu əlaqədar qurumlar aşkarlayacaq”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA