İran tərəfi Azərbaycan səfirliyinə qarşı terror hadisəsi ilə bağlı tutarlı addım sərgiləmək istəmir.
Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, son zamanlarda İranla diplomatik münasibətlər gərgin idi. İkitərəfli münasibətlərdə mənfi çalarların olması digər sahələrə də öz təsirini göstərir.
“İran tərəfindən tutarlı addımlar atılmadığı təqdirdə hansı istiqamətdə addımlar atılacağını indidən deyə bilmərik. Polisin qeyri-adekvat münasibəti və bu şəxslə terrorçu kimi davranılmaması bir daha göstərir ki, İran tərəfi bu hadisə ilə bağlı tutarlı addım sərgiləmək istəmir. Bu, təəssüf doğurur", - deyə o əlavə edib.