Qardaş ölkənin ağır günü, 85 milyon bir nəfər kimi ayaqda - Can Azərbaycan da yanınızda... - FOTO/YENİLƏNDİ

7 Fevral 2023 00:32 (UTC+04:00)

Türkiyədə güclü zəlzələ olub. Şərq, Cənub-Şərq, İç Anadolu və Aralıq dənizi bölgələrindəki bir çox vilayətdə mərkəzi Kahramanmaraş olmala 7,7 bal gücündə zəlzələ baş verib. Məlumata görə, 7 kilometr dərinlikdə baş verən zəlzələ ölkənin böyük bir hissəsində hiss olunub.

Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada baş verən zəlzələdə yüzlərlə bina dağılıb.

AFAD-ın açıqladığı son məlumata görə, zəlzələdə ölənlərin sayı 2316-ya yüksəlib, 13293 yaralı var. AFAD-ın rəsmisi Orhan Tatar zəlzələ nəticəsində 6217 binanın dağıldığını açıqlayıb.

Türkiyə saatı ilə 13.24-də Kahramanmaraşda yenidən 7,6 bal gücündə zəlzələ baş verib. Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) zəlzələnin  episentrinin Kahramanmaraşın Elbistan mahalı olduğunu açıqlayıb. Zəlzələlərdən sonra Malatya, Şanlıurfa və Adanada onlarla bina çöküb...

AFAD rəsmisi Orxan Tatar bu zəlzələnin təkanlar olmadığını, yeni bir zəlzələ olduğunu deyib və vətəndaşları qəzalı binalardan uzaq durmağa çağırıb.

Sonradan Türkiyənin Sakarya və Balıkesir şəhərlərində də müvafiq olaraq 5.5 və 4.1 bal gücündə zəlzələ baş verib.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Kahramanmaraş zəlzələsi ilə 1939-cu il Ərzincan zəlzələsindən sonra ən böyük fəlakətlə sarsıldığını deyib.

Türkiyədə zəlzələyə görə 7 gün milli matəm elan edilib. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, fevralın 12-si bazar günü bütün ölkədə və xarici nümayəndəliklərdə bayraqlar günəş batana qədər yarıya qədər endiriləcək.

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik xilas etmə qüvvələrinin Türkiyə yollanması barədə tapşırıq verib. FHN-in 370 nəfərlik heyəti hazır vəziyyətə gətirilib və hazırlıq işləri qısa müddətdə tamamlanaraq Türkiyəyə yola salınıb. Artıq xilasedicilərimizin zəlzələ bölgəsinə yollandığı bildirilir.

Fövqəladə Hallar Naziriniliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu göndəriləcək.

"FHN-in ilkin olaraq 370 nəfər xilas edicisi xüsusi xilasetmə avadanlıqları ilə, xüsusi təminat növləri ilə bütün növ əalhiddə fəaliyyətlər üçün qardaş ölkəyə ezam olunuruq. Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin əlavə xilasediciləri də qardaş ölkəyə ezam olunacaq", - deyə o bildirib.

E.İsmayılov bildirib ki, dağıntı baş vermiş ərazilərdə FHN-in Kinoloji Mərkəzinin təlim görmüş 8 itindən də istifadə olunacaq.

Qeyd edək ki, Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.

“Dördüncü səviyyədə həyəcan vermişik. Bu, özündə beynəlxalq yardımı ehtiva edən həyəcan təbildir”, - deyə daxili işlər naziri Süleyman Soylu bildirib.

Azərbaycan da qardaş ölkənin çağırışına reaksiya verən ilk ölkə olub.

Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ bölgə ölkələrində də hiss olunub. Məlumatlara görə, zəlzələ Suriya, İraq, Livan, İordaniya, İsrail və Misirdə də hiss olunub.

Suriya Səhiyyə Nazirliyindən verilən məlumata görə, Hələb, Tartus, Hama və Latakiya şəhərlərində də hiss edilən 7,7 bal gücündə zəlzələdə 371 nəfərin həyatına soy qoyub, 1089 nəfər yaralanıb.

Mülki xilasetmə təşkilatı Ağ Dəbilqəlilər Suriya müxalifətinin nəzarətində olan bölgələrdə isə 203 nəfərin öldüyünü, yüzlərlə insanın yaralandığını açıqlayıb.

Onu da qeyd edək ki, Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb. Bu barədə səfirliyin tvitter hesabında qeyd edilib.

"Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur", - deyə bildirilib.

Tahir TAĞIYEV