“Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəliləməsi ABŞ-ın dövlət katibi Entoni Blinken üçün böyük əhəmiyyət kəsb edir və Dövlət Departamenti buna böyük diqqət yetirir”. Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə deyib.
Daha sonra o qeyd edib ki, diplomat Lui Bono bu yaxınlarda həmin vəzifədən istefaya getmiş səfir Filip Rikeri əvəz edəcək: “Cənab Bono ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyi təşviq etmək üçün cəlb edilməsinə rəhbərlik edir. O, həm də sələflərinin bu rolda olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlik formatında ABŞ-ı təmsil edir. Xüsusilə bu, Bayden administrasiyası üçün davamlı prioritetdir. Cənab Bono çətin və mürəkkəb məsələlər üzərində işləməkdə əhəmiyyətli təcrübəyə malik olan şöbənin yüksək səviyyəli rəhbəridir. O, bu yeni vəzifəni öz üzərinə götürməkdə dövlət katibi Blinkenin və bu departamentin şəxsi etibarına malikdir”.
ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, Bono regional liderlərlə birlikdə Ermənistan və Azərbaycan arasında sülh prosesinin inkişaf etdirilməsində iştirak edəcək. Diplomat Avropa İttifaqı və ATƏT-lə birlikdə İrəvan və Bakı arasında birbaşa danışıqların təşkili üçün cavabdehlik daşıyacaq: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli də daxil olmaqla, hərtərəfli sülh sazişinin bağlanmasında Ermənistan və Azərbaycana kömək etmək öhdəliyi götürür”.
Qeyd edək ki, Cənubi Qafqaz üzrə bundan əvvəlki ABŞ nümayəndəsi Filip Riker idi. Riker yanvarın 5-də istefa verib. ABŞ-ın L.Bononu onun yerinə təyin etməsində əsas hədəf Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun təşviq edilməsi və buna nail olunmasıdır. Ümumilikdə, ABŞ-ın kadr dəyişikliyi nədən irəli gəlir? Azərbaycan-Ermənistan normallaşmasına ABŞ-ın yeni yanaşması necə olacaq, hansı nəticələr mümkündür? Əgər ABŞ “Qarabağ münaqişəsi”nin tənzimlənməsi mövzusundan hələ də danışırsa, bu, nə kimi perspektivlər vəd edir? Məsələnin yenidən bu cür qoyuluşu Azərbaycanın ürəyincə deyil. Çünki Azərbaycan hesab edir ki, münaqişə həll olunub. Təəssüf doğuran məqam həm də odur ki, F.Rikerin yerinə təyin olunan yeni nümayəndəni həm də ATƏT-in Minsk Qrupundakı həmsədrlik formatında ABŞ-ın təmsilçisi kimi təqdim edirlər. Məgər ATƏT-in Minsk Qrupu, həmsədrlik institutu var? Azərbaycan bunu qəbul etmədiyi halda belə təqdimat çox ziddiyətli bir addımdır. Düzdür, bu təyinat çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı sərgilənən yanaşma normaldır. Ancaq “Dağlıq Qarabağ münaqişə”sindən bəhs etmək tamamilə ziddiyətli və anormal yanaşmadır.
- Aydın Quliyev: “İndilikdə yayılmış məlumatlarda bəzi ziddiyyətli məqamlar bizdə müəyyən narahatlıqlar yaradır”
Məsələyə münasibət bildirən “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin fikrincə, ABŞ-ın yeni müşaviri yeni ziddiyyətlərlə gəldi: “Yeni müşavir təyinatının Azərbaycan-Ermənistan münasibətlərinə ABŞ-ın siyasətində hansısa dəyişiklik etmək üçün edildiyi barədə hələlik qəti bir söz deyə bilmirik. Hər şeyi gələcək göstərər...
Ancaq indilikdə yayılmış məlumatlarda bəzi ziddiyyətli məqamlar bizdə müəyyən narahatlıqlar yaradır. Məsələn, Departamentin açıqlamasında Bononun həm də ATƏT-in “Minsk Qrupunun həmsədrlik formatında” ABŞ-ın yeni nümayəndəsi kimi təyin edildiyi bildirilir. Axı “MQ və onun həmsədrlik formatı” artıq yoxdur. Azərbaycanın cənab Bononu məhz bu statusda qəbul etməyəcəyi bu başdan bəllidir. Sonra deyilir ki, yeni nümayəndənin əsas işi “Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə” nail olmaqdır. Azərbaycanın münaqişəni həll edilmiş sayması və “Dağlıq Qarabağ” ifadəsini ümumən qəbul etməməsi onu göstərir ki, Bononun bu istiqamətdə fəaliyyəti də qəbul olunmayacaq. Bu prinsipial ziddiyyətlərin ardınca hələlik qəbul edilməli bir məqam var ki, o da Bononun birbaşa Azərbaycan-Ermənistan danışıqlarını təşviq edəcəyidir...”.
- Ramil Hüseynov: “Bütün bunlardan sonra ABŞ-ın ölü Minsk Qrupunu diriltmək cəhdi sadəcə məyusluq doğurur”
Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, bütün bunlar o anlama gəlir ki, Birləşmiş Ştatlar Minsk Qrupunun var olmadığını rəsmiləşdirmək istəmir: “Baxmayaraq ki, Minsk Qrupunun mövcudluğuna 2020-ci ilin sonlarında Azərbaycan tərəfindən praktiki olaraq xitam verilib. Üstəlik, Rusiya, ABŞ, Fransa rəsmiləri tərəfindən bu və ya digər formada bəyan olunub ki, MQ artıq mövcud deyil. Üstəlik, sadalanan ölkələr tərəfindən keçmiş həmsədrlərin yerinə Cənubi Qafqaz üzrə nümayəndə təyin olunub. Konkret olaraq bundan əvvəl Filipp Riker məhz bu statusda təyin edilmişdi. Başqa bir tərəfdən, Ukrayna ilə müharibə səbəbindən Rusiya ilə birlikdə əvvəlki formatda əməkdaşlığın mümkün olmayacağını məhz Vaşinqton bəyan edirdi. Bütün bunlardan sonra ABŞ-ın ölü Minsk Qrupunu diriltmək cəhdi sadəcə məyusluq doğurur. Belə yanaşma münasibətlərin tezliklə həllinə yox, əksinə, prosesin uzanmasına xidmət edə bilər”.
Vidadi ORDAHALLI