Rusiya Ukraynada Qərbin “Leopard”larına ayrıca hücuma hazırlaşır

3 Fevral 2023 19:12 (UTC+04:00)

Ukraynada cərəyan edən hadisələr səbəbindən Rusiya və Qərb arasında münasibətlər daha kəskin xarakter almağa başlayır. Xüsusən də Qərbin Rusiyaya yeni silahlar, hətta ağır texnika verməsi fonunda vəziyyət daha da gərginləşir. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın Ukraynaya Qərb silahlarının, o cümlədən Almaniya istehsalı “Leopard” tanklarının verilməsinə cavabı var.

Onun sözlərinə görə, burada məsələ zirehli texnikadan istifadə ilə qurtarmayacaq. Putin bu bəyanatı Stalinqrad döyüşünün 80 illiyi münasibətilə keçirilən mərasimdə verib. Bununla yanaşı, Putin iddia edib ki, Rusiya yenidən kollektiv Qərbin təcavüzünü dəf etmək məcburiyyətindədir. O, yenə də ölkənin təhlükəsizliyinə hədə olan hansısa nasizm ideologiyasından danışıb və deyib ki, Rusiya ilə müasir müharibə başqa cür olacaq: “İnanılmaz olsa da, bu bir faktdır: bizi yenidən üzərində xaç olan alman tankları “Leopard”larla hədələyirlər. Onlar yenidən Rusiya ilə Ukraynada banderovçuların əli ilə döyüşə hazırlaşır”. Bundan əvvəl Putin və Rusiyanın vəzifəli rəsmiləri Ukraynanın denasifikasiyasını müdaxilənin məqsədi kimi elan edirdilər. Bununla nəyin nəzərdə tutulduğu hələ də bəlli deyil. Ukraynaya dəstək verən Qərb ölkələri bu müdaxilə ilə İkinci Dünya müharibəsi arasında Kremlin gətirdiyi hər hansı paralelləri qəbul etmir və bildirirlər ki, hazırda məhz Rusiya təcavüzkar rolunda çıxış edir. Bu fonda  ABŞ Ukraynaya 31 “Abrams” tankı göndərməyə hazır olduğunu bildirib. Almaniya isə bəyan edib ki, Ukraynaya 14 ədəd öz istehsalı olan “Leopard” ağır tanklarını verəcək. Berlin bunu da bildirir  ki, cəbbəxanasında “Leopard” tankları olan başqa ölkələrin də Ukraynaya bu tanklardan göndərməsinə icazə verəcək. Beləliklə, Ukrayna yaxın vaxtlarda toplam 112 “Leopard” tankı əldə edə bilər. Bu tankların Ukraynaya iki-üç ay ərzində çatdırılacağı gözlənilir. Kiyev və Berlin bildiriblər ki, “Leopard” tanklarından Rusiyanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində istifadə olunmayacaq. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Berlinin Ukraynaya tanklar vermək qərarını son dərəcə təhlükəli adlandırır: “Münaqişəni yeni mərhələyə qaldırmaq Almaniya siyasətçilərinin Almaniyanın münaqişəyə müdaxilə etmək istəmədiyinə dair bəyanatları ilə düz gəlmir”. Kreml Ukraynaya tankların verilməsini şərh edərkən bildirir ki, bu texnika Ukrayna hərbçilərinə çox da kömək edə bilməyəcək. Putinin mətbuat katibi Dmitri Peskov qeyd edir: “Mən əminəm ki, bir çox mütəxəssislər bu ideyanın cəfəngliyini başa düşür. Sadəcə olaraq, texnoloji aspektlərinə görə bu kifayət qədər iflasa məhkum plandır. Qərbin Ukraynaya tank və zirehli texnika göndərməsinə cavab olaraq Rusiya potensialını daha aktiv şəkildə istifadə edəcək”.   

Belə bir vaxtda Rusiyaya qırıcı təyyarələrin verilməsi ilə bağlı məsələ ətrafında müəmma yaranıb. ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton Ukraynaya F-16 qırıcıları verməyəcək. Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Baydenin bəyanatını şərh edərkən deyib ki, Vaşinqton artıq Kiyevə kifayət qədər silahlar verir. Amma daha öncə  Baydenin müşavirlərindən Con Fayner demişdi ki, Vaşinqtonda Ukraynaya F-16 qırıcılarının verilməsini istisna etmirlər. Elə həmin vaxt  Pentaqonun sözçüsü Sabrina Sinqh jurnalistlərə bildirmişdi ki, Ukraynaya belə təyyarələrin verilməsi məsələsi gündəlikdən çıxarılmayıb. O əlavə etmişdi ki, F-16 təyyarələrini idarə edə bilmələri üçün Ukrayna pilotlarının uzun təlim görməsi tələb olunacaq. Hələlik bu müəmma davam edir. Rusiya xarici işlər naziri Sergey Lavrov isə “Rossiya-24” kanalına müsahibəsində bildirib ki, Moskva Ukrayna qoşunlarını Rusiya Federasiyasının ərazisi üçün təhlükəsiz məsafəyə çəkməyə çalışır. Onun sözlərinə görə, Qərb tərəfindən Kiyev rejiminə nə qədər çox uzaqmənzilli silahlar verilirsə, onların Rusiya ərazilərindən bir o qədər uzaqlaşdırılmasına ehtiyac yaranır. Bu fonda Ukrayna ordusu bildirir ki, Rusiya qüvvələrinin ölkənin şərqində böyük hücuma hazırlaşmasının aydın əlamətləri görünür. Silahlı Qüvvələrin Baş Qərargahı bildirib: “Düşmən aktiv kəşfiyyat aparır, müəyyən istiqamətlərdə hücuma hazırlaşır. Ağır itkilər verməsinə baxmayaraq, Donetsk vilayətinin Lıman, Baxmut, Avdiyevka və Novopavlovka ərazilərində hücum cəhdləri davam edir”. Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov da xəbərdarlıq edib ki, Rusiya müxtəlif istiqamətlərdən böyük hücum planlaşdırır və bu, fevralın 24-ü, Rusiyanın işğala başlamasının birinci ildönümü ərəfəsində baş verə bilər: “Rusiya maksimum eskalasiyaya hazırlaşır. O mümkün olan hər şeyi cəmləyir, məşqlər, təlimlər keçir”. Danilov növbəti iki, ya üç ayın müharibədə həlledici dövr olacağını qeyd edib. Müdafiə naziri Aleksey Reznikov isə Moskvanın əsgər yığdığını, işğalın ildönümünə nəsə etməyə çalışdığını söyləyib. Fransanın BFM televiziyasına danışan Reznikov qeyd edib ki, Rusiya əsgərləri sərhədə cəmlənir və Ukrayna ordusunun dəyərləndirməsinə görə, onların sayı sentyabrda səfərbərliyə cəlb edilən 300 mindən çoxdur. Ukrayna prezidenti Volodimir Zelenski isə ölkənin şərqində cəbhə xəttində vəziyyətin ağırlaşdığını bildirib. O xatırladır ki, Rusiya qüvvələri Donetsk vilayətində şəhərləri tutmağa çalışır, eyni zamanda digər vilayətlərə hava zərbələrini davam etdirir: “İşğalçıların ölkəmizin şərqində, cəbhə xəttində hücum əməliyyatlarında artım qeydə alınır. Vəziyyət ağırlaşıb”. Zelenskinin  sözlərinə görə, ruslar fevralın 24-də müharibənin başlamasının birinci ilində cəbhədə əldə etdikləri uğurları göstərmək istəyirlər.

Nahid SALAYEV