Azərbaycandan Avropaya dənizdibi elektrik xətti - konsepsiyanın mürəkkəb detalları...

4 Fevral 2023 17:51 (UTC+04:00)

Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında bəyan etdi ki, bir sıra məsələlərə aydınlıq gətirilməlidir:

“Bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər. Məşvərət Şurasının ilk iclasında, sözsüz ki, konseptual məsələlər həllini tapmalıdır: öz fəaliyyətimizi necə quracağıq, hər iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olacaq, özəl şirkətlər necə cəlb olunacaq, – bu, şirkətlərdən ibarət konsorsiummu olacaq, yoxsa hər bir iştirakçı dövlət öz suveren ərazisində üzərinə düşən işi özü yerinə yetirəcək? Bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur. Çünki məsələ yalnız Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, yaxud Gürcüstanla sərhədimizə qədər yeni ötürücü elektrik xəttinin çəkilməsi ilə deyil, habelə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlıdır”.

Maraqlıdır, bu variantlardan hansı daha tutarlı və effektli ola bilər? Şirkətlərdən ibarət konsorsium, yoxsa hər bir iştirakçı dövlətin öz suveren ərazisində üzərinə düşən işi özü yerinə yetirməsi?

Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bir sıra məqamlara toxundu: “Ümumiyyətlə, istehsalın daha da genişləndirilməsi və ixrac imkanlarının artırılması üçün sərmayənin cəlbinə ehtiyac var. Son iclasda da cənab Prezident yeni hasilat imkanlarına toxundu. Bunların reallaşması üçün bütün tərəflərin sərmayə qoymasına ehtiyac var. Həmçinin, özəl şirkətlərin bu istiqamətdə daha aktiv iştirakı zəruridir. Deməyim odur ki, bütün bunlar kompleks şəkildə işlərin görülməsini tələb edir. Burada həm idxalçı ölkələrin, həm də şirkətlərin investisiyaların qoyuluşunda, müqavilələrin təklifində daha fəal olması vacib şərtlərdən biridir. O üzdən, gözlənti də ondan ibarətdir ki, Avropa İttifaqı daha çox sərmayə cəlb etsin. Nəzərə almaq lazımdır ki, bununla bağlı 4 Avropa ölkəsi Aİ-yə müraciət edib. İşlər bu yöndə gedərsə, bu, nəticə etibari ilə hasilatın genişləndirilməsinə təkan verəcək. Azərbaycan təkcə neft-qaz deyil, alternativ enerji mənbələrindən də əldə etdiyi elektrik enerjisini ixrac edəcək. Özü də bu, əsasən Avropa bazarına çıxarılacaq. Avropa bazarı qiymət baxımından daha sərfəlidir. Üstəlik, elektrik enerjisinə tələbat ilbəil artır. Bütün bunlar o deməkdir ki, bazar dayanıqlı olacaq. Bakıda keçirilən son tədbir göstərdi ki, bu istiqamətdə tərəfdaşlıq güclənir. Xüsusən də 2022-ci ildə həm sərmayəçilərin, həm də iştirakçı ölkələrin prosesə daha fəal qoşulmaq təşəbbüsü ilə çıxış etdiyini gördük. Bu da növbəti illər üçün daha ciddi əməkdaşlıq platforması vəd edir”.

Vidadi ORDAHALLI