İran casus şəbəkəsi əleyhinə Azərbaycan polisinin uğurlu əməliyyatları xarici mediada...

3 Fevral 2023 20:36 (UTC+04:00)

Görünən odur ki, Azərbaycan Daxili İşlər Nazirliyinin İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı keçirdiyi uğurlu əməliyyatlar xarici medianın diqqət mərkəzindədir. Bu yöndə Rusiya mediası keçirilən uğurlu əməliyyatlara xüsusi yer ayırıb.

Rus mediası yazır ki, Azərbaycan DİN-in keçirdiyi əməliyyatlar nəticəsində respublika ərazisində din adı altında təxribat törətmiş 39 nəfər müəyyən edilərək saxlanıb: “Saxlanılan şəxslər özlərini dindar kimi təqdim edərək, sosial şəbəkələrdə İranın xeyrinə təbliğat aparıb, Azərbaycanda dini etiqad azadlığından sui-istifadə edib. Azərbaycanda formalaşmış tolerantlıq ənənələrini sarsıtmaq məqsədilə İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər. Azərbaycan vətəndaşlarının iştirak etdiyi dini mərasimlərdə, sosial şəbəkələrdə İranın atributlarından, o cümlədən fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə edərək, dini mənsubiyyətinə görə ayrı-seçkilik və təxribat törətmək məqsədilə dinlərarası nifrət, cəmiyyətdə çaşqınlıq yaradıb, toplanan məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər”.

Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, İranın cəsus şəbəkəsinin Azərbaycanda ifşa edilməsi ilə bağlı xarici mediada məlumatların yer alması müsbət haldır: “Əvvəla, İranın cəsus şəbəkəsi harda varsa, bu, həmin ölkə üçün ciddi təhlükə mənbəyidir. Həmin təhlükə mənbəyindən hansı ölkə nə qədər tez xilas ola bilirsə, bu, onların xeyrinədir. Bu baxımdan Azərbaycan DİN-in bununla bağlı keçirdiyi uğurlu əməliyyat ölkəmiz üçün, onun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq mediada bunların işıqlandırılması o deməkdir ki, İranın casus şəbəkəsi bütün dünya üçün bir təhdiddir. Çünki bunun kökündə terror dayanır. Təsadüfi deyil ki, İran dövlət səviyyəsində terroru himayə edir. Dubaydakı bir sıra ölkələrdə terrorçuları maliyyələşdirir, onlara hərbi təlimlər keçilir. O cümlədən, Rusiya üçün də bu təhlükəlidir. Biz nəzərə almalıyıq ki, Rusiya əhalisinin 20 faizi müsəlmandır. İranın casus şəbəkəsi Rusiyadakı müsəlmanları da öz təsir dairəsinə salmağa və bundan öz məqsədləri üçün istifadə etməyə çalışır. Bu baxımdan, əlbəttə ki, Azərbaycanda İranın casus şəbəkəsinin ifşa olunması Rusiyada da böyük maraqla izlənilir. Azərbaycanda İranın casus şəbəkəsinin ifşa olunması dolayı da olsa Rusiyanın xeyrinədir. İstisna deyil ki, İran Rusiyadakı bəzi dini terrorçu təşkilatlarla əməkdaşlıq edir. Ona görə də, harda olmasından asılı olmayaraq, İranın casus şəbəkəsinin ifşa olunması normal qarşılanmalıdır. Hamı buna öz töhfəsini verməlidir. Beynəlxalq media İranın casus şəbəkəsinin ifşa edilməsinə informasiya dəstəyi verməlidir”.

Bir sözlə, Vüqar Rəhimzadə hesab edir ki, harda İranın casus şəbəkəsi varsa, bu həmin ölkə üçün təhdid mənbəyidir.

Vidadi ORDAHALLI