İkinci Qarabağ müharibəsinin möhtəşəm qələbəmizlə bitməsindən dərhal sonra Azərbaycan rəhbərliyi ATƏT-in Minsk qrupunun 30 ilə yaxın müddətdə heç bir real iş görmədiyini və “yaşamaq haqqını” itirdiyini bəyan etdi.
İlk günlər digər həmsədr dövlətlər - ABŞ və Fransadan bir az məsafəli davransa da və Minsk qrupunun meydandan çəkilməsini arzulasa da Rusiya açıq şəkildə bizim mövqeyimizi dəstəkləmədi. Yalnız 2022-ci ilin aprelində Rusiya Xarici işlər naziri S.Lavrov qrupun faktiki olaraq öz fəaliyyətini dayandırdığını bəyan etdi və bunda ABŞ və Fransanı günahlandırdı.
Bütün ümidlərini Minsk qrupuna bağlayan Ermənistan onun sıradan çıxmaması üçün əlindən gələni etdi. ABŞ və Fransa bu məsələdə uzun müddət ona dəstək verdilər və ötən il Filip Riker(ABŞ), Bris Rokfey(Fransa) yeni həmsədrlər təyin olundular.
Fransanın ermənipərəst mövqeyinə adət etdiyimizdən onun yeni həmsədr təyin etməsinə Azərbaycan hakimiyyəti heç bir əhəmiyyət və reaksiya vermədi. Ancaq ABŞ-ın Minsk qrupuna təcrübəli diplomat Filip Rikeri həmsədr təyin etməsinə Xarici işlər nazirliyimiz dərhal reaksiya verdi. Diplomatiya idarəmizin sözçüsü - “Minsk qrupunu diriltmək cəhdləri ABŞ-ı Azərbaycan-Ermənistan münasibətlərini nizama salmaqdan uzaqlaşdıra bilər” - xəbərdarlığı ilə çıxış etdi. Sonrakı hadisələr sürətlə inkişaf etdi və ermənilər bir də onda ayıldılar ki, “güvəndikləri dağlar” - ABŞ daha statusdan danışmır və daha çox Azərbaycanın baxışlarını təkrar edən mövqe sərgiləyir.
Ötən ilin sonunda Senatda keçirilən müzakirələrdə təcrübəli diplomat Filip Riker etiraf etmək məcburiyyətində qaldı ki, “Minsk qrupu həmsədrliyi artıq fəaliyyətini dayandırıb”. Bundan sonra yeni ilin birinci həftəsində Filip Riker vəzifəsini tərk etdi. Azərbaycan müxalifətinin bəzi “savadlı” təmsilçiləri dərhal Azərbaycan hakimiyyətini günahlandırmağa başladılar və bəyan etdilər ki, ABŞ artıq danışıqlardan çəkilir və bununla da “sülh pəncərəsi” bağlanmış olur. Ancaq sonrakı hadisələr bir daha özünü “siyasət bilicisi” sayan bu zavallıların nə qədər hazırlıqsız və bəsit olduqlarını bir daha təsdiq etdi.
ABŞ Dövlət katibi Entoni Blinken fevralın 1-də bəyanatla çıxış edərək Lui Bononu Qafqaz regionunda danışıqlar prosesi üzrə baş müşavir təyin etdiyini bildirdi. Bəyanatda Minsk qrupu barədə bir kəlmə də yoxdur və Lui Bono həmsədr funksiyasını yerinə yetirməyəcək. Bu o deməkdir ki, ABŞ Minsk qrupunun öz fəaliyyətini başa vurmasını və belə bir quruma ehtiyac olmamasını rəsmi şəkildə qəbullandı və Rusiyadan sonra həmsədrlik institutunun faydasızlığını etiraf etmiş oldu.
Dünya güclərinin Azərbaycanın haqlı olduğunu bir az gec də olsa qəbul etmələri diplomatiyamızın növbəti möhtəşəm qələbəsi, ümiləri puç olan Ermənistanın xarici siyasət sahəsində daha bir uğursuzluğudur. Qarşıda isə məkrli qonşularımızı və onları dəstəkləyən “həmvətənlərimizi” daha ciddi məğlubiyyətlər gözləyir.
Abutalıb SƏMƏDOV