"2019-cu ildən bəri tikinti şirkətləri seysmoloji xəritə ilə bağlı müraciət etmir" - Qurban Yetirmişli

6 Fevral 2023 14:02 (UTC+04:00)

2019-cu ildən bəri Bakıda tikinti şirkətləri tikinti ərazisinin seysmoloji xəritəsi ilə bağlı Respublika Seysmoloji Mərkəzə müraciət etmir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

"2019-cu ilə qədər mərkəzə müraciət olunurdu. O vaxtdan sonra bizə müraciət etmirlər", - Q.Yetirmişli deyib.

Q.Yetirmişli deyib ki, 8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır.

O bildirib ki, xüsusi dəmir-beton sütunlar, onların ölçüləri, armaturlar və digər ölçülər nəzərə alınmalıdır.

"Əgər 8 ballıq zonada bina 1 milyon manata başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər", - Q.Yetirmişli əlavə edib.