Rəşad Bayramov: “Onlar anlayır ki, qarşılarında iki seçim var: ya mühacirət edib, Ermənistana getmək, ya da Azərbaycan vətəndaşlığını almaq”
Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın nəzarətində olan “Hraparak” qəzeti vasitəsilə Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını almağı təklif edib. Məlumat həm Qarabağ ermənilərini, həm də Ermənistanın ictimai rəyini separatçı layihənin bağlanacağına, onun iştirakçılarının əksəriyyətinin sıravi Azərbaycan vətəndaşına çevriləcəyinə hazırlamaq məqsədi daşıyır.
İlk növbədə məqalənin müəllifi Avetis Babacanyan diqqəti bir neçə aydır ki, İrəvanın Qarabağ ermənilərinə Ermənistan vətəndaşlığı verməməsinə yönəldir.
Ermənilərin bu yöndə apardığı təbliğatın arxasında hansı maraqları dura bilər?
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, siyasi şərhçi Aydın Quliyev hesab edir ki, bu ermənilərin yeni bir planının tərkib hissəsinə çox bənzəyir: “Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığına nə dərəcədə meylli olduğunu öyrənmək məqsədinə də xidmət edə bilər. Bu versiyaya az ehtimal verirəm. Daha çox bu qənaətdəyəm ki, bu, ermənilərin gələcəyə hesabladığı planın bir hissəsidir. Onlar yaxşı başa düşürlər ki, əgər Xankəndi və onun ətrafında ermənilər qalıb yaşaya bilməsələr, onlar gələcəkdə heç vaxt Azərbaycana qarşı ərazi və ermənilərin problemləri ilə bağlı iddiaları qaldıra bilməzlər. Özlərinin gələcəkdəki eksponsionist planlarını bir daha qaldırmaq üçün Ermənistan üçün Qarabağda ermənilərin qalıb yaşaya bilməsi olduqca vacibdir. Onu da başa düşürlər ki, əgər Azərbaycan vətəndaşlığını qəbul etməsələr, oranı tərk etmək məcburiyyətində qalacaqlar. Bu baxımdan da, gələcək planlarını reallaşdırmaq üçün çıxış yolunu belə bir addımı atmaqda görürlər”.
Politoloq Rəşad Bayramov isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin bu gedişinin ən başlıca səbəbi mövcud reallığı yaxşı dərk etmələrindən irəli gəlir: “Onlar anlayır ki, qarşılarında iki seçim var: ya mühacirət edib, Ermənistana getmək, ya da Azərbaycan vətəndaşlığını almaq. Qarabağ erməniləri revanş planının mümkün olmadığını anlayırlar. Buna görə də, belə bir addımı atmağı düşünürlər. Təbiidir ki, bunu ürəkdən deyil, məcburiyyətdən edirlər. Xankəndidə və Qarabağın digər ərazilərində yaşayan ermənilər, Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda, ictimai-siyasi həyatda, dövlət idarəetmə sistemində iştirakları mütləq təmin olunacaqdır.
Ermənilər Azərbaycan Konstitusiyasına uyğun vətəndaşlığı qəbul edərlərsə, qanunverici və digər orqanlarda təmsilçilikləri onların hüquqlarıdır. Yerli idarəetmə orqanlarında da fəaliyyət göstərmələrinə heç bir problem olmayacaq. Yəni onların bütün hüquqları təmin ediləcək. Prezident İlham Əliyev bunu dəfələrlə ən yüksək səviyyədə səsləndirib. Vətəndaşlığımızı qəbul etmirlərsə, yaxşı yol, gedə bilərlər. Hazırkı məqamda onların bu addımı atmaqdan başqa çıxış yolu qalmır”.
Məhəmmədəli QƏRİBLİ