Brüssel Zəngəzur dəhlizini Aİ-nin Ermənistandakı 2 illik missiyasına 18.5 milyona satdımı?...

5 Fevral 2023 19:14 (UTC+04:00)

“Brüssel Zəngəzur dəhlizini Aİ-nin Ermənistandakı 2 illik missiyasına 18.5 milyona satdımı?” Bu sensasiyalı açıqlama ilə “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev çıxış edib.

A.Quliyev bu barədə Facebook səhifəsində yazır:

Bu sensasiyalı qənaətə gəlməyim əsassız görünməsin. Məsələ burasındadır ki, Avropa İttifaqı Ermənistanın İrana Mehri sərhəd keçid məntəqəsinin genişləndirilməsi üçün 18.5 milyon avro yardım ayırıb və ən maraqlısı odur ki, Ermənistan həmin pulu tender qalibi olan İranın "Tana Energi Managment" şirkətinə verir, çünki məntəqəni bu şirkət genişləndirəcək.

Hamı, avropalılar da yaxşı bilirlər ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasında qəti maraqlı deyil, onu da bilirlər ki, Ermənistanın İranla Mehri sərhəd keçid məntəqəsini genişləndirməsi Zəngəzur dəhlizinin daha da dərin müşkülə düşməsi deməkdir. Üstəlik, Avropa İttifaqı özünün sanksiyalar tətbiq etdiyi İrana və onun şirkətinə Ermənistan vasitəsilə pul qazanmaq şansı verir. Səbəb nədir? Avroittifaq Zəngəzur dəhlizinin açılışını qəlizləşdirən layihələrə niyə dəstək verir? Torbadakı pişik deyilsə, bəs nədir? Avropa nəyə xatir olaraq razılaşır ki, Ermənistan onun pulunu İrana ötürsün?..

Deyəsən quyruq görsənir. Bəlkə gizli sövdələşmə var? Unutmayaq ki, Ermənistan bu günlərdə Rusiyanı yana-yana qoyaraq Avropa İttifaqının 2 illik missiyasının Ermənistana gəlişinə razılıq verdi. Ermənistan tərəfdən bu, Avropanın və Fransanın mənafelərinə xatir böyük fədailikdir. Ermənistan niyə bu fədakarlığa getdi? Görmədik ki, Rusiya Xarici İşlər Nazirliyi və şəxsən Lavrov özü buna görə, Ermənistana qarşı necə aqressiv bəyanatlar verdi?!.. Oxşayır ki, Ermənistanın Avropa missiyasının gəlişinə razılığı müqabilində Mehri sərhəd keçid məntəqəsinin genişləndirilməsinə Avroittifaqdan dəstək gəldi. Dolayı olaraq bu, Zəngəzur dəhlizinin Avropa missiyası müqabilində Ermənistana satılması deməkdir.

Ermənistan, İran və Avropa üçlükdə Rusiyanın əleyhinə çox dərin oynayırlar...

Tahir TAĞIYEV