Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub

6 Fevral 2023 10:44 (UTC+04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Başramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlut Çavuşoğluya zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir yaralıların tezliklə sağalmasını arzulayıb.

C.Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyini bildirilib.

Nazir Mevlüt Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.