“Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisinin və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq”. Bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
Ölkə başçısının sözlərinə görə, Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladıq: “Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına əlavə olaraq, - bu, birmənalı olaraq baş tutur, - biz, həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik. Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisinin və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq”.
Bu, o deməkdir ki, ölkə daxilində elektrik enerjisi istehsalına sərf olunan qazın həcmini azaltmaqla təbii qaz ixracını artırmaq. Bu, çox maraqlı yanaşmadır. O baxımdan bu, praktikada Azərbaycana nə verə bilər? Sözügedən layihənin həyata keçməsi nə dərəcədə realdır?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bunu bir sıra yollarla həyata keçirmək mümkündür: “Bunun başlıca yolu modern texnologiyanın tətbiq olunmasından keçir. Məsələ ondadır ki, Azərbaycanda istilik elektrik stansiyaları qazla işləyir. Həmin stansiyalardakı avadanlıqları daha müasir, təkmil texnologiyalarla əvəzləməklə, elektrik istehsalında sərf olunan qazın həcmini azaltmaq mümkündür. Bununla bağlı dünyanın ən aparıcı şirkətləri ilə əməkdaşlıq etmək lazımdır. Digər tərəfdən, alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalını artırmaqla, daha çox qaza qənaət etmək və onu ixraca yönəltmək mümkündür. Düzdür, hələlik bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin payı aşağıdır. Ancaq nəzərə almaq lazımdır ki, bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilir və dünyanın aparıcı şirkətləri ilə müqavilələr imzalanıb. Söhbət günəş və külək enerjisi istehsalının artırılması ilə bağlı imzalanan müqavilələrdən gedir. Azərbaycan “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçirir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Bununla yanaşı, BP şirkəti ilə birlikdə işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində 240 meqavatlıq elektrik stansiyasının inşa olunması nəzərdə tutulub. Bu və digər layihələr həyata keçəndən sonra, istilik elektrik stansiyalarının elektrik enerjisi istehsalında payı azalacaq. Nəticədə daha çox qaza qənaət etmiş olarıq və onu ixraca yönəldərik. Eyni zamanda dağ çayları üzərində kiçik və müasir elektrik stansiyalarının inşa olunması hesabına, qazla elektrik enerjisi istehsalını minimuma endirmək mümkündür”.
Ekspert hesab edir ki, qarşıya qoyulan hədəflərə çatmaq mümkündür.
Vidadi ORDAHALLI